Proqram uğurla başa çatıb! - Məktəb liderləri hazırlanır

“İşlər düzgün qurularsa təhsilimizdə, həqiqətən də, müasir çağırışlara və beynəlxalq standartlara cavab verən məktəb rəhbəri – lider obrazı formalaşacaq” 

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması


  Müasir tələblərə cavab verən məktəb liderlərinin hazırlanmasına hədəflənmiş “Məktəb liderliyi” proqramının icrası başa çatdı. Qeyd edək ki, ötən ildən start verilən sözügedən proqram Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə icra olunurdu.  Proqramın başa çatması münasibətilə dünən təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin  rektoru professor Cəfər Cəfərov proqramın məqsədinin müasir çağırışlara cavab verən məktəb liderləri hazırlamaqdan ibarət olduğunu bildirib. Rektor proqramın uğurlu nəticələr verəcəyinə inandığını vurğulayaraq deyib: “Məktəb lideri məktəbin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmalıdır.

XXI əsrin məktəb liderlərinin ərsəyə gəlməsində “Məktəb liderliyi” proqramı kimi layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var”. Cəfər Cəfərov gələcəyin məktəb liderlərinin hazırlanmasına töhfə verdikləri üçün məmnunluğunu ifadə edərək proqramın ilk məzunlarına uğurlar arzu edib. Daha sonra ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramında görülən işlərə dair təqdimatla çıxış edib. O bildirib ki, proqram yekunlaşdıqdan sonra məzunlar arasında direktor olanların sayı 29,1 faiz (14 nəfər) artıb. Proqramı bitirən məzunlar direktor, direktor əvəzi, sektor müdiri, direktor müavini, müəllim vəzifələrində çalışırlar. Könül Pirverdiyevanın sözlərinə görə, üç ay davam edən proqram çərçivəsində məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi və məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi mövzularında təlimlər keçirilib. 

Qardaş Türkiyənin Başkənt Universitetinin Təhsil İnstitutunun direktoru, “Məktəb liderliyi” proqramında “Məktəb idarəetməsi və liderlik” modulunun müəllimi Servet Özdemir çıxışında təhsildə liderliyin önəmindən danışıb. Daha sonra proqramın məzunları - S.Abdullayev adına 290 nömrəli tam orta məktəbin direktoru Yeganə Abdullayeva və 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev proqramdakı təcrübələrindən danışıb, proqramın davamı üçün təkliflərini irəli sürüblər. Sonda “Məktəb liderliyi” proqramını tədris edən müəllimlərə təşəkkür plaketləri, proqramın məzunlarına sertifikatlar təqdim edilib.

  Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə təşkil etdiyi məlum proqram  gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların hazırlanması məqsədi daşıyırdı. Proqramda iştirak üçün ümumi təhsil müəssisələrində çalışan və 5 ildən az olmayan pedaqoji staja malik ali təhsilli şəxslər üçün sənəd qəbulu elan edilib. Proqramda iştirak etmək istəyən şəxslər təqdim olunan elektron ünvan vasitəsilə qeydiyyatdan keçərək iştirakçı hüququ qazanırdı. İştirakçı seçimi isə üç mərhələdə - elektron sənəd qəbulu, test imtahanı və müsahibə - icra olunub. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndirilib. 3 ay davam edən proqram çərçivəsində müxtəlif mövzularda həftədə iki dəfə - cümə və şənbə günləri olmaqla təlimlər keçirilib. Proqram 5 modul üzrə 145 saatı əhatə edib. I Modul: Məktəbin idarə olunması və liderlik. II Modul: Tədrisin təşkili və idarə edilməsi. III Modul: Təhsildə qiymətləndirmə. IV Modul: Məktəbdə heyətin idarə edilməsi. V Modul: Məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi. Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur.

  Təhsil məsələləri üzrə ekspert Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, müasir təhsil sistemlərində məktəb direktorlarına 3 başlıca tələb irəli sürülür: 

- Müasir təhsilin tələbləri budur ki, direktor məktəbə rəhbərliyi və menecmentliyi - məktəbin gündəlik həyatı ilə məşğul olmağı həyata keçirə bilməlidir.  Rəhbərliyin həyata keçirilməsi, məktəb qarşısında duran bütün hədəflərin direktor tərəfindən aydın başa düşülməsi, problemlərin aşkarlanması və onların həlli, innovasiyaların tətbiqi və məsuliyyəti öz üzərinə götürmək deməkdir. 

Menecmentlik isə ortaya çıxan problemlərin sayını azaltmağa imkan verən sistemli yanaşmanı, təhsil xidmətlərinin göstərilməsində proqnozlaşdırmanı və davamlılığı nəzərdə tutur. Məktəb direktoru öz vəzifəsini bir neçə əsaslara söykənərək həyata keçirməlidir. Bunlar, dəyər və məqsədlərin anlaşılması, tədris proseslərini dərindən anlaması və bilməsi, şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləridir. Bütün bunlar məktəb rəhbərinə qarşı üç əsas tələbi təşkil edir. 

Dəyər və məqsədləri anlama nədir?  Direktor öz məktəbində tədris proseslərinin məqsədli inkişafına rəhbərlik edir. O, demokratik dəyərləri, ədalət prinsipini, etik davranış normalarını, fasiləsiz təhsilin vəzifələrini əldə əsas tutaraq özünü böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edir. Məktəb direktoru təhsil prosesinin müxtəlif iştirakçıları arasında lider, vasitəçidir və yerli ictimaiyyətin maraqlarına xidmət edir. 

Bu özünü direktorun məktəbdə həyata keçirdiyi strateji məqsədlərdə, məktəb mədəniyyəti, ənənələri və müsbət ab-havada göstərir. Direktor məktəbdə tədrisin yüksək səviyyədə dəstəklənməsinə nəzarət edir və məktəb həyatında qarşılıqlı hörmət mühitinin yaradılmasına xidmət edir. Məktəb direktoru özünün peşəkar fəaliyyətində ömürboyu təhsil prinsipini dəstəkləyir, şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət ilə birlikdə qarşılıqlı olaraq onun həyata keçməsinə çalışır. 

Məktəb direktoru təhsil prosesinin bütün iştirakçılarının təhsilin yüksək keyfiyyətinə can atması üçün şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə çalışır. Məktəb direktoru yüksək mənəvi, əxlaqi davranış nümayiş etdirməlidir. O, məktəb həyatının təşkilində yüksək etik dəyərləri rəhbər tutur və fəal vətəndaş mövqeyini əks etdirən demokratik dəyərlərə əsaslanır. Direktor həm şəxsən, həm də həmkarlarının iştirakı ilə yaranmış problemi dəqiq müəyyən etməli və onun müsbət həlli yollarını tapmalıdır. 

Direktorlar onların müdaxiləsinin nə zaman tələb olunduğunu başa düşməli və mümkün informasiyaların köməyi ilə öz qərarlarını qəbul etməyi və əməkdaşlarının nəzərinə çatdırmağı bacarmalıdırlar. Direktorlar səmərəli ünsiyyət qurmağı, təhsil birliyinin üzvlərini də əməkdaşlığa inandırmağı və buna cəlb etməyi, həmkarlarının fikirlərini dinləməyi, onları istiqamətləndirməyi, mübahisəli vəziyyətə birmənalı qiymət verməyi, əks-əlaqəni təmin etməyi bacarmalıdırlar. 

Ümid edək ki, “Məktəb liderliyi” proqramının iştirakçısı olmuş və proqramı uğurla başa çatdırmış şəxslər sadalanan bu keyfiyyətlərə sahib rəhbərlər olacaq və beləliklə təhsilimizdə, həqiqətən də, müasir çağırışlara və beynəlxalq standartlara cavab verən məktəb rəhbəri – lider obrazı formalaşacaq.