Vətəndaş məmnunluğu artacaq

Azərbaycanda dərman vasitələrinin istehsalı genişləndirilir, bu, qiymətlərə də müsbət təsir edəcək

İctimai və dövlət maraqlarının müdafiəsi 

  Dərman vasitələrinin bahalığı, həmçinin keyfiyyətinə inamın azlığı son zamanlar tez-tez müzakirəyə çıxarılan mövzulardır. Əhalinin narahatlığı anlaşılandır. Səhhətində müəyyən problem olanlar həkimə müraciət edir, müayinədən keçir və onlara müalicə təyin edilir. Di gəl ki həkimin təyin etdiyi müalicədə istifadə olunacaq dərman vasitələrini apteklərdə tapmaq bəzən problemə çevrilir. Tapılanda isə qiyməti heç də hər kəsin maddi durumuna uyğun gəlmir. Çətin tapılan dərmanların qiyməti isə daha baha olur. 

Dərman preparatlarının qiyməti, bir sıra dərman vasitələrinin qıtlığı, tapılmaması Milli Məclisdə də dəfələrlə müzakirə edilib, millət vəkilləri hökumətin bu problemə diqqət ayırmasının vacibliyini vurğulayıblar. Vətəndaşların sağlamlığı, səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan dövləti məqsədyönlü addımlar atır. Əhalinin sağlamlığı, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Bu mənada dərman vasitələri ilə bağlı ortaya çıxan problemlər də həllini tapmalıdır. Millət vəkilləri də hesab edir ki, bəzi dərman preparatlarının qıtlığı və qiymət yüksəkliyinin qarşısının alınması üçün daxili istehsalın artırılması əsasdır. Bu günlərdə vətəndaşları sevindirəcək məlumat yayılıb. 

Məlumata görə, ölkədə bir sıra dərman vasitələrinin istehsalı planlaşdırılır. Bunlar əsasən sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələri olacaq.  Bu barədə TƏBİB-in məlumatında qeyd olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi - TƏBİB-in nümayəndə heyəti “R-Pharm” əczaçılıq zavodunu ziyarət edib. Nümayəndə heyətinin tərkibində TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, Resursların idarə olunması departamentinin Dərman və tibb vasitələri şöbəsinin müdiri Elmin Quliyev təmsil olunublar. 

Zavoda təşkil edilən səfər mütəxəssislərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı anlamaq imkanı yaradıb. Zavoddakı əməliyyatların böyük əksəriyyəti avtomatlaşdırılmış istehsal sistemləri ilə həyata keçirilir. İstehsalat prosesi zamanı məhsulların keyfiyyətinə hər mərhələdə nəzarət edilir ki, bu da insan amilini minimuma endirməyə və buraxılan dərman vasitələrinin keyfiyyətinə zəmanəti təmin etməyə imkan verir. TƏBİB-in nümayəndə heyəti həm tablet, həm də infuziya formalarının hazırlanması üçün nəzərdə tutulan müxtəlif istehsal xətlərinin nümayişini də izləyiblər. Qonaqlar istehsalat zonaları ilə yanaşı, əczaçılıq zavodunun laboratoriyaları və hazır məhsul anbarı ilə tanış olublar. Səfər çərçivəsində qonaqlar bütün dünyada 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan orijinal fransız preparatı Diabeton® MR-nin qablaşdırma prosesini müşahidə ediblər. TƏBİB rəhbərləri əczaçılıq zavodunun işini qiymətləndirib və respublika vətəndaşlarının keyfiyyətli dərman preparatları ilə təmin olunması sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər. “R-Pharm” zavodunun məhsul istehsaletmə gücü ildə 250 milyon ədəddən çoxdur. Burada bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. 

O cümlədən Hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər. Məlumatlarda bu da bildirilir ki, ötən müddət ərzində icbari tibbi sığorta üzrə vətəndaşlara göstərilən xidmətlər zərfində də artım müşahidə edilib. Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində müraciət edən vətəndaşlara göstərilən ambulator tibbi xidmətin sayı 16 faiz artaraq 55 min 50-yə çatıb. Aprel ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün 12 min 630 nəfər müraciət edib. Mart ayı ilə müqayisədə stasionar tibbi xidmət üçün “Yeni klinika”ya müraciət edənlərin sayı artaraq 414-ə çatıb. Əməliyyat olunan pasiyentlərin sayı isə 339-dan 410 nəfərə çatıb. Qeyd edilir ki, “Yeni klinika” tibb müəssisəsində 2022-ci il iyunun 6-dan etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur.

 Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Cənubi Qafqazın ən böyük tibb müəssisəsi hazırda ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinikadan ibarətdir. Poliklinikada, eyni zamanda urologiya, kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya və pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

 Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Milli Məclisdə müzakirələrdən sonra birinci oxunuşda təsdiq edilib. Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eyni maddədə “müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir. 

Dərman vasitələrinin istehsalı və qiymətlər barədə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizə dərman idxalı edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. “Son dəyişikliyə əsasən, hər hansı bir kimyəvi maddənin istehsalı ilə məşğul olan şirkətin hər hansı bir preparatı qeydiyyatdan keçibsə, həmin tərkibli digər növ və ölçü vahidi olan preparatların da qeydiyyatdan keçmədən ölkəyə gətirilməsi kimi bir asanlaşdırılma həyata keçirildi. Bu gün dövlətin siyasəti də ölkədə dərman preparatlarının keyfiyyətinin nəzarətdə saxlanılması ilə yanaşı, həm də qiymətlərin optimallaşdırılması məqsədi daşıyır. 

Bu, Prezident tərəfindən həyata keçirilən dövlət səhiyyə siyasətinin tərkib hissəsidir. Dünya təcrübəsində də bilinir ki, bu sadalanan məqsədlərə çatmanın ən asan yollarından biri də rəqabət mühiti və bolluğun yaradılması ilə mümkündür. Rəqabətin yaradılması keyfiyyətin artırılması ilə nəticələnməkdədir. Qeydiyyatın asanlaşdırılması yolu ilə əldə olunan bolluq isə qiymətin optimallaşdırılmasına imkan verəcək. Bu iki metodu ölkəmizdə tətbiq etmək aidiyyəti qurumlar qarşısında duran ən önəmli vəzifələrdən biridir və bu dəyişikliklər ilə gələcəkdə daha böyük uğurlara nail ola bilərik”.

  İcbari tibbi sığorta paketinə daxil olan xidmətlərin getdikcə genişlənməsi, dərman preparatlarının istehsalına başlanacağı barədə fikirlərini “Şərq”lə bölüşən həkim-terapevt Şahvələd Məmmədov səhiyyə sahəsində aparılan islahatları uğurlu adlandırdı: 

- Dərman vasitələrinin çatışmazlığı, bəzi preparatların satışda olmaması, tapılmaması, qiymətlərin də yüksək olması vətəndaşları nə qədər narahat edirsə, biz həkimləri də bir o qədər narahat edir. Hər bir həkim istəyər ki, pasiyentin sağlıq problemini qısa zamanda həll edə bilsin. Bunun üçün müasir müayinə üsulları, tibbi avadanlıqlar nə qədər vacibdirsə, müalicə mərhələsində təyin edilən dərman vasitələri də bir o qədər vacibdir. 

Bəzən pasiyentə müalicə kursu təyin edilir, amma həmin dərmanlardan hansınınsa tapılmadığını, ya da qiymətinin baha olduğunu bildirirlər. Həkim bu vəziyyətdə dərman vasitəsini digəri ilə əvəz etmək məcburiyyətində qalır. Bu isə bəzən istənilən nəticənin əldə edilməsini gecikdirir. Çox yaxşı haldır ki, sosial yönümlü bir sıra xəstəliklərin müalicəsində istifadə ediləcək dərman preparatlarının ölkəmizdə istehsalına başlanacaq. 

Bu məni çox sevindirir. Məlumdur ki, dərman vasitələri ilə bağlı yerli istehsal genişlənsə, qiymətlərə də müsbət təsir edəcək. Vətəndaş məmnunluğu da artacaq, insanların səhhətindəki problemlərin daha çevik və keyfiyyətli həllinə nail olacağıq.