“TikTok” maraqlıdır ki, platformada istifadəçilər səviyyəli olsun  - Hacıbəy Heydərli

“May ayının 12-də isə “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundovla görüşmüşdük. O görüşdə birgə əməkdaşlığımız müzakirə edildi”. 

Bu sözləri Sherg.az-a Mətbuat Şurasının təşəbbüsü ilə “TikTok” platformasında fəal olan jurnalistlərlə keçirilən görüşü dəyərləndirən  Hacıbəy Heydərli deyib. 

O, eyni zamanda“TikTok” rəsmilərinin  ötən aykı səfərini də xatırladıb:   

““TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq Mətbuat Şurasında olub. 
Ümumən, “TikTok” maraqlıdır ki, platformada istifadəçilər səviyyəli olsun. Buna görə ölkəmizdəki müxtəlif qurumlarla əməkdaşlığa səy göstərir. 
Biz də Mətbuat Şurası olaraq növbəti görüşümüzü "Tiktok"da fəal olan jurnalistlərlə keçirdik, onların problemlərini, fikirlərini dinlədik. 
Görüşdə "Tiktok"da xəbər istehsal edən və ictimai-siyasi məsələlərlə bağlı paylaşım edən jurnalistlər iştirak edirdi. 
Jurnalistlər səhifələrinin əsassız yerə silinməsi kimi halların mövcudluğunu qabartdılar.

Düşünürəm ki, görüş çox faydalı oldu. Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq  növbəti mərhələdə bu təklifləri və görüşdə səslənən fikirləri "Tiktok"un baş ofisinə çatdıracağıq. Ümid edirəm ki, görüşdən sonra sosial mediada jurnalistlərimizin aktivliyi daha da artacaq. Əsas məqsədimiz "tiktok"da faydalı kontentin yaradılması, maarifləndirici videoların çoxalması və dezinformasiyalar, feyk nyusların qarşısının alınmasıdır.

Bu istiqamətdə işlərimiz davam edəcək və növbəti mərhələdə daha geniş tərkibli görüş təşkil edəcəyik. Eyni zamanda gənc jurnalistlərin sosial media biliklərinin artırılması mövzusunda təlimlər keçirməyi də planlaşdırırıq. Bu gün sosial media dünyanın trendidir və biz də bu trendlə ayaqlaşmağa məcburuq. Fürsətdən istifadə edərək jurnalistlərimizi sosial şəbəkələrdən daha da fəal istifadə etməyə çağırıram. Yalnız bu yolla sosial mediada informasiya kirliliyinin, media virusların qarşısını ala bilərik”.