Son zamanlar ölkədə və dünyada bir çox tarixi hadisələrin yaşandığının şahidi oluruq. Məsələn, Xankəndidə üçrəngli bayrağımızın dalğalanması, ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları və sairə. Xalqımızın bu fərəhli günləri ilə yanaşı dünyada gedən müharibələr, baş verənlər də önəmli mövzular sırasındadır.
Təəssüflər olsun ki, sadaladıqlarımızdan çox sosial şəbəkələrdə intiharlar, bəzi şəxslərin ifşa görüntüləri müzakirə olunur.
Bu vəziyyətin yaranmasına səbəb nədir? Oxucuları niyə başqalarının şəxsisi daha çox maraqlandırır, nəinki bu tipli ciddi məsələlər...
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında qeyd edib ki, ümumiyyətlə cəmiyyətdə aktual mövzuları gündəmdə saxlamaq medianın bir nömrəli vəzifəsidir:
"Əgər bizim mətbuat, saytlar, qəzetlər, televiziya və radiolar əsas məsələləri qoyaraq, 2-ci, 3-cü dərəcəli əhəmiyyətsiz mövzuları gündəmdə saxlayırsa, şübhəsiz ki, bu jurnalistika işi sayılmır. Son günlər Azərbaycanın ictimai, siyasi, hərbi və mədəni həyatında o qədər maraqlı hadisələr var ki, media bunları işıqlandırmağa sanki yetirmir. Bəzən isə elə təsəvvür yaranır ki, ümumiyyətlə ölkədə gedən proseslərdən media qurumlarının xəbəri yoxdur. Ona görə də, əgər mətbuat bunları işıqlandırmırsa, deməli, baş verən hadisələri izləmir. Günün olaylarını aktual mövzuya çevirməyən və ictimai rəyə mesajlar verə bilməyən mətbuat orqanları nə işlə məşğuldurlar?
Mətbuatın əsas işi yenilikləri və gerçəklikləri cəmiyyətə çatdırmaqdır. Nəinki saytlar və qeyriləri bizim televiziyalar, yutub kanalları gündəmi daha operativ işıqlandırır.
Ola bilsin ki, saytlar bir neçə mövzu verirlər. Amma dizayn baxımdan elə yerləşdirirlər ki, həmin mövzular nəzərə çarpmır. Halbuki sayt açılan kimi mühüm hadisələr göz önündə olmalıdır. Yəni, ən azı 4-5 mövzu manşet kimi ön sırada olmalıdır ki, ölkədə hansı proseslər gedir və nə kimi problemlər ilə məşğuldurlar. Bu yaşanan problemlərin əsas səbəbini yenilik hissini duymamaq və peşəkarlığın olmaması ilə əlaqələndirirəm. Redaksiyada əyləşən və jurnalistika fəaliyyəti ilə məşğul olan şəxsin əli bütün informasiya kanallarının üzərində olmalıdır. Bununla yenilikləri operativ şəkildə oxucu auditoriyasına çatdırmalıdır. Əgər bunu etmirsə, deməli, onların əsas məqsədi cəmiyyəti məlumatlandırmaq deyil, tamamilə başqa şeylərdir".