"Azadlıq"da azadlıq qalmayıb - Arif Əliyev

Arif Əliyev: "Öz dəsti-xətti, peşəkar kollektivi, gözəl iş mühiti olan redaksiyanın bugünkü durumundan narahatam"


“Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi və media təmsilçisi Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan Xidməti ilə bağlı iddiaların şəffaf araşdırılmasına çağırış edib.
Onlar Azadlıq radiosunda baş verənlərin ciddi araşdırılmasını tələb ediblər. Aralarında mən də varam”. Bu sözləri sosial media hesabında jurnalist Çingiz Sultansoy yazıb.
Qeyd edək ki, radioda ədalətsiz idarəetmə qeyri-şəffaf fəaliyyət, disskriminasiya, bullinq və işçilərə qarşı digər kobud davranışlara etiraz edən media təmsilçiləri baş verənlərin ciddi araşdırılmasını tələb ediblər.
Azadlıq radiosunun Azərbaycan Xidməti ilə bağlı iddialara diqqət çəkmək məqsədilə bu addımı atan şəxslər qeyd edib ki, radio rəhbərliyinin əməkdaşlarına qarşı təzyiqləri və pis rəftarı, onun müstəqil və qərəzsiz media prinsiplərinə sadiqliyini pozması dərin narahatlıq doğurur. Üstəlik, şəffaf araşdırmanın aparılmaması və radioda kök salmış mənfi təcrübələrə işarə edən əsaslı iddiaların təkzib edilməsi radionun jurnalist dürüstlüyünə sadiqliyi ilə təzad təşkil edir: “Biz həm Bakıda, həm də Praqada işçilərin səkkiz il ərzində uzun müddət davam edən pis rəftar və təhdidlərlə üzləşməsindən dərin narahatıq. Natiq Zeynalov, Şahnaz Bəylərqızı kimi qiymətli jurnalistlər Xidmət rəhbərliyinin səhlənkarlığı və biganəliyi ucbatından bu qurumu tərk ediblər.
Araşdırmaçı-jurnalist Hafiz Babalı və tənqidçi reportyorlar Kamran Mahmudov, Gülnur Kazımova, İslam Şıxəli, Orxan Rüstəmzadə, Rəvan Seyfulla, Arzu Çinarlı (Əliyeva), Ramin Cəbrayılzadə (Deko), Turxan Kərimov (Qarışqa) və Namiq Hüseynov haqsız yerə işdən çıxarılıb.
Tələb edirik ki, adları çəkilən jurnalistlərin xidmətdaxili redaksiya-idarəçilik fəaliyyətinin pis idarə olunması ilə bağlı ictimai ifadələri ədalətli, müstəqil və qərəzsiz araşdırma üçün ciddi qəbul edilsin. Həmin reportyorlar Azərbaycan vətəndaş cəmiyyətinin və tənqidi medianın etibarlı şəxsləridir. Bundan əlavə, iddiaların hazırkı vəziyyəti Azərbaycan ictimaiyyəti qarşısında radionun nüfuzunu aşağı salır. Biz həmçinin Xidmətin rəhbərliyi ilə bağlı maliyyə pozuntuları iddiaların araşdırılmasının vacibliyini vurğulayırıq. Keçmiş əməkdaşların və radionun fəaliyyəti ilə tanış olan vətəndaş cəmiyyəti fəallarının ciddi iddiaları düzgün araşdırma tələb etsə də, onların həlli üçün konkret tədbirlər hələ də yoxdur”.
Müraciətdə qeyd olunub ki, rəhbərliyin davranışları Azadlıq Radiosunun Etik Jurnalistika Standartları (Peşəkar Müstəqillik və Pozulmalar və İntizam Hərəkətləri), USAGM-nin Bərabər Məşğulluq İmkanları siyasətinə və Jurnalistlərin Hüquq və Vəzifələri Bəyannaməsi ilə bağlı Münhen Xartiyasına birbaşa ziddir. Nizamnamədə göstərildiyi kimi, redaksiya heyəti müəssisənin işinə təsir göstərə biləcək bütün vacib qərarlar barədə mütləq məlumatlandırılmalıdır. Ən azı redaksiya heyətinin tərkibi ilə bağlı bütün məsələlər üzrə qəti qərar qəbul edilməzdən əvvəl onunla məsləhətləşmələr aparılmalıdır. Xüsusən də, jurnalistlərin işə qəbulu, işdən çıxarılması, dəyişdirilməsi və vəzifədə yüksəldilməsi məsələləri:
“Bu halları nəzərə alaraq, biz qəti şəkildə inanırıq ki, Xidmətdəki bu vəziyyət dərhal şəffaf və obyektiv şəkildə həll edilməlidir. Azadlıq radiosunun jurnalistika sahəsindəki əhəmiyyətini qiymətləndirən vətəndaş cəmiyyətinin üzvləri olaraq biz, hazırda prezident səlahiyyətlərini icra edən direktor Jeff Gedmini Xidmətin prinsiplərə sadiqliyini bərpa etmək və ictimai imicini yaxşılaşdırmaq üçün müstəqil araşdırma aparmağa çağırırıq”.
Qeyd edək ki, Azadlıq radiosu iddiaları təkzib edərək AzadAvropa/AzadlıqRadiosunun azad və ədalətli jurnalistikaya sadiq olduğunu qeyd edib.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə “Sherg.az"a açıqlamasında Azadlıq radiosunda yaşananların onda böyük təəssüf doğurduğunu deyib:

“Azadlıq radiosu mübarizliyi, professionallığı ilə seçilən media orqanıdır. Vaxtı ilə öz dəsti-xətti, peşəkar kollektivi, gözəl iş mühiti olan redaksiyanın bugünkü durumundan narahatam. Orada çalışan jurnalistlər də hər zaman yüksək standartlarla işləyib. Lakin son dövrlər müşahidə edilən proses arzuolunan deyil.
Bildiyim qədəri ilə Azadlıq radiosunun idarəçiliyindən narazı olan jurnalistlər kobud rəftar və üzləşdikləri təhdidlərlə bağlı yerli jurnalist təşkilatlarına müraciət etməyib. Şikayətlərini birbaşa Azadlıq radiosunun prezidentinə ünvanlayıblar. Ümid edirəm ki, rəhbərlik bu müraciətlər əsasında ciddi araşdırma aparacaq və bir nəticə hasil olacaq. Xeyli vaxtdır orada daxili narazılıqlarla bağlı söz-söhbətlər vardı. Görünür, uzun müddət yığılıb qalan və həll olunmayan problemlər qurumun əməkdaşlarını bu həddə çatdırıb”.
A. Əliyevin sözlərinə görə, xarici strukturlar daxili narazılıq olan qurmlarda hərtərəfli və şəffaf şəkildə araşdırma aparmaq üçün araşdırma müddətində həmin struktura rəhbərlik edən şəxslərin fəaliyyətini müvəqqəti olaraq dayandırır. Amma bu onların işdən çıxarılması anlamına gəlmir. Ancaq məsələ aydınlaşandan sonra rəhbərliyin qalması, ya da başqası ilə əvəzlənməsi barədə qərar verir.