"Heydər Əliyev hüquq sahəsində mütərəqqi islahatların müəllifidir” 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Milli dövlətçiliyimizin möhkəmlənməsi
   

  Anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz  Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyində bütün sferalara xüsusi diqqət ayırdığı kimi, insan hüquqlarının qorunması sahəsində də inkişafa, beynəlxalq standartların ölkəmizdə də tətbiqinə nail olunması üçün lazımi addımların atılmasını təmin edib. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra  ölkəmiz insan hüquqları üzrə bir sıra təşkilatlara üzv qəbul olunub, insan hüquqları sahəsində beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq sənədlər ratifikasiya edilib.   Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda keçirilmiş elmi-praktik konfransda məhz bu məsələlərdən danışılıb. 

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - ombudsman Səbinə Əliyeva, Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin  Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev, Ombudsman Aparatının əməkdaşları, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən Ulu Öndərin Azərbaycanda insan hüquqlarının inkişafı və təminatı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı mühüm əhəmiyyət kəsb edən islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu, Ümummilli Lider Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmizin çoxsaylı uğurlara imza atdığını vurğulayıb. Müvəkkil qeyd edib ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqəti və qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Müvəkkil əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatların hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirildiyini bildirib. S.Əliyeva Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil bir qurum olaraq yaradılan və artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərən Ombudsman təsisatının bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, digər aidiyyəti dövlət qurumları, habelə yerli özünüidarə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığını uğurla davam etdirdiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb. Milli Məclis sədrinin müavini Adil Əliyev konfransda çıxışı zamanı bu gün Azərbaycanın ictimai-siyasi həyatında baş verən inkişafın ən böyük səbəbkarının Ulu Öndər Heydər Əliyevin olduğunu bildirib, onun keçdiyi həyat yolunun hər kəs tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb. Müasir məhkəmə siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində qoyulduğunu bildirən A.Əliyev Azərbaycanda kompleks hüquqi islahatların aparıldığını, Ümummilli Liderin sədrlik etdiyi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının da bu dövrlərdə qəbul edildiyini qeyd edib. Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnsan hüquqları üzrə milli qanunvericilik bazasının inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər bir sahədə inkişafın əldə edildiyini, insan hüquq və azadlıqlarının təmini sahəsində köklü islahatların həyata keçirildiyini  bildirib. Konfransda “Heydər Əliyev və gender siyasəti” mövzusunda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində gender siyasətinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, Ulu Öndər Heydər Əliyevin hər bir imkandan istifadə edərək hər zaman qadınları önə çəkdiyini söyləyib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xalqımıza şərəflə xidmət etdiyini, xalqın çətin vaxtlarında hər zaman onun yanında olduğunu bildirib. O,  Azərbaycan xalqının Heydər Əliyevə həmişə inandığını, bütün təyziqlərə baxmayaraq xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldiyini, Ümummilli Liderin Azərbaycanın xilaskarı olduğunu qeyd edib. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov “Qərbi Azərbaycanlıların əzəli torpaqlarına qayıdışı Ümummilli Liderin daim diqqət mərkəzində olmuşdur” mövzusunda çıxış edib, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin milli düşüncənin formalaşmasında böyük rolu olduğunu bildirib. O, Ümummilli Liderin dünya azərbaycanlılarının, o cümlədən Qərbi azərbaycanlıların problemlərini hər zaman diqqətdə saxladığını qeyd edib. 
  Milli Məclisin deputatı Kamal Cəfərov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi olduğunu bildirib, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasındakı müstəsna rolundan bəhs edib. O, ölkəmizdə gənclərə xüsusi önəm verildiyini, bu istiqamətdə bir çox islahatların həm Ümummilli Lider Heydər Əliyev, həm də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirib. “Heydər Əliyev və məhkəmə-hüquq islahatları” mövzusunda çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ulu Öndərin hakimiyyəti illərində geniş məhkəmə hüquq islahatları aparıldığını, bu sahədə əhəmiyyətli qanunların ilk dəfə həmin dövrdə qəbul olunduğunu diqqətə çatdırıb. Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev “Azərbaycanda hüquq elminin və təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək, Ulu Öndərin birinci hakimiyyəti dövründən başlayaraq, hüquq sahəsi üzrə milli kadrların yetişdirilməsinə yönəlmiş işlər gördüyünü, apardığı uğurlu siyasətlə ölkəmizdə hüquq elminə çox böyük töhfələr verdiyini qeyd edib. Elmi-praktik konfrans işini müzakirələrlə davam etdirib. 
  Keçirilən konfrans və Ulu Öndərin Azərbaycanda insan hüquqlarının qorunması sahəsındə apardığı məqsədyönlü fəaliyyəti barədə “Şərq”ə danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, insan hüquqlarının müdafiəsi sahəsində bu gün əldə edilmiş nailiyyətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd edək ki, N.Cəfəroğlu konfransda “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib: 
- Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyev hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı parçlanmadan xilas etdi. Heydər Əliyev dövlət quruculuğunda, idarəetmədə  böyük təcrübəyə, elmi-siyasi biliklərə malik idi. Əmin idi ki, ölkənin hərtərəfli inkişafında insan hüquqları, qanunçuluğun möhkəmlənməsi böyük əhəmiyyət daşıyır. Ona görə də bu sahələrdə demokratik qanunların qəbulunu vacib sayırdı. Heydər Əliyevin vaxtında bir çox qanunlara dəyişiklik edildi, mütərəqqi addımlar atıldı. Avropa Şurası ilə əlaqələrimiz genişləndi. Azərbaycan bir sıra beynəlxaq müqavilələrə qoşuldu.  11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan qətnamə qəbul edilib. Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi  Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsi idi. Onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən ölüm cəzasına moratorium qoyuldu, 1998-ci ildə isə ölüm hökmü ləğv edildi. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri oldu. Nəhayət, 2001-ci ildə Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü seçildi.