Qulu Məhərrəmli: "İnsanların riyakarlığı artıb, mənəviyyatda ciddi böhran yaranıb"- SÖHBƏT
Yusif Nəzərli
09:25 02.11.2024
Media
1481
"Məncə, elə adam yoxdur mətbuatda, yaxud televiziyada çalışsın, amma ürəyindən keçən sözlərin hamısını deyə bilsin"
"Biz çox mürəkkəb, çətin şəraitdə yaşayırıq. Mənəvi baxımdan çox sıxıntılar var. Bəzən jurnalist öhdəsinə düşən işi bir kənara buraxıb başqa işlə məşğul olur, kiməsə yarınmağa, yaltaqlanmağa çalışır"
Azərbaycan jurnalistlərinin sədaqətli dostu Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin ad günüdür. Jurnalistikaya qədəm basdığı gündən bu günədək – təxminən bir əsrə yaxındır Qulu müəllim milli mətbuatımızın inkişafına, dəyərlərin qorunmasına xidmət edir. Qulu müəllim, biz jurnalistlərin çətinə düşəndə üz tutduğu, telefonun nömrəsini ürəklə yığdığı ziyalıdır. Bilirik ki, zəngimizə mütləq cavab veriləcək, Qulu müəllim köməyini – yəni bizə hava-su kimi lazım olan açıqlamanı əsirgəməyəcək. 70 yaşının tamamında sevimli müəllimimizi təbrik etdik, fürsətdən yararlanıb 1-2 suala cavab verməsini də xahiş etdik:
- Qulu müəllim, bəlkə şablon səslənəcək, amma yenə də soruşuram. İndiyədək qeyd etmək istədiyiniz, lakin hansısa səbəbdən qeyd edə bilmədiyiniz ad günü olubmu?
- Sözün açığı, mən çox da ad günü həvəskarı deyiləm. Uzun müddət evdə ad günlərimi qeyd etməmişik. Amma uşaqlar böyüyəndən sonra onların iradəsini qəbul etməli olmuşam. Çünki Zemfira xanım (Qulu müəllimin həyat yoldaşı – M.R.) uşaqların ad günlərini keçirirdi, onlar da bunun müqabilində mənim də ad günümün qeyd edilməsində israr edirdilər. Onların iradəsinə təslim oldum. Ona görə də xüsusi olaraq yaddaşda qalanı yoxdur.
- Doğmaların, dostların hansı təbrikini hələ də unutmamısınız və unudulacaq da deyil?
- Bəzən dostların, yaxınların ad günlərində iştirak edirəm. Yaxşısı, məzmunlusu da olur, “yola verdiyim” ad günləri də. Maraqlı təbriklər də eşitmişəm, orijinal hədiyyələr də verilib. Ad günlərimin birində tələbəm o zaman hələ işğal altında qalan yurdumuz - Zəngilandakı evimizin maketini hazırlayıb gətirmişdi. Bu mənim heç yadımdan çıxmır. Çox təsirlənmişdim... Hədiyyə indi də evimizdədi. Həmin tələbəni də təbii ki, heç vaxt unutmuram.
- Siz Azərbaycan mediasında, jurnalistikasında dürüst, vicdanlı mövqeyi ilə seçilən və buna görə sevilən, hörmətlə yanaşılan ziyalı, alimsiniz. Olubmu ki, nəyləsə bağlı söz demək, obyektiv fikir bildirmək istəmisiniz, amma "bunu zamana buraxaq, vaxtı, zamanı deyil" düşünüb deməmisiniz?
- Biz çox mürəkkəb, çətin şəraitdə yaşayırıq. Mənəvi baxımdan çox sıxıntılar var. Bəzən jurnalist öhdəsinə düşən işi bir kənara buraxıb başqa işlə məşğul olur, kiməsə yarınmağa, yaltaqlanmağa çalışır. Bunlar əlbəttə çox ağrılı məsələlərdir. Əlbəttə, demək istədiyim çox söz olub. Adamın içində qalan çox sözlər olur. Heç də həmişə istədiyini deyə bilmirsən. Bəzən susmağı danışmaq kimi ifadə edirsən. Belə şeylər olur. Məncə, elə adam yoxdur mətbuatda, yaxud televiziyada çalışsın, amma ürəyindən keçən sözlərin hamısını deyə bilsin. Ümumiyyətlə, yaradıcı adamın içində həmişə qaynayan bir söz, fikir var. Amma sosial şəbəkələr, müxtəlif platformalar var, harda ki özünü sərbəst ifadə edə bilirsən.
- Qulu müəllim, qarşınıza qoyduğunuz məqsədlərə həmişə çatmısınızmı?
- Mən qarşıma məqsəd qoyanda onu reallaşdırmağa çalışıram. Boş və mənasız məqsədlər qoymuram. Real hədəflər götürəndə ona çatıram. Bu mənim üçün çox ciddi məsələdir. İnsan həyat kredosunu dəqiq müəyyənləşdirirsə, addımları, taktikaları da düzgün müəyyənləşdirə bilir. Bizim həyatımız, yaşayışımız situasiyalardan, fərqli epizodlardan ibarətdir. Bunu nəzərə almalıyıq.
- Təbii ki, bu günlərdə hamı sizə uzun ömür, can sağlığı arzulayır. Bəs Sizin arzunuz, istəyiniz nədir?
- Elə bir xüsusi istəyim yoxdur. Dünyanın gedişatına baxıram, insanların yaşayışına... Dünyamızı sakit, salamat, ətrafımızı dinc görmək istəyirəm. İnsanların riyakarlığı artıb. Mənəviyyatda ciddi böhran yaranıb. Yalanlar böyük miqyas alıb. Baxırsan, adamın mahiyyəti ancaq yalandan ibarətdir. İnsanlarımızı bütöv, tam görmək istəyirəm. Mənəvi fırtınalar içində insanlara ürəyincə olan yaşayış arzulayıram. Təbii ki, böyük anlayış var, o da Vətənimizdir. Vətənimizi bütöv, inkişaf edən görmək istəyirəm. Çünki başımızın üstündəki çətir etibarlı olanda rahat yaşaya bilirik.
Söhbətləşdi, Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya