Müşfiq Ələsgərli: Dünyada yayılan informasiyaların 60 faizindən çoxu feykdir

Bu da problemin nə qədər böyük olduğunu göstərir


  Dünyada Şuşa Qlobal Forumuna marağın artması onu deməyə imkan verir ki, qarşıdakı illərdə də bu forum keçiriləcək və trendə çeviriləcək.

Şuşada keçirilən  2-ci Qlobal Media Forumu başa çatıb. İyulun 20-də öz işinə başlayan və üç gün davam edən Forumda  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”  mövzusu ətrafında fikir mübadiləsi aparılıb. 
50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb. Xatırladaq ki, Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumunun açılış mərasimində iştirak edib və jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
  Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğundan bəhs edib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ona qarşı müxtəlif sferalarda, xüsusən də beynəlxalq kütləvi informasiya vasitələrində qarayaxma kampaniyaları aparılıb: “Ölkəmizin ərazisinin bir hissəsi işğal altında olanda bu kampaniya daha intensiv davam etdirilib. Hədəf həmin ərazilərin guya ermənilərə məxsus olduğunu təbliğ etmək, beynəlxalq ictimaiyyəti buna inandırmaq, bölgədə yerləşdirilən bu etnik qrup təmsilçilərinin rəsmi Bakı tərəfindən diskriminasiyaya məruz qoyulduğunu çatdırmaq idi.
Bir sıra hallarda beynəlxalq vasitəçilik missiyasını həyata keçirənlər və onların müttəfiqləri bu yalanlara inanmağa çalışır, ermənilər və onların havadarlarının təbliğatına uyurdular”.
  Dövlət başçısı Azərbaycana qarşı təbliğatda erməni diasporunun oynadığı aparıcı roldan danışaraq bildirib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.

  Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də “Sherg.az”a açıqlamasında deyib ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. Forumda beynəlxalq media məkanını narahat edən çox ciddi məsələlər müzakirə edilib, çıxış yolları axtarılıb: 

“Forumda dezinformasiyanın təsirinin və əhatə dairəsinin müəyyənləşdirilməsi, süni intellektin burada oynadığı, oynaya biləcəyi mənfi-müsbət məqamlar, cəmiyyətdə media savadlılığının artırılması və s. mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Dezinformasiya  dünya üçün bir nömrəli problemlərdən biri hesab edilir. Hətta deyərdim ki, saxta xəbərlər və onunla mübarizə məsələsi qlobal trendə çevrilib. 
Beynəlxalq media nəzəriyyə mərkəzlərinin apardıqları  araşdırmalara görə, dünyada internet üzərindən yayılan informasiyaların 60 faizindən çoxu feykdir. 
Bu da problemin nə qədər böyük olduğunu göstərir. Məhz buna görə də Şuşa Qlobal Media Forumu kimi tədbirlərin köməkliyi ilə dezinformasiyaya qarşı mübarizə aparılmalı və müəyyən mexanizmlər qurulmalıdır. Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı foruma 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb. Dünyada Şuşa Qlobal Forumuna marağın artması onu deməyə imkan verir ki, qarşıdakı illərdə də bu forum keçiriləcək və trendə çevriləcək. Prezident İlham Əliyevin  Qlobal Media Forumdakı çıxışında da qeyd etdiyi kimi dünya çox kiçikdir: “Özünə hörmət edən istənilən KİV, yaxud informasiya mənbəyi obyektiv, qərəzsiz, doğru, balanslı informasiya yaymağa borcludur. Onların əks istiqamətdə fəaliyyət göstərməsi peşə əxlaq kodeksinə zidd olmaqla yanaşı, mənbənin etibardan düşməsi ilə nəticələnir”.
  
Müzakirəyə çıxarılan məsələlər və həmin məsələlərin həlli üçün irəli sürülən təkliflər baxımından Şuşa Qlobal Media Forumunun əhəmiyyətli olduğunu vurğulayan M. Ələsgərli  deyib ki, Forumda çıxış edən qonaqların əksəriyyəti media mütəxəssisi, dünya informasiya məkanında söz sahibi olan insanlardır:
“2-ci Şuşa Qlobal Media Forumunu bizim üçün əhəmiyyətli edən məqamlardan biri onun Azərbaycanın işğaldan azad olunmuş və sürətlə bərpa edilən mənəvi paytaxtımız Şuşada keçirilməsidir. Şuşamız Qlobal Media Forumunda dünyaya yeni simada təqdim olunur. Şuşa Qlobal Media Forumunda KİV nümayəndələri ilə yanaşı, region ölkələrinə, beynəlxalq ictimaiyyətə, habelə Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyən, buna can atan dövlətlərə “yenilənmə”, "təhriflərdən arınma", “reallığın qəbul olunması” kimi ismarışlar göndərib. Bilirsiniz ki,  dezinformasiyanın və manipulyativ informasiyanın, yalan məlumatların nə qədər təhlükəli bir məsələ olduğunu Azərbaycan uzun illər öz üzərində hiss edib. Azərbaycan 30 il ərzində Qərbin koordinasiyası ilə digər dövlətlərin 300 ildə üzləşmədikləri qərəzlə, böhranla, informasiya basqısı ilə qarşı-qarşıya qalıb. Bu baxımdan  zərərli tendensiyanın qarşısının alınması, obyektiv gerçəkliyə əsaslanan informasiya mühitinin formalaşması üçün belə forumların keçirilməsi olduqca aktualdır”.
Şəymən