“Bu, azad jurnalistika fəaliyyətinə kobud müdaxilədir” - Deputat

"Özünü demokratiyanın beşiyi adlandıran Fransada iğtişaşları işıqlandıran “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının hücuma məruz qalması, onlara xəsarət yetirilməsi, texnikalarının əllərindən alınması və silahla təhdid edilmələri söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndirilməlidir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkədə mətbuatın sərbəstliyi və azadlığı qorunmadığı halda, onun dünyada azadlığı necə qoruması istər-istəməz sual doğurur".
Bu fikirləri Bakupost.az -a millət vəkili Aydın Mirzəzadə deyib.
Onun dediyinə görə, Fransa bütün dünyaya demokratiya dərsi keçmək istəyir. Ancaq onun ərazisində mətbuat azad hərəkət edə bilmir, jurnalistin təhlükəsizliyi təmin edilmir:
“Biz Fransa hakimiyyətindən orada fəaliyyət göstərən jurnalistimizin sərbəst fəaliyyət göstərməsi üçün təhlükəsiz şərait yaradılmasını tələb edirik".
Millət vəkili bildirib ki, baş vermiş hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə kobud müdaxilədir:
“Fransa hökümətindən bu məsələyə münasibət bildirməyi, hadisəni ciddi araşdırmağı və səbəbkarları tapıb cəzalandırmağı tələb edirik. Azərbaycan jurnalistinin yerləşdiyi ölkədə oranın hakimiyyət orqanları tərəfindən təhlükəsizliyi təminata alınmalıdır. Baş verən hadisədə isə biz bunu görə bilmədik. Fransadan fərqli olaraq Azərbaycanda xarici jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Ölkəmizdə heç vaxt əcnəbi, o cümlədən fransalı jurnalistlərə kobudluq, qəddarlıq nümayiş etdirilməyib”.