Azər Həsrət: Türk xalqlarını qarşı-qarşıya qoymaq istəyən dezinformasiyalara birlikdə cavab verməliyik
Bu gün Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu çərçivəsində “Türk dünyasını hədəfləyən dezinformasiya nümunələri və onunla mübarizə səyləri” mövzusunda panel sessiyası keçirilib. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasını təmsil edən nümayəndələr iştirak ediblər. Tədbirin əsas məqsədi türk dövlətləri arasında effektiv kommunikasiya mühitinin yaradılması və dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi olub.
Paneldə iştirakçılar dezinformasiyanın türk dövlətlərinə təsirləri, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları barədə müzakirələr aparıblar. Qardaş Türkiyənin bu sahədəki təcrübəsi, eləcə də Azərbaycanın və digər dövlətlərin praktiki yanaşmaları qeyd olunub.
Media üzrə ekspert Azər Həsrət Sherg.az-a açıqlamasında Türk dövlətlərinin bu cür praktik addımlarının çox vacib olduğunu söyləyib:

"Bütün sahələrdə, o cümlədən də dezinformasiyayla mübarizə sahəsində iş birliyimizi dərinləşdirməliyik. Çünki təkbaşına qlobal trendlərin qarşısında durmaq elə də asan deyil. Bu işdə Qardaş Türkiyənin çox üstün təcrübəsi var. Eyni zamanda Azərbaycanın və digər dövlətlərin də ayrı-ayrı təcrübələri mövcuddur. Bu təcrübələri birləşdirib, birgə səylərlə mübarizə aparmaq daha effektiv olacaq. Dezinformasiyanın məqsədlərindən biri də türk xalqlarını bir-birinə qarşı qoymaqdır. Azərbaycanla digər türk dövlətləri, eləcə də Türkiyə ilə digər türk dövlətləri arasındakı, yaxud digər türk dövlətlərinin bir-biri ilə və bizimlə, yəni dünyayla münasibətlərini korlamağa yönəlmiş dezinformasiya cəhdləri çoxdur. Bu cəhdlərin qarşısını almaq üçün əlbəttə ki, birlikdə hərəkət etmək daha effektiv olacaq".
Ekspert bildirib ki, qardaş Türkiyədə belə bir forumun keçirilməsi alqışlanmalıdır:
"Arzu edərdik ki, bu cür forumlar davamlı təşkil edilsin, daha effektiv metodlar birlikdə araşdırılsın və ümumi şəkildə addımlar müəyyənləşdirilsin. Yəni, dezinformasiya cəhdi olanda sadəcə bir ölkə çərçivəsində deyil, ən azından TDT üzvləri olan 8 ölkə çərçivəsində birgə addımlar atılarsa, daha effektiv nəticələr əldə etmək mümkün olar. Bu, faydalı bir toplantıdır və bu istiqamətdə işlərin daha intensiv olması yalnız fayda gətirə bilər".