Bakıda TDT-nin Media Forumu keçirildi - YENİLƏNİB

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməyə həsr olunmuş Media Forumu keçirilib.

Teleqraf xəbər verir ki, forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusunda panel sessiya təşkil olunub.

Panelə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı çıxış ediblər.

Spikerlər sürətlə dəyişən informasiya mühitində qlobal risklərin, xüsusilə də dezinformasiya kampaniyalarının miqyasının artdığını, buna qarşı türk dövlətləri arasında koordinasiyalı və dayanıqlı media əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə bacarıqlarının artırılması, rəqəmsal çağırışlara operativ adaptasiya və vahid, təhlükəsiz media ekosisteminin formalaşdırılması müasir dövrün prioritetləri kimi qeyd edilib.

Forum çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel də təşkil olunub.

CBC telekanalının baş redaktoru Elmira Musazadənin moderatorluğu ilə keçirilən müzakirələrdə millət vəkili, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Sevil Mikayılova, Qazaxıstan “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin mətbuat müşaviri Alptekin Cihangir İşbilir və Özbəkistan Prezident Administrasiyası yanında Məzmun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov rəqəmsal əməkdaşlığın inkişafı, birgə kontent istehsalı və informasiya mübadiləsinin genişləndirilməsi barədə fikirlərini bölüşüblər.

Paneldə qeyd olunub ki, rəqəmsal informasiya mühitində baş verən sürətli transformasiya TDT dövlətləri arasında çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını tələb edir. Ortaq rəqəmsal layihələr, operativ informasiya axını və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi regionda vahid və dinamik media məkanının formalaşmasına töhfə verə bilər.

Forum çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov da təqdimatla çıxış edib.

O bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı şəhər inkişafı, modern urbanistika və “ağıllı şəhər” konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biridir.

E. Rəsulov qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, yüksək sürətli internet, tam təchiz olunmuş iş sahələri və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.

***

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində TDT-nin Media Forumu keçirilir.

Teleqraf xəbər verir ki, forum türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığının möhkəmləndirilməsini məqsəd qoyur.

Tədbir çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiyanın keçirilməsi nəzərdə tutulur.

Sessiyada iştirakçı ölkələrin media nümayəndələrinin qlobal informasiya mühitində təhlükəsizlik, dezinformasiya ilə mübarizə və dayanıqlı media ekosisteminin formalaşdırılması kimi məsələləri müzakirə edəcəyi gözlənilir.