MEDİA və XRİTDX internetdə yayılmış saxta məlumatla bağlı açıqlama yayıb  

Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan  Prezidenti İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib.

Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
MEDİA Agentliyi Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyir.