Mətbuat köşkləri təyinatı üzrə istifadə olunmur.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Bakının küçələrində qəzet köşklərində siqaret satılmasına hamı göz yumur: “Bu köşklərdə hər şey satılır: siqaret, saqqız. Halbuki bunlar qəzet, mətbuat köşkləridir. Təyinatı üzrə istifadə olunmursa, bu köşklər niyə var?”
Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcid "Sherg.az"a söyləyib ki, uzun illərdir qəzet köşklərində başqa məhsulların satılmaması ilə bağlı çoxlu müzakirələr aparılır:
"Hətta, Mətbuat Şurasında köşklərin sahibləri ilə görüşlər keçirilib. Ancaq indiki vaxtda qəzet alıcılığı ikinci plana keçib. İnsanlar elektron variantlara üstünlük verirlər. Ona görə bu bizim yaralı yerimizdir. Arzulayardıq ki, qəzet alanların sayı artsın və köşklərdə qəzetə biganəlik aradan qalxsın. Sabir Rüstəmxanlının zamanında həm mətbuat naziri, həm də bu işə bələd olan biri kimi narahatçılığını doğru hesab etmək olar. Bu mövzunu bir daha gündəmə gətirdiyi üçün də təşəkkürümüzü bildiririk. Ümid edirik ki, problem qısa zamanda həll olunacaq və yayım idarələri qəzet satışına həssas yanaşacaq".