Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun 1-ci panel sessiyası başa çatdı

Bu gün Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun "Türk dünyasını hədəfləyən dezinformasiya nümunələri və onunla mübarizə səyləri" mövzusunda panel sessiyası keçirilib.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə bir sıra rəsmi şəxslər çıxış ediblər.

Türkiyənin Rabitə İdarəsi Prezident Aparatının Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin sədr müavini İlyas Yesmagul, Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi İnformasiya Siyasəti Departamenti baş mütəxəssisi Zarina Taştanovna Kalmuratova, Özbəkistan Respublikası Prezident Administrasiyasının Media Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Toxir Umarov, Türk Agentliyinin Kipr direktoru Fehmi Gürdallı iştirak ediblər.

Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin sədr müavini İlyas Yesmagul çıxışında bildirib ki, cəmiyyətdə media savadlılığı kimi düzgün konsepsiyaların tətbiqi tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinə, rəqəmsal mədəniyyətin yaxşılaşdırılmasına və media mühitində məlumatlı vətəndaş iştirakının təşviqinə yönəlib.

Onun sözlərinə görə, bu prosesdə bu gün medianın ən fəal seqmenti olan gənclərə xüsusi diqqət yetirilir:

"Bizim qarşıya qoyduğumuz iki məqsəd, etimad və ortaq dəyərlər məkanı yaratmaqdır. Bu da ondan irəli gəlir ki, media savadlılığı və informasiya təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslərin inkişafı dövlətlər arasında dayanıqlığı artıra və qarşılıqlı etimadı möhkəmləndirə bilər".

Türk Agentliyinin Kipr direktoru Fehmi Gürdallı isə çıxışında bildirib ki, ictimai rəy formalaşdığı zaman, xüsusilə Kipr məsələsi ilə bağlı, istisnasız şəkildə demək olar ki, jurnalistlər və qəzetlər hökumət siyasətlərinin sözçüsü kimi davranmırlar.

Onun sözlərinə görə, dövlət mediası və əsas media qurumları isə əsasən hökumət mənbələrindən bəhrələnir.

"Dezinformasiya yalnız yalan və ya saxta xəbər demək deyil. Xəbərin gizlədilməsi, susdurulması da dezinformasiyanın bir formasıdır", - o əlavə edib.

Özbəkistan Respublikası Prezident Administrasiyasının Media Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Toxir Umarov isə deyib ki, mücərrəd anlayışlardan kənara çıxaraq praktik institusional cavablara fokuslanmaq vacibdir.

O bildirib ki, dezinformasiya sürətlə yayılır, çünki sadə və emosional baxımdan güclüdür: "Təcrübəmizə əsaslanaraq görürük ki, həqiqətə qarşı yönəlmiş dezinformasiya çox vaxt sərhədləri aşır və oxşar modellər üzrə yayılır. Biz bu forumu peşəkar əlaqələrin möhkəmləndirilməsi, praktik təcrübə mübadiləsi və tam koordinasiyalı fəaliyyətlərin təşviqi üçün dəyərli imkan kimi yüksək qiymətləndiririk".