Azərbaycan dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib

Ölkəmizdə ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır

Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

  Sürətli miqrasiya və inteqrasiya prosesi ilə müşayiət olunan qloballaşma dövründə tolerantlıq prinsiplərini bərqərar etmədən dünyada qalıcı sülhə və sabitliyə nail olmaq qeyri-mümkün görünür. Heç də bütün millətlər birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verməkdədir. Azərbaycanda isə vəziyyət fərqlidir.
  Ölkəmizdə milli və dini dözümlülük tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir. Bu mənada ölkəmizi fərqləndirən cəhət tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçilərinin bir-birilərinin mədəni və mənəvi baxışlarına sayğı göstərməsidir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, adət-ənənələrin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.
  Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri mövcud qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir.
  Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
  Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt kimi, eyni zamanda milli keyfiyyət kimi də təqdim olunmaqdadır.
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da dünən jurnalistlərə açıqlamasında dediyi kimi, Azərbaycanda hər bir vətəndaş məscidlərə gedib orada ibadət edə bilər. Onun hansı məzhəbin daşıyıcısı olması müzakirə mövzusu deyil. "Azərbaycan multikultural və tolerant dəyərlərə yüksək yer verən ölkədir və Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Bu gün Azərbaycanda pravoslav kilsəsi, yəhudi sinaqoqları və digərləri azad formada fəaliyyət göstərir. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaşayan ermənilərin də öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur”.
  M.Qurbanlı bildirib ki, əsas odur ki, stabillik, dinlərarası harmoniya olsun. Azərbaycan müstəqil, dünyəvi dövlətdir. Biz bu vəhdəti, dinlərarası harmoniyanı, qarşılıqlı anlaşmanı daim qorumalıyıq: “İslami dəyərlərə ölkəmizdə yüksək yer verilir. Bu məsələ ölkəmizin siyasətində də öz əksini tapır. Biz islam cameəsində də birliyə və bütövlüyə nail olmaq üçün geniş iş aparırıq. Biz öz ölkəmizin milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə digər xalq və qurumların başqa adlar altında sirayət etməsinə imkan verə bilmərik”.
  Millət vəkili Ceyhun Məmmədov isə “Şərq”ə açıqlamasında  bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm baxımından bir çox dünya ölkələri üçün nümunədir: “Azərbaycan azsaylı ölkələrdəndir ki, burada ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Biz müsəlman xalq olaraq digər din nümayəndələrinə qarşı ayrı-seçkilik sərgiləmirik. Hər hansı başqa bir dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib. Bu da tarixən Azərbaycanda formalaşan adət-ənənədir. Ancaq zaman-zaman bu cür mövcud ənənələrə qarşı təhdidlər də olur. Bu istiqamətdə Azərbaycan dövləti hər zaman ciddi tədbirlər görür. Bu gün bir dövlətin gücü onun mənəvi dəyərləri, ölkəsindəki tolerant, multikultural münasibətlərlə birbaşa bağlıdır. Çalışmalıyıq ki, bizə dədə-babadan qalan bu möhtəşəm ənənələri gələcək nəsillərə çatdıra bilək.
  Bu gün Azərbaycanda həyata keçirilən siyasət nəticəsində ölkəmiz dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada bütün dinlərin öz dini ayinlərini sərbəst yerinə yetirmələri üçün şərait yaradılıb”.