“PRESS”lər yığışdırıldı: Sui-istifadənin qarşısı alınır...

Mətbuat Şurası “PRESS” yazılmış gödəkçələrin verilməsini dayandırıb.

Səbəb də  sosial şəbəkə profillərində bəzi şəxslərin üzərində “PRESS” yazılmış və Şurasının loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair yayılan görüntüləridir.  
Qeyd edək ki,“PRESS” gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır. 

Məsələ ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədri Rəşad Məcid isə “Sherg.az”a açıqlamasında deyib ki,  “PRESS” gödəkçələrin verilməsi təxminən üç ay əvvəldən dayandırılıb: 

“Əslində verilmə müddət qısa çəkdi. Gördük ki, media orqanı kimi fəaliyyət göstərən, yəni müvafiq dövlət qurumundan hüquqi şəxs, vergi ödəyəcisi kimi qeydiyyatdan keçənlər Şuraya üz tuturlar. Əlbəttə, belələrinin böyük ölçüdə jurnalistikaya aidiyyatlarının olmadığını da gördük. Ona görə prosesi dayandırdıq”. 
Kimlərə “PRESS” gödəkçə verilə bilər sualının  cavabına gəldikdə isə R. Məcid deyib ki, ilk baxışdan bu məsələdə  heç bir problem olmamalıdır. Yəni, biz belə düşündük:

 “Ona görə sadə mexanimz müəyyənləşdirdik - redaksiya imzalı, möhürlü yazılı qaydada müraciət etsin və orada “PRESS” gödəkçə əldə etmək istəyini açıqlasın. Nəticə etibarilə qəribə mənzərə yarandı. Şuraya bunun üçün elə adamlar gəlməyə başladılar ki, bildirdiyim kimi, onların jurnalistikaya aid olmadığını müəyyənləşdirmək çətinlik törətmirdi. Ancaq başqa çətinlik yarandı. Belələrinə necə etiraz edək?Bilirsiniz, biz hamımız uzun illərdir media sahəsindəyik. Hər kəsi yaxşı tanıyırıq. Kimin hara qədər jurnalist olduğunu da gözəl bilirik. Amma meyar müəyyənləşdirirsənsə, qayda qoyursansa, burada prinsipial baxış olmalıdır. Ümumən media sahəsindəki spekulyasiyalardan da xəbərdarıq. Ona görə “PRESS” gödəkçələrin verilməsini dayandırdıq ki, onların verilməsi üçün nəzərdə tutduğumuz baxışın spekulyasiyalardan sığortalana bilməyəcəyini hiss etdik. Bir neçə gün əvvəl baş verənlər də onu göstərdi ki, düşüncəmizdə yanılmamışıq.  Amma göründüyü kimi, Mətbuat Şurasına qarşı da ittihamlar səsləndi. Bildirildi ki, Şura, necə deyərlər, kimə gəldi “PRESS” gödəkçə verib. Halbuki diqqət yetirəndə görürdük ki, yayılmış bir sıra görüntülərdə yer alan gödəkçələr bizə məxsus deyil. Kimlərsə onları özləri fərdi şəkildə hazırlayıblar”.

MŞ sədrinin dediyinə görə, “PRESS” gödəkçələrin konkret olaraq kimlərə  verilməsi ilə bağlı hansısa hüquqi tənzimləmə meyarı yoxdur. Qanunda isə  ümumən jurnalist adından sui-istifadənin yolverilməzliyi bildirilir:

 “Bunu əynində gödəkçə ilə də edə bilərsən, gödəkçəsiz də. Eləcə də jurnalistikadan sui-istifadə kontekstində yol verilən qanun pozuntularının da dairəsi əməldən və vurulmuş ziyandan asılı olaraq, geniş və məhdud götürülə, cəza da buna müvafiq müəyyənləşdirilə bilər.  Yəni söhbət yalnız “PRESS” gödəkçələrdən getmir. Görürük ki, sahəyə aidiyyatı olmayan şəxslər minik avtomobillərinin önünə və ya arxasına “PRESS” lövhələr vururlar. Təbii ki, bunlar məqsədli şəkildə edilir. Məhz belə spukulyativ yanaşanların əməllərinin sonradan hüquqi baxımdan qiymətləndirilməsi üçün əsasların yarandığını da görürük. Ümumən hazırkı durum məsələyə kompleks yanaşma zərurətini meydana çıxarmaqdadır. Mətbuat Şurası mövcud istiqamətdə müvafiq tədbirlər reallaşdıracaq. Onu da deyim ki, yeni gödəkçələrin hazırlanması və onların verilməsi qaydaları ilə bağlı iş gedir”. 

R. Məcid deyib ki, atılan sözügedən qərar jurnalistikanın nüfuzunun qorunmasına hesablanıb: 

“Biz razı ola bilmərik ki, kimlərsə bu sahəni özləri üçün alətə çevirsinlər, onu cəmiyyətin gözündən salsınlar. Mətbuat Şurasının fəaliyyət qayəsi də belə hallara qarşı mübarizədir. Ona görə də ilk növbədə səlahiyyətimizə uyğun olaraq maarifləndirmə işləri aparırıq. Nəinki belə hallar, ümumən digər manipulyativ hərəkətlər, jurnalistikadan sui-istifadə meyilləri ilə bağlı ictimai müzakirələr təşkil edirik, açıqlamalar yayır, konkret hallara dair reaksiyamızı ortaya qoyuruq. Düşünürəm ki, “PRESS” gödəkçələrin verilməsi prinsipləri də cəmiyyətə, media ictimaiyyətinə mesaj kimi açıqlanan hadisə olmalıdır. Hazırda onun formalarını düşünürük.  Əlbəttə, mediadan sui-istifadə təmayüllərinə qarşı mübarizədə müvafiq qurumlarla koordinasiyalı şəkildə işləməyə də ehtiyac var. Şurasının Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyası fəaliyyətdədir. Komissiyaya Baş Prokurorluğun, Daxili işlər, Ədliyyə Nazirliklərinin əməkdaşları daxildir”.