"Report" 9 yaşında: "İnqilabi planımız yoxdur" - Baş redaktorla MÜSAHİBƏ

"İlk gündən eyni amalla irəliləyirik"

"Gələcək üçün inqilabi bir planımız yoxdur. Başlıca məqsədimiz dəqiq xəbər ünvanı statusunu qoruyub saxlamaqdır"

  “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 9 il ötür.
Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən doqquz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.
  “Report.az”-ın ad günü münasibətilə “Sherg.az” Agentliyin fəaliyyəti istiqamətində baş redaktor Murad Əliyevlə həmsöhbət olub.
  Ötən 9 ilə qısa bir nəzər salan baş redaktor deyib ki, ilk yarandığı gündən etibarən “Report”un qarşıya qoyduğu məqsədlər ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etməkdən ibarət olub. Gündəmin vacib hadisələri ilə bağlı eksklüziv açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaq da prioritetlərimiz arasındadır.

- Agentliyin bugünkü durumu ilə bağlı qənaətiniz nədir? İndiki səviyyə sizi qane edirmi?

- 9 il bundan əvvəl, yəni 2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən onlayn media resurslarının sayı kifayət qədər idi deyə, ictimaiyyət yeni bir agentliyə ehtiyac olmadığı qənaətində idi. Lakin biz bütün inamsızlıqlara rəğmən “Report”u yaratdıq və ötən bu illər ərzində fəaliyyətimizlə sübut etdik ki, keyfiyyətli, operativ və qərəzsiz məlumat istehsal etməklə istənilən sayda media orqanı arasında seçilmək və media bazarında özünəməxsus yer tutmaq mümkündür. “Report” yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
"Report" Agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.
Əldə etdiyimiz uğurlara rəğmən bununla kifayətlənmirik. Biz hər gün inkişaf etməyin və irəli getməyin tərəfdarıyıq. Rəqəmsal mediada proseslər o qədər sürətlə gedir ki, yeni çağırışları nəzərə alaraq, öz fəaliyyətimizdə daim yeniliklər etməyə çalışırıq. Gündəlik olaraq redaksiya kollektivi ilə toplaşıb görüləcək işlərlə bağlı müzakirələr edir, həmin gün hansı mövzuya, hansı hadisəyə diqqət edilməlidir, o barədə müzakirələr edirik.

- Bu gün media sahəsində çatışmazlıqlar çoxdur. Əsas problem isə İP məsələsidir. Bir çox saytlar baxış sayı üçün hər cür xəbəri yayımlayır. Bəs İnformasiya Agentliyi olaraq sizin əsas prinsipləriniz nələrdir? İP dalınca qaçırmısınız, amma daim ilklər sırasında yer alırsınız. Bunun sirri nədir?

- Qeyd etdiyim kimi, İnformasiya Agentliyi olaraq bizim əsas prinsipimiz etibarlı informasiya mənbəyi, istinad mənbəyi olmaqdır. İlk gündən məhz bu məqsədlə yola çıxmışıq, bu gün də həmin amalla irəliləyirik. Azərbaycanda fəaliyyət göstərən yüzdən çox xəbər saytı “Report”un məlumatlarını istinadla yayımlayır. Ölkəmizdə baş verən hər hansı bir hadisə ilə bağlı material hazırlayan xarici KİV də məhz “Report”un xəbərlərinə istinad edir.
  İP məsələsinə gəldikdə isə “qışqıran” başlıqlarla daha çox oxucunun diqqətini çəkmək olar. Amma bunu heç bir halda dayanıqlı bir tendensiya hesab etmirəm. Ona görə də bizim məqsədimiz sabit oxucu kütləsi toplamaq və onların maraqlandığı mövzular üzərində işləməkdir. Çox şükürlər olsun ki, “Report”un kifayət qədər oxucu kütləsi var və bu say getdikcə artır. Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq "Report.az" bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

- Agentliyin kollektivi hazırda neçə nəfərdir? Əsas yük kimlərin üzərinə düşür?

- Agentlikdə ümumilikdə 90 nəfər çalışır. Texniki heyəti çıxsaq, 40-a yaxın jurnalist fəaliyyət göstərir. Əsas yük isə yaradıcı heyətin, yəni müxbirlərlə redaktorların üzərinə düşür. İş proqramaları isə xəbərin tapılması, emal olunması, dərc edilməsi, daha sonra isə həmin xəbərin tərcüməsi, sosial şəbəkələrdə paylaşılması və s. kimi məsələlərdən ibarətdir.

- Bəs, mövzu seçimində nələrə diqqət edirsiniz? "Report"un oxucuları cəmiyyətin hansı təbəqəsidir?

- Bütün sahələrə toxunuruq. Ayrı- ayrılıqda siyasət, iqtisadiyyat, xarici siyasət şöbələrimiz var və hər birinin də öz gündəmi var.
Maksimum dərəcədə ölkədə və dünyada baş verən hadisələrə biganə qalmamağa və öz baxışımızı təqdim etməyə çalışırıq
.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Gələcək üçün inqilabi bir planımız yoxdur. Başlıca məqsədimiz dəqiq xəbər ünvanı statusunu qoruyub saxlamaqdır. Feyk, dəqiqləşdirilməmiş xəbərlər içərisində həm operativ, həm də doğru xəbəri vermək çətin prosesdir. Xarici mediaya inteqrasiya etmək məsələsi də əsas planlarımızdan biridir.
  Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif məzmunlu yazılar hazırlayır.
  Müxbirlərimiz vasitəsilə həmin ölkələrin mediaları ilə sıx əlaqələr qurmağa çalışırıq. Agentlik eyni zamanda Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

P.S “Şərq” qəzeti kollektivi olaraq “Report.az”-da çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq.