Azərbaycan onu ANS-lə tanıdı, AzTV ilə izləməyə davam etdi, gözəl səsini eşitdi, gülər simasını gördü... Gah ümid hekayəsini, gah da fəlakət xəbərini açıqlayırdı. Amma həyatla, onu sevənlərlə çox erkən vidalaşdı.
Jurnalist Aynur Nəsirova həmişə tələbələrə deyir ki, yaxşı telejurnalist olmaq istəyirsizsə, xəbər "xəstəsi" olmalısız. Natavan Babayeva da ürəyi xəbərlə döyünənlərdən idi. Təəssüf ki, xəbər "xəstəsi" olan jurnalist onkoloji xəstəliyin qurbanı oldu.
Onun yaxınları və həmkarları sosial media hesablarında başsağlığı mesajları yayıblar.
Bir müddət ANS TV-nin baş redaktoru vəzifəsində çalışan jurnalist Fidan Quliyeva danışır:
" Dünən 12 radələrində hava limanında idik. Səni yola salırdım Bakıya: övladının, ailənin, səni sevdiklərinin yanına. Əslində, iyulun 27-də Bakıya bərabər getməli idik, amma qəfil halı pisləşdi. Həkim məni otağına çağırdı və həyatımda ən ağır sözləri eşitdim: “Son günlərini, bəlkə də, saatlarını yaşayır. Dostunuzu ailəsinin yanına göndərin. Son”.
Yer ayağımın altından getdi sanki. Boğularaq otaqdan çıxdım. Yorğun, ağrılı, halsız gözləri mənim üzümə, hər cizgimə diqqətlə baxırdı. Mən heç nə olmamış kimi, “Natavan, bir həkim Bakıya uçur, səni onun nəzarətində Bakıya göndərək” dedim. Yanında zəng edib bilet aldım və sən demə, son 2 bilet imiş. Natavan mənə dedi: “Bu, lap nağıl kimi oldu. Həkim, son biletlər, qan köçürülür mənə… Bu nə deməkdi, Fidan?” Dedim, səni Allah çox sevir, Natavan, yolunu açır, gedəsən, uşağını görəsən. Bütün dərmanları buradan göndərəcəyik. Həmişə olduğu kimi”. Gözləri parıldadı, sevinirdi. Bu necə oldu belə? Qəfil Bakıya gedirəm… Qan vuruldu, sistemlər, dərmanlar hesabına Natavan bir az özünə gəldi, amma bilirdim, o da bilirdi ki, müvəqqətidi… Elə deyirdi, Fidan, bunu niyə mənə edirsiniz? O qədər alışmışdı ki, həmişə çətinliklərlə mübarizə aparıb… Pərvanə Sabirqızı yanımızda idi… “Bəzi şeylər qarşılıqsız olur” dedi. Müalicəsini artıq bir neçə il idi ki, Mübariz Mənsimov qarşılayırdı. Hava limanına gəldik və mən onu sonuncu dəfə yola saldım. Qucaqlaya bilmirdim, o qədər zəif idi… Xəstəlikdən bir dəri bir sümük qalan çiyninə, əlinə toxunub bərk-bərk tutdum. Özümdən aslı olmayaraq, bəlkə də, onu incitdim o vaxt. Mən bilirdim, onu bir daha görməyəcəm. Gözümün içinə baxdı Vidalaşdıq… “Qorxmuram, narahat olma. Çatanda yazacağam sənə” dedi.
İndi mən Sənə yazıram, Natavan…
Xatirələrimiz, şəkillərimiz, video, səsli mesajlarımız o qədər çoxdur ki. Amma sən yoxsan. Getdin. Mən də sənin üçün qorxmuram amma… Bilirəm, məkanın cənnətdir. Gözəl, ürkək ürəkli dostum".
Jurnalist, yazıçı Azər Qismət həmkarı ilə vəfatından 6 ay əvvəl olan dialoqunu xatırladır:
"-Azər, biz niyə ANS-də tez-tez mübahisə edirdik?
-Nə bilim, - güldüm.
-Nə qədər boş zaman itirmişik.
-Hə - yenə gülümsədim.
-Sən ölsəydin, mən sənə başsağlığı verəcəkdim. Yəqin sən mənə verəcəksən.
-Əşi, Allah etməsin.
Pilləkənlərlə yuxarı qalxırdı.
Yuxarı qalxdı.
Həmişəlik.
Tale cavan canına qıydı. Nə yaşadın ki.
Etdiyimiz mübahisələrə görə halallıq ver. Əgər orda güc tapsan, bunu et.
Nur içində yat".
Jurnalist Elçin Mirzəbəyli də onun sağalacağına çox böyük ümid bəslədiklərini vurğulayır:
"Qonşum, həmkarım, ailəliklə ən doğma adamımız kimi sevdiyimiz Natavan xanımın vaxtsız vəfatından sarsıldıq. Necə mübarizə apardığını, həyata, doğmalarına, sevdiklərinə neçə sarıldığını bilirdik. Heyf... Çox heyf...
Doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
"Real TV”nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev deyir:
"Nəfəs kimi kəsildi, bacımız!
Allah O-nu bizdən çox istədi!
Darıxacağıq hamımız. Həmişə…
Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı..ay müəllim?”
Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natavan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi!
Əlvida, əziz Natavan! Hamımızın Doğması Natavan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən Bacımız!
Qəribədir, mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil".
Jurnalist Ləman Ələşrəfqızı:
""Salam, Natış. Necəsən?".Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: "Çağırın da tibb bacısını".
Qadın məni işarə edərək soruşdu:
-Xanımı çölə çıxardım?
Əli ilə "yox" işarəsi etdi.
-Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm.
-Natış....
Mənə sıfır reaksiya...
Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.
Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. Alın, təmizdir-dedi.
Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natavan. Tanrı dağında görüşənədək!".
Deputat Razi Nurullayev N.Babayeva ilə bir neçə dəfə təmasının olduğunu qeyd edir:
"Əsasən, insanlar təmas etdikcə, iç dünyalarını açdıqca ya daha çox sevilir, ya da nifrət edilirlər. Natavan Babayeva danışmasa belə, elə səmimi və nəvazişli görünüşü ilə yüz minlərin sevgisini qazanmışdı. İndi onun haqqında hamı yazır və bu xalqın sevgisinin göstəricisidir.
Təəssüf ki, daha onu geri qaytarmaq mümkün deyil. Amma, alacağımız bir dərs var. Hamımız üçün bir dərs. Sağlığında dəyər verək insanlara! Kaş ki, ona tez-tez baş çəkəydik. Özümü də qınayıram ki, Natavanın sağlıq durumu haqqında məlumatlardan niyə az məlumatlı olmuşam. Məkanı cənnət olsun!".
İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə: "Yazmağa, deməyə söz tapmayanda insanı qəhər boğur. Allah rəhmət eləsin".
Aktyor, ssenarist Azər Aydəmir:
"Natavan xanımla elə ANS dövründə, daha sonra da, tanışlığımız və əməkdaşlığımız olub. O işinin peşəkarı və ciddi, qərəzsiz media mənsubu kimi xatirələrdə yaşayacaq. Allah rəhmət eləsin".
Telejurnalist, "İdrak” liseyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Jalə Həsənli:
"Milli Mətbuat Günü ərəfəsində ömrünün yarısını jurnalistikaya həsr edən həmkarım Natavan Babayevanın ölüm xəbərini eşitmək çox ağır oldu. Hər zaman efirdən tamaşaçılara xəbər çatdıran insanın bu gün özü xəbərə çevrildi. Təəssüflər olsun ki, həyatımızın ölüm kimi gerçəyi var. Allah rəhmət eləsin!".
N.Babayevanın yaxınları, həmkarları, sevənləri həmişə onu yad edəcək. Yeniyetməliyimizin həlim səsini arxiv görüntülərdən eşidəcəyik.
Əslində, insanı həm dəliliyə, həm də dəli olmamaq üçün başqa işlərlə məşğul olmağa sövq edən əsas motivasiya mənbəyi "ömrün sonunda hamımız öləcəyik" ifadəsi deyilmi? Müdriklərin həmişə dediyi kimi: "Ömür nə qədər yaşadığın deyil, yaşadığın müddətdə etdiklərindir”. Vəssalam, qaranlıqla savaşan jurnalistin çatdıracağı son xəbər də bura qədər imiş, studiyada Natavan Babayeva idi...
Hazırladı: Aygün TAHİR