"Azərbaycan ərazilərinə qanunsuz səfərlər torpaqlarımız işğal altında olan dövlərə təsadüf edir. İcazəsiz xarici jurnalistlər ermənilərin vasitəsilə Qarabağa gətirildi. Çox vaxt həmin jurnalistlər hara və necə aparıldıqlarını da bilmirdilər. Dövlət də hadisədən xəbər tutanda onların barəsində tədbir görürdü".
Bunu "Sherg.az"a XİN-in "qara siyahı"sından çıxarılmış xarici jurnalistlərlə bağlı danışarkən media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, xarici jurnalistlər ölkəmizə səfər etmək istəyirlərsə, leqal yollarla gəlməlidirlər:
"İndi vəziyyət dəyişib. Əzəli torpaqlarımız işğaldan azad olunub. Ermənilərin yaşadığı Xankəndi və ətraf ərazilər Azərbaycanın nəzarəti altındadır. Xarici vətəndaş daxil olmaq istəsə, Laçın postundan keçmək məcburiyyətinədir. Qarabağa qanunsuz müdaxilə imkanı yoxdur. Müvafiq orqanlar düzgün qərar verib, bunu xoş məram kimi dünyaya tanıtmalıyıq. Azərbaycanın məqsədi media, ifadə azadlığını boğmaq deyil, xarici ölkə vətəndaşlarında qanunlar çərçivəsində davranmasını təmin etməkdir. Ölkəmizə səfər etmək istəyirlərsə, leqal yollarla gəlsinlər".
Qeyd edək ki, Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adları çıxarılıb.
"Bu il, məhz “Heydər Əliyev” ili çərçivəsində və Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edilib", - bəyanatda vurğulanıb.