Əhməd Şahidov: Azərbaycan jurnalistlərinin fəallığı vacibdir

"Dünya mediasının, böyük güclərin diqqətində olan bu zallarda Azərbaycanın səsi eşidilməlidir"

“ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqlərində Azərbaycan media nümayəndələrinin fəallığı vacibdir”. 

Bu sözləri Sherg.az-a açıqlamasında  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.  

ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqlərində iştirak etdiyini xatırladan Ə.Şahidov bunu həm peşə borcu, həm də vətəndaş məsuliyyəti kim dəyərləndirib: 

“Burada səslənən fikirlər, verilən suallar və alınan cavablar birbaşa regionumuza, ölkəmizə və xalqımıza təsir edən mövzulardır. Elə bu gün də Vaşinqtonda keçirilən brifinqdən əvvəl fürsət tapıb ayaqüstü bir videomüraciət etdim.
Videoçıxışımda həm bugünkü brifinqdə qaldıracağımız məsələlər barədə danışdım, həm də regionda baş verən son proseslərə toxundum. İstər Əbu-Dabidə keçirilən Əliyev-Paşinyan görüşü, istərsə də ABŞ rəsmilərinin sülh prosesi ilə bağlı son bəyanatları gündəmimizdə idi.
Ən önəmlisi isə bunu qeyd etdim ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan jurnalistlərinin iştirakı olduqca vacibdir. Çünki burada iştirak etməklə biz təkcə xəbərləri izləyən yox, həm də sual verən, mövqeyimizi bildirən və hadisələrin mərkəzində olan tərəf kimi çıxış edirik. Dünya mediasının, böyük güclərin diqqətində olan bu zallarda Azərbaycanın səsi eşidilməlidir”.
Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan jurnalistləri bu cür platformalarda daha aktiv olmalı, suallar verməli və regionla bağlı məlumatların dünya ictimaiyyətinə obyektiv və operativ şəkildə çatdırılmasına çalışmalıdır. Bu təkcə medianın işi deyil, eyni zamanda milli məsələdir”.