MİDA-nın şərtləri jurnalistlərə uyğundurmu?

Əvvəlcə araşdırma aparılmalı idi
MİDA-nın jurnalistlərlə bağlı açıqladığı qaydalar yumşaldılmalıdır
Media sahəsində o şərtlərə cavab verən  çox az sayda jurnalist var

  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə, gənc ailə üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib. Qeyd edək ki,  şərtlərə görə, gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir.  Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. 
  MİDA-nın bu qərarı sosial şəbəkələrdə və media cameəsində ciddi müzakirəyə səbəb olub. 
  "Jurnalistlərin Mənzil İnşaatı Dövlət Agentliyinin Sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırasına daxil edilməsi media mənsubları üçün yaxşı xəbər oldu. Doğrudan da, media nümayəndələri sosial müdafiəsi zəif olan insanlar kateqoriyasına aiddir". Bu fikirləri "Demokrat.az"a açıqlamasında “Bizim.media” xəbər portalının baş redaktoru Anar Tahirov bildirib.
 A.Tahirov deyib ki, istər elektron, istərsə də yazılı mətbuatın böyük hissəsi özünümaliyyələşmə hesabına ayaqda dayanır: "Hesab edirəm ki, bu qərar uzun illər mətbuatda çalışan, bütün enerjisini və vaxtını öz işinə həsr etmiş vicdanlı həmkarlarımıza çox gözəl şans və imkan verəcək. Artıq bundan sonra MİDA-nın yeni qaydalarına görə gənc ailə üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə edə biləcəklər. Etiraf etmək lazımdır ki, bu gün media cameəsi əsasən Bakıda cəmləşib. Baxmayaraq ki, bu cameədəki insanların bir çoxu regionlarda doğulub, boya başa çatıb və işi ilə bağlı Abşeron yarımadasında yaşayan jurnalistlərin əksəriyyətinin 70-80 min manata mənzil almaq imkanı yoxdur. Ona görə də MİDA-nın son addımı uzun müddət mənzil sahibi olmaq arzusunda olan jurnalistlər üçün əsl fürsətdir. İnanıram ki, hökumətimizin bu nəcib qərarı əksər həmkarlarımızın uzun illik arzularına çatmaqda bir vəsilə olacaq".

  Media eksperti Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, jurnalistlərin  MİDA-nın şərtlərinə irad və narahatlıqları haqlıdır. Onun sözlərinə görə, media sahəsində gəlirləri qeyd olunan tələblərə cavab verən jurnalistlər çox azdır
“MİDA-nın bu istiqamətdə hər hansı bir araşdırma aparıb- aparmadıqlarını bilmirəm. Lakin belə bir qərardan əvvəl mütləq media əməkdaşlarının aylıq qazancı ilə bağlı araşdırma aparılmalı idi. MİDA-nın açıqladığı şərtlər dolayı yolla  jurnalistlərə ev vermək istəmədiklərini göstərir.  Media sahəsində o şərtlərə cavab verən  çox az sayda jurnalist var. Anlamadığım məsələ odur ki, dövlət jurnalistlərin mənzil təminatının yaxşılaşdırılmasını istəyirsə, bu cür ağır şərtlərlə sosial evlər təklif etmək nəyə lazımdır. Artıq bir neçə ildir hazır olan Jurnalistlər binası nə günə durur!? Axı cənab prezident hər zaman  “sözümüz imzamızdır” deyib. Sosial ədalət prinsipləri, jurnalistlərin dövlətə və dövlətin jurnalistlərə münasibəti baxımından da bu çox vacibdir. Binanın təməli qoyulanda da ölkə başçısı onun jurnalistlər üçün tikildiyini qeyd etmişdi. Bəs indi problem  nədir!?
  Haqq edən, mediada can qoymuş, həqiqətən evi olmayan və ya mənzil şəraiti acınacaqlı olan bir qrup həmkarımız var. Amma nədənsə, bəzi qüvvələr Prezidentin jurnalistlərə paylanması  üçün inşa etdirdiyi  evin məhz media nümayəndələrinə verilməməsi ilə bağlı dirəniş göstərir.  İndi də guya yaxşı bir təşəbbüsmüş kimi  MİDA evlərini gündəmə gətiriblər. Onsuz da sosial evlərin şərtləri ağırdı və bu  evlər bazar qiymətindən heç də aşağı qiymətə satılmır. Üstəlik də, jurnalistlər üçün ağır kriteriyalar müəyyənləşdiriblər ki, heç bir jurnalist bu layihədən faydalana bilməsin”.

  Jurnalist Cavid İsmayıl isə deyib ki,  MİDA-nın jurnalistləri güzəştli kateqoriyaya daxil etməsi təqdirəlayiq addımdır: 
“Eyni addım daha əvvəl İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən də atılıb və qurumun saytında bununla bağlı müvafiq siyahıda dəyişiklik edilib. Amma problem ondadır ki, media əməkdaşlarının əksəriyyətinin rəsmi maaşı bu güzəştlərdən faydalanmağa imkan vermir”.