Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı

Azərbaycan ABŞ-da fəaliyyət göstərən CNN telekanalına qarşı federal məhkəməyə müraciət edib.

Məhkəməyə müraciətə CNN-in 5 iyun 2026-cı ildə yayımladığı və Azərbaycan ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyini iddia edən məqalə səbəb olub.

Azərbaycan tərəfi yazının yayımlanmasından sonra CNN-dən məlumatı təkzib etməyi və materiala düzəliş verməyi tələb edib. Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü də açıqlama verib.

Bildirilib ki, Azərbaycan tərəfi 6 və 23 iyun, həmçinin 2 iyul tarixlərində CNN-ə rəsmi məktublar göndərərək təkzib tələblərini təkrarlayıb. Lakin nəticə əldə olunmayıb.

Bundan sonra Bakı CNN-ə qarşı Delaver ştatının federal məhkəməsində iddia qaldırıb. CNN media şirkətinin rəsmi qeydiyyatının bu ştatda olduğu bildirilir.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirgolami də CNN-in yaydığı məlumatı şərh edərkən, İranlı mütəxəssislərin İsrail hərbi qüvvələrinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı xəbərləri təsdiqləmədiyini bildirmişdi.