Kosmos sahəsi kifayət qədər konservativ və risk yönümlüdür

Bakıda hansısa fövqəladə problemlər yaranarsa, Naxçıvandan da peyklərimizi idarə etmək mümkündür

Azərbaycan Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə nə baş verdiyini  yaxşı izləyir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

  Azərbaycan Respublikasının Kosmik Agentliyi İdarə Heyəti sədrinin “biz Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə nə baş verdiyini çox yaxşı görürük”, açıqlaması informasiya-kommunikasiya texnologiyaları, eləcə də kosmik tədqiqatlar sahəsində inkişafın ölkəmizin təhlükəsizliyi və müdafiə gücünün artırılmasında necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Milli Aerokosmik Agentliyinin alim və mütəxəssisləri ötən illər ərzində kosmik texnologiyaların tətbiqi və elmi kosmik cihazqayırma sahəsində bir sıra nailiyyətlər əldə edib və alınmış nəticələrin beynəlxalq miqyasda nümayiş etdirilməsinə nail olublar.

Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də kosmik sənayenin inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirib, Müdafiə Sənayesi Nazirliyi və MAKA-nın texniki tərəqqisi üçün yeni imkanlar açıb. Həmin Proqramın icrası ən müasir texnologiyalara əsaslanmış istehsal fəaliyyətinin təşkili üçün yeni nailiyyətlərin qazanılmasına, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində əsaslı rola malikdir.

 Dövrün tələbləri, ölkəmizin təkcə yerdən deyil, fəzadan da təhlükəsizliyinin tam şəkildə qorunması məqsədilə “Kosmik fəaliyyət haqqında” mövcud qanuna dəyişikliklər təklif edilir.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində Azərbaycanda kosmik fəaliyyətin prinsipləri əksini tapıb. Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

Kosmik fəzadan sülh naminə istifadə edilməsi; Milli maraqların qorunması; Kosmik resurslardan səmərəli istifadə olunması; Milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi; Kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması. Qanun layihəsində kosmik sahədə dövlət tənzimləməsi qaydaları da müəyyən edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: - kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması; - kosmik obyektlərin dövlət qeydiyyatı; - orbital mövqelərin əldə edilməsi və qorunması; - kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri. Milli kosmik operatora öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur. 

  Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməli olacaq. Qanun layihəsinə əsasən, kosmik fəaliyyət subyektlərinin Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərin idarə edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət edilir. 

Həmin kosmik obyektlərinin idarə edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. - Kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsi və həmin fəaliyyətə texniki nəzarət milli kosmik operator tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməlidir.

  “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində eyni zamanda Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonalarının yaradılması da öz əksini tapıb. 

Qanun layihəsinə əsasən, yerüstü kosmik infrastruktura həmçinin aşağıdakılar aid edilir:  kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri; kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları; kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, kosmik uçuşların yerüstü idarəetmə məntəqələri; kosmik uçuşlara hazırlıq mərkəzləri; kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri; kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr. Həmçinin Azərbaycanda kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski də açıqlanıb. Qanun layihəsində qeyd olunub ki, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilir. Kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər. Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur.

  İclasda çıxış edən "Azərkosmos" - Azərbaycan Respublikasının Kosmik Agentliyi İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, Azərbaycanda peyklərin idarə edilməsi üçün alternativ nöqtələr də var. O qeyd edib ki, kosmos sahəsi kifayət qədər konservativ və risk yönümlüdür. 

 “Bakıda hansısa fövqəladə problemlər yaranarsa, Naxçıvandan da peyklərimizi idarə etmək mümkündür”, - deyə o əlavə edib. S.Əsədov daha bir yeniliyi qeyd edərək bildirib ki, Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerləşir. Bu meridiana Malayziya hökuməti tərəfindən 90-cı illərdə ərizə verilib. Yəni bu meridianı Azərbaycan Malayziya ilə bölüşür.  İki ölkə arasındakı əlverişli əməkdaşlıq nəticəsində Malayziya bu resursu Azərbaycana vermək qərarına gəlib. S.Əsədov qeyd edib ki, ilin sonuna qədər Malayziya ilə bu proses sonlandırılacaq.  46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, kosmosa 5-6 peyk ötürə biləcəyik.  

  S.Əsədov vurğulayıb ki, kosmik fəaliyyət Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı kommersiya məqsədləri daşıyır. Onun sözlərinə görə, Azərbaycanın, Gürcüstanın bütün televiziya kanalları Azərbaycan peykləri vasitəsilə ilə yayımlanır. O vurğulayıb ki, bu gün peyklərlə bağlı Azərbaycanın xaricdən heç bir asılılığı yoxdur. Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır.  S.Əsədov qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə nə baş verdiyini çox yaxşı izləyirlər: “Həmişə lazımi məlumatları aidiyyəti qurumlara çatdıra bilirik". 

  Azərbaycan Multimedia Mərkəzinin direktoru Osman Gündüz isə “Şərq”ə açıqlamasında "Azərkosmos"la  “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına toxunaraq bunun ölkəmizin təhlükəsizliyi və müşahidə imkanlarının artması üçün böyük əhəmiyyət daşıya biləcəyini vurğuladı: 

- Müqaviləyə əsasən, "Azərkosmos" və "SpaceX" şirkəti arasında şirkətin "Starlink"  peyk internet xidmətinin Azərbaycanda  satışı üzrə razılıq əldə olunub. Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də "Starlink" peyklərinin əhatə dairəsinə daxil olmuşdu. "Starlink" internet xidməti yetərincə baha olduğundan, güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq. Xatırladıram ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi. İstənilən halda, alternativ bir internet xidməti olaraq "Starlink"in ölkəmizə gəlişi yetərincə faydalıdır. Düşünmək olar ki, "Azərkosmos" bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də "SpaceX" vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub. Daha öncə də "Azərkosmos" rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə də, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar. Qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Gözləmək olar ki, peykimizin orbitə qaldırılması ilə bağlı "SpaceX" ilə anlaşmalar elə Konqres çərçivəsində imzalansın.