Media ekspertindən televiziyalara TƏNQİD: "Efir siyasəti bərbaddır!"

“Tək “Space” yox, bütün televiziyaların efir siyasəti bərbaddır”

Zeynal Məmmədli: “Kanalların heç biri cəmiyyətin  maraqlarını nəzərə almır. TV-lər çoxdan bilgiləndirmək, əyləndirmək funksiyalarını itirib”

“Televiziyaların auditoriyası sürətlə azalır, TV-lərin auditoriyası 50-dən yuxarı yaşı olan insanlardır”

Milli Məclisin deputatı Etibar Əliyev “Space” TV-ni sərt tənqid edib.
O, yeni direktor Vado Korovinin gözləntiləri doğrultmadığını bildirib:
  "Space" TV-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda ittiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görsənir ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə (rusca ljenauka) üstünlük verdi. Yəqin ki, yaxın günlərdə İ. Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stressə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır.
Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar”.

  Media eksperti Zeynal Məmmədli isə “Sherg.az"a açıqlamasında deyib ki, tək “Space” yox, bütün televiziya kanallarının efir  siyasəti bərbad gündədir.  İstər dövlət televiziyaları, istərsə də özəl televiziyalarda bir-birindən fərqlənən verilişlər demək olar ki, yoxdur: 

“Qanuna qalsa, kiminsə “Space”yə irad tutmağa haqqı yoxdur. Özəl kanal olduğu üçün proqram siyasətini özləri müəyyənləşdirir. Kimi istəsələr efirə çıxara bilərlər. Bəyənməyənlər baxmasın! Amma  hansısa verilişdə ciddi qanun pozuntusu qeydə alınıb, zərərli şeylərin təbliğatı aparılıbsa, bununla bağlı vətəndaşlar məhkəməyə müraciət edə bilər. Məsələ odur ki, insanları “Space”də narahat edən məqamlar digər televiziyalarda da mövcuddur. Kanalların heç biri cəmiyyətin  maraqlarını nəzərə almır. TV-lər çoxdan bilgiləndirmək, əyləndirmək funksiyalarını itirib. Televiziyaların auditoriyası sürətlə azalır,  TV-lərin auditoriyası 50-dən yuxarı yaşı olan insanlardır.  Sosial şəbəkələrdə informasiya “bombası” atılır. Televiziyalara isə ancaq seriallar və hay-küylü verilişlər üçün cüzi bir kəsim baxır.  İnsanlar bundan  narahat olmalıdır. “Space”ni tənqid edib digərinin adını çəkməmək ədalətli yanaşma deyil. Hamısı eyni gündədir. Hətta tamaşaçıların fəal yaddaşında  televiziya kanalları yox, ayrı-ayrı verilişlər var. Bəzən insanlar  izlədiyi verilişin hansı kanalda efirdə verildiyini belə bilmir. Çünki kanallarımız siyam ekizləri kimi bir-birinə bənzəyir. Xəbər formatları da, proqram siyasətləri də eynidir”.