“Dəyişən jurnalistikanın təməl prinsipləri deyil, kontentin özüdür” 


Texnoloji yeniliklər bir çox sahələrə təsir etdiyi kimi jurnalistikaya da bəzi yeni anlayışlar, vərdişlər gətirir. Günümüzdə yeni media mühitində çoxsaylı platformalar informasiya axınını sürətləndirir, jurnalistlər bu mühitə adaptasiya olunmaq üçün yeni trendləri öyrənir və tətbiq etməyə çalışırlar. Müasir jurnalistlər rəqəmsal məcralara üz tutduqlarından onlara rəqəmsal jurnalist və ya onlayn jurnalistlər də deyilir. Ənənəvi jurnalistikadan bir çox xüsusiyyətləri ilə fərqlənən bu jurnalistlər yeni vərdişlərə, prioritetlərə, iş prinsiplərinə sahibdirlər. Bu yeni vərdişlərlə, məcralarla çalışan jurnalistikanı daha yaxından anlamaq və ümumən texnoloji inkişafın müsbət və mənfi təsirləri haqqında yeni media mütəxəssisi Səbinə İzzətli ilə həmsöhbət olduq. 

-Onlayn jurnalistika dönəmində kontentə tələblər hansılardır?

- Yeni media dönəmində jurnalistin istehsal etdiyi məzmunun tələblərindən bəhs etməzdən öncə araşdırmalı olduğumuz birinci məsələ kimin üçün yazdığımızı bilməyimizdir. Onlayn auditoriya qəzet, radio və televiziya auditoriyasından – oxucudan, dinləyicidən və tamaşaçıdan xeyli dərəcədə fərqlidir. İlk fərq odur ki, yeni media auditoriyası oxumur, o, nəzərdən keçirir. Onun saatlarla hansısa məqaləni detallı oxumağa vaxtı yoxdur. Ona görə auditoriyanın üz tutduğu yeni platformalarda məzmun yaradarkən hər məcranın öz dilini bilmək vacibdir. "Facebook"da məzmun paylaşımı ilə "Instagram" və ya "Twitter"də paylaşma formatları fərqlidir. Bu rəqəmsal kanallar kontenti və onu çatdırmaq yollarını xeyli dəyişib. Bu gün “mətn” yerinə “hipermətn” kəlməsi işlədirik. Yəni oxuduğumuz material statik hərflərdən ibarət deyil, biz asanlıqla mətn daxilində keçidlər (link) verməklə həm materialı yığcam edirik, həm də oxucunu daha ətraflı məlumatlandırırıq. Ənənəvi mediada, məsələn, qəzetlərdə bunu etmək mümkün deyil. Yəni bir hadisə barədə yazan jurnalist olay haqqında ətraflı məlumatı ön tarixçədə yazmaq məcburiyyətindədir, bu da yazını yükləmiş olur, insan gözünü yorur. İnternet səhifəsində yerləşdirilən hipermətnlər sayəsində onlayn jurnalist oxucuya daha ətraflı bilgilənmək, əlaqəli informasiyalara çatım seçimi verir. 

-Texnoloji yeniliklərin onlayn jurnalistikaya faydası ilə bərabər bəzi riskləri də vardır. Bunlar barədə danışardınız. 

- PEN America-nın baş icraçı direktoru və söz azadlığı üzrə eksperti Suzan Nosselin fikrincə, 2035-ci ilə qədər xəbər və məlumatları tamamilə sosial mediadan alan insanlar çoxluq təşkil edəcək. Artıq şahidi oluruq ki, sosial media platformaları jurnalistikaya yeni yayım formatları gətirib ki, bu da yenə birbaşa kontentə, jurnalistin istehsal etdiyi məzmuna təsir edir. Dəyişən jurnalistikanın təməl prinsipləri deyil, kontentin özüdür. Bloqçular, Yutuberlər, podkastçılar operativ, dinamik və interaktiv kontent yaratmağa davam edir. Bu durumla ayaqlaşmağa çalışan jurnalistika zaman-zaman alternativ məcralara da üz tutur. Bu yeniliklər jurnalistikanın irəliləməsinə, peşə olaraq varlığını qorumasına kömək etsə də, bəzən təməl prinsiplər unudulur, incə cizgi adlandırdığımız faktlılıq arxa plana keçir və saxta kontent gündəmə gəlmiş olur. Bu vəziyyət jurnalistlərə onu işarə edir ki, yeni mediada cərəyan edən çoxsaylı informasiya axınında “birinci mən paylaşım” psixologiyasına aldanıb məlumatı yoxlamamış ötürməsin. Xüsusən də, kütləvi faciələr, təbii fəlakətlər zamanı sosial mediada şayiələr sürətlə yayılır, bəzən yoxlanmadan, olduğu kimi ana mediada yer alan bu məlumatların da sonradan heç bir əsası olmur.

-Onlayn jurnalistikada sürətlə yayılan dezinformasiyaları doğrulamaq yollarını göstərə bilərsinizmi?

-Jurnalist kontenti heç vaxt bu qədər manipulyasiyaya məruz qalmayıb. Sosial media alətlərindən yararlanan jurnalistlər çox vaxt təməl peşə prinsiplərini unudur və məlumatı bir neçə mənbədən yoxlamadan yayımlayır, özü də bir deyil, bir neçə məcrada, fərqli formatda, sürətlə paylaşa bilir. Müharibə, pandemiya və buna bənzər hadisələr zamanı insanların həssas olduğu və qarşılaşdığı informasiyaları araşdırmadan paylaşdığı bir dövrdür. Yanlış məlumat qurbanı olmamaq və auditoriyaya əsası olmayan xəbərlər təqdim etməmək üçün hər paylaşımdan əvvəl o informasiyaları internetdəki vasitələrin də köməyi ilə yoxlamaq mümkündür. Bunun qarşısını almaq üçün jurnalistlərə həm redaksiya daxilində öyrədici təlimlər həyata keçirilə bilər, həm də auditoriya ilə media savadlılığı mövzusunda məlumatlandırıcı materiallar paylaşıla bilər. Misal, TinEye, InVID kimi çoxsaylı platformalar vardır ki, foto və ya video materialların ilkin mənbəyini təyin etməyə, informasiyanın manipulyasiyaya məruz qalıb-qalmadığını anlamağa kömək olur. Azərbaycanda Faktyoxla platforması bu istiqamətdə çox iş görür. Saytda xəbər saytlarında yerləşdirilən saxta xəbərlər ifşa olunur, bu xəbərlərin saxta olması qənaətinə necə gəlindiyi yolları göstərilir. Hesab edirəm ki, bu filtrasiyadan hər bir xəbər redaksiyası istifadə etməlidir. 

-Veb texnologiyaların inkişafı onlayn jurnalistika barədə hansı perspektivləri vəd edir?

-Hazırda dünyada ənənəvi radio stansiyaları öz formatını dəyişərək tamamən və ya qismən rəqəmsal yayıma keçiblər. Misal üçün, Norveç ilk ölkədir ki, tamamilə analoq yayımı dayandırıb, DAB (Digital Audio Broadcasting) xidmətinə keçib. 2024-cü ilin sonuna kimi İsveçrə də bu xidmətə qoşulacaq. Bütün bu trendlər onu deməyə əsas verir ki, audioyayımın dəyişimi onun formatına, üslubuna da təsirsiz ötüşmür. Eləcə də Bitkoin, Etereum kimi kriptovalyutalarla məşhurlaşan Blokçeyn əsaslı sistemlər də jurnalistikanın gələcəyində bir sıra faydalar verə bilər. Xüsusilə, bu inkişaf edən texnologiya, Kolumbiya Jurnalistika İcmalına (CJR) görə, nəticədə xəbər otaqlarına ictimai inam yaratmağa və maliyyə dayanıqlığını artırmağa kömək edə bilər. 
Proqnoza gəldikdə, veteran jurnalist Riçard Prinsin sözlərinə görə, 15 ildən sonra jurnalistika problemin həllinin bir parçası olmağa daha da yaxınlaşacaq. Xəbər istehlakçıları “həll jurnalistikası” istədikləri üçün xəbərlərdə təkcə problemlər deyil, həm də həll yolları təqdim olunacaq.

“İnformasiya müharibələri” kitabın müəllifi Riçard Stengel isə daha bədbin proqnoz verir. Xəbər mediasının gələcəkdə iki ayrı qrupa xidmət edəcəyini düşünür. Onun sözlərinə görə, birinci qrupa daxil olanlar pullu abunə haqqını ödəyə bilən insanlardan ibarət olacaq, beləliklə onlar üçün hazırlanmış çox yönlü məzmun əldə edə bilənlər olacaq. Qalan hər kəs bu imkanları olmayan media kasıbıdır. Bu qrupa daxil olanlar alqoritmlərlə daha çox insanın görməsi üçün nəzərdə tutulmuş və reklamlarla maliyyələşdirilən məzmuna məhkum olacaqlar. Keyfiyyətli kontentin əksəriyyəti ödənişli olacağından  yoxsulların çoxu onlara daxil ola bilməyəcək və daha çox dezinformasiya ilə üzləşəcək. 

Bu durumda belə bir sual yaranır: texnoloji inkişaf jurnalistikaya müsbət, yoxsa mənfi təsir etmiş olur? Bu sual ətrafında düşünməyə dəyər. Əminəm ki, sualın konkret cavabı yoxdur. Faydalı və zərərli təsirin arasında bir orta yolun olduğunu düşünək və çalışaq ki, qızıl ortanı tuta bilək.


Züleyxa Ağaməliyeva, 
BDU, Jurnalistika fakültəsi IV kurs tələbəsi