“Şərq”də mənim üçün ən dəyərli məqam redaksiya mühitidir - Gənc əməkdaşın TƏBRİKİ

  • "Burada fikirlərimi sərbəst ifadə etmək, etiraz etmək, təkliflər vermək hər zaman mümkün olub"

3 il əvvəl cibxərcliyimi çıxarmaq üçün işləməyə başladığım bir qəzetə bu qədər bağlanacağımı, onu bir yuva kimi görəcəyimi yəqin ki, düşünməzdim. “Şərq” haqqında danışarkən, adətən, onu qəzet adlandırırıq. Amma mənim gözümdə “Şərq” qəzetdən əvvəl bir məktəbdir. Jurnalistika məktəbi! Bu sahə üzrə ali təhsil verən müəssisələrin öyrətmədiklərini öyrədən, jurnalistikaya maraq oyadan, bu peşəni sevdirən, işləməyə sövq edən bir məktəb!

Burada mənim üçün ən dəyərli məqamlardan biri də redaksiyanın mühiti idi. “Şərq”də fikirlərimi sərbəst ifadə etmək, etiraz etmək, təkliflər vermək hər zaman mümkün olub.

Gənclərin fikirlərini və təkliflərini bu qədər ciddiyə alan, onların reallaşması üçün imkan yaradan redaksiyalar çox azdır. Əlbəttə ki, bu imkanlar da çox məhdud idi. Amma bilirəm ki, Yusif və Akif müəllimin əlindən gələn bu idi. Məhz yaradılan imkanlar sayəsində özümü sınayır, səhvlər edir, yenidən başlayırdım. Burada hər zaman mənə inanıldığını hiss edirdim. Akif və Yusif müəllim mənim üçün təkcə redaktor deyil, həm də dost olublar. Elə bu səbəbdən də üç il ərzində maddi çətinliklər yaşasam da, “Şərq”də aşağı maaşla işləməyə razı olmuşam.

Bura mənə çox şey qazandırıb. Elə buna görə də “Şərq”i özümə məktəb, yuva kimi görmüşəm. Yuvamızı böyütmək üçün bəzən gecə-gündüz çalışmışam, hətta elə vaxtlar olub ki, redaksiyada yatıb qalmışam. Bu qəzet sayəsində çox dəyərli insanlar qazanmışam.

Bir dəfə gec saatlara qədər işləyib redaksiyanı bağlayaraq çıxanda Yusif müəllimdən niyə bu qədər çox işlədiyini soruşmuşdum. Müəllim belə cavab vermişdi: “Akiflə mən bu qəzeti təkcə iş yeri kimi görmürük. Oğlumuz kimi görürük”.

Akif Aşırlı, Yusif Nəzərli müəllim, sizi təbrik edirəm! Oğlunuzun 30 yaşı tamam oldu!