Beynəlxalq əməkdaşlıq və jurnalistlər, bütövlükdə media nümayəndələri arasında təcrübə mübadiləsi gələcəyin məsuliyyətli şəkildə formalaşdırılmasında mühüm rol oynayır.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin xəbərinə görə, bunu "Euronews"un baş və redaksiya direktoru Klaus Struns "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumda çıxış edərkən bildirib.
"Bir-birimizlə görüşmək gələcəyi düzgün və məsuliyyətli şəkildə qurmaq deməkdir", - o qeyd edib.
Struns jurnalistikada beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, dünya üzrə kütləvi informasiya vasitələrinin nümayəndələrinin birgə işləməli olduğunu bəyan edib.
O, həmçinin xatırladıb ki, "Euronews" telekanalı bu il beynəlxalq mediaforumda mediapartnyoru qismində iştirak edir. Struns müxtəlif ölkələrdən KİV nümayəndələrini, ekspertləri və praktikləri bir araya gətirən foruma uğurlar arzulayıb.
"Bizim üçün jurnalistika sadəcə biznes və peşə deyil - bu, bir missiya və çağırışdır", - "Euronews"un rəhbəri vurğulayıb.
Çıxışının sonunda Struns Mirzə Uluqbəyin bilik və elmi irsin əhəmiyyəti haqqında sözlərini sitat gətirib: "Dinlər duman kimi dağılır, imperiyalar özlərini məhv edir, lakin alimin əməyi əbədi qalır. Biliyə can atmaq hər kəsin borcudur".