Xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında

Parlament Jurnalistlər Birliyinin (PJB) dəvəti ilə ölkəmizdə səfərdə olan xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında olublar.

Modern.az-ın məlumatına görə, İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərlə görüşdə bildirib ki, illər öncə öz evlərindən qovulan Qərbi azərbaycanlılar indi sülh yolu ilə geri qayıtmaq, Ermənistan vətəndaşlığını qəbul edib yaşamağa hazırdırlar:

“Bununla bağlı Qərbi Azərbaycan İcması tərəfindən həm Ermənistan hökumətinə, həm də Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün beynəlxalq qurumlara müraciət olunub”.

Görüşdə Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin törətdiyi cinayətlərin 200 illik tarixindən, Ermənistanın XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən, azərbaycanlıların yaşadığı torpaqlarda törədilən vəhşiliklər, tarixi abidələrin, qəbiristanlıqların dağıdılması, tarixin izlərinin süni olaraq silinməsi cəhdlərindən bəhs edilib.

Ə.Ələkbərli illər boyunca təqiblərə, deportasiyaya məruz qalan qərbi azərbaycanlıların artıq dinc dövrdə hüquqlarının sülh yolu ilə təmin olunması istiqamətində fəaliyyətə başladıqlarını, Qayıdış Konsepsiyasının hazırlandığını vurğulayıb.

Bildirilib ki, İcma nümayəndələri Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir. Həmçinin diqqətə çatdırılıb ki, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan isə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş olunur.

 Qeyd edək ki, görüşdə Böyük Britaniyadan “Daily Mail”,” Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven, Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili, həmçinin Tərəfsiz (Parlament) jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak ediblər.