"Sosial şəbəkələrlə media arasındakı incə xətti ayırd etməliyik"  - Hacıbəy Heydərli

"Oradakı paylaşımları olduğu kimi götürüb çalışdığımız media orqanında  dərc etsək,  ölkə mətbuatına qarşı inamsızlıq yaranar"


Şuşada keçirilən Qlobal Media Forumunda ölkə başçısı İlham Əliyevin  çıxışında diqqət çəkən məqamlardan biri sosial media ilə bağlı dedikləri idi.  Prezident sosial mediadan istifadə etdiyini, hətta bir çox hadisələr barədə  sosial mediadakı məlumatları nəvələrinin onunla bölüşdüyünü deyib: “Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur.  Sosial media paylaşılan belə  məlumatları  ailə üzvlərim mənimlə bölüşürlər. Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyirlər”.
Prezident deyib ki, sosial medianı izləmək məsələlərə “dərhal reaksiya” verməkdə ona yardım edir: “Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar, əlbəttə ki, məni də qıcıqlandırır”. 
Bu fakt da sosial medianın  ictimaiyyət və cəmiyyət, hətta dövlət üçün nə qədər önəmli faktor olduğunu göstərir.  Qeyd olunanlar göstərir ki, sosial medianın xəbər çatdırma funksiyası  rəqəmsal mediadan daha  operativdir. 

İnsanların "sosial media xəbərçiliyi”-nə üstünlük verməsinin əsas səbəbi?

Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli “Sherg.az”a  açıqlamasında  deyib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Formunda  sosial medianın rolu haqqında danışması  kifayət qədər əhəmiyyətli hadisədir:

 “ Hazırda sosial şəbəkələr təkcə ölkəmizdə deyil, bütün dünyada əsas xəbər mənbəyi və ictimai rəyə təsir edən hadisələrin cərəyan etdiyi  bir platformaya çevrilib.  Prezidentin ona  məruzə edilməyən,  gizlədilən hadisələr  barədə  sosial mediadan xəbər tutduğunu xüsusi  vurğulaması ölkəmizdə  internet və sosial media sahəsində azad  sözə verilən dəyərin bir nümunəsidir”. 

Sosial şəbəkələrin media üçün ciddi bir rəqib olduğunu vurğulayan H. Heydərlinin sözlərinə görə başlıca çatışmazlıq dəqiqləşdirilməmiş və fake xəbərlərin paylaşılmasıdır:  

“Əslində elə rəqəmsal  medianın operativlik baxımından sosial şəbəkələrə uduzmasının obyektiv səbəbi də budur.  Jurnalist aldığı informasiyanı dəqiqləşdirənə qədər hansısa bir sosial media fenomeni həmin xəbəri vaxt itirmədən öz səhifəsində paylaşır. Xəbərin  fake olduğu üzə çıxanda isə heç bir məsuliyyət daşımır. Jurnalistlər isə peşəkar mediada yaydığı hər bir xəbərə görə məsuliyyət daşıdığı üçün operativlikdən çox xəbərin dəqiqliyinə üstünlük verir. Amma bir reallığı da qeyd edim ki, son zamanlar peşəkar media orqanları da ilk mənbə kimi  sosial medianı göstərib, orada paylaşılan videolardan istifadə edirlər”.  

Baş redaktorun sözlərinə görə, sosial şəbəkələrdə vətəndaş jurnalistikası ilə məşğul olan istifadəçilərə etik davranış qaydaları və prinsiplər  aşılanmalıdır ki, onlar da yaydıqları xəbərin məsuliyyətini dərk etsinlər: 

“Sosial media yeni imkanlar yaratmaqla yanaşı, həm də yeni təhdidlər doğurur. Məhz belə şəraitdə bu günün jurnalistikasının, xüsusən də xəbər agentliklərinin qarşısında duran əsas məsələ hər bir insanın həyatının ayrılmaz hissəsinə çevrilmiş internetlə, sosial şəbəkələrlə qarşılıqlı fəaliyyətdə olmaq və eyni zamanda, informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamaqdır.

Əks halda sosial mediad yayılan hər hansı bir əsassız xəbər ölkədə xaos və digər neqativ hadisələrin yaranmasına səbəb ola bilər. Media nümayəndələri olaraq biz də sosial şəbəkələrlə media arasındakı incə xətti ayırd etməliyik.  Oradakı paylaşımları olduğu kimi götürüb çalışdığımız media orqanında  dərc etsək,  ölkə mətbuatına qarşı inamsızlıq yaranar. Heç bir informasiyanı dəqiqləşdirmədən  dərc etmək olmaz”.

Şəymən