"Sputnik Azərbaycan" təhrif və təxribat mənbəyidir - EKSPERT

“Sputnik Azərbaycan”ın əməkdaşlarının Rusiya kəşfiyyat orqanları ilə  əməkdaşlığı və bununla bağlı həyata keçirilən həbslər fonunda Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri davam edir.
Rusiya Jurnalistlər İttifaqının beynəlxalq təşkilatlara yönəltdiyi müraciətlər reallığı təhrif edir və Azərbaycanı söz azadlığını boğan ölkə kimi təqdim etməyə çalışır. Halbuki bu media qurumunun fəaliyyəti uzun illərdir təxribat xarakteri daşıyır. Azərbaycan Mətbuat Şurası da məsələyə münasibət bildirərək beynəlxalq ictimaiyyətə rəsmi müraciət ünvanlayıb.
Mövzu ilə bağlı jurnalist İlqar İlkin Sherg.az-a açıqlama verib:
"Bu müraciət həm məzmun baxımından, həm də hədəflədiyi beynəlxalq auditoriyaya təsir etmək baxımından olduqca vacibdir. Çünki Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi təşkilatlarına ünvanladığı məktubunda elə rəy yaratmaq istəyir ki,  guya Azərbaycan xarici media nümayəndələrinə qarşı aqressiya nümayiş etdirir, söz və mətbuat azadlığını boğur".
Müsahibimiz  “Sputnik Azərbaycan”nın ölkəmizdə fəaliyyətə başladığı gündən media sahəsindən çox pozuculuq, təhrif olunmuş informasiyalar və aydın olmayan mövqe sərgilədiyini qeyd edib:
"Bu media qurumu azad mediadan çox Rusiya Federasiyasının xarici siyasətinin əsas təsir rıçaqları kimi istifadə olunub. Uzun illər bu media qurumu ölkəmizin informasiya məkanında azad mətbuatdan çox, təhdid və rahatsızedici mövqeyi ilə yadda qalıb. Ona görədir ki, yalnız ölkəmizdə deyil, bir çox ölkələrdə də bu agentliyin fəaliyyəti arzuolunmaz sayılıb və fəaliyyətlərinə qadağalar qoyulub".
İlqar İlkin sonda beynəlxalq jurnalist təşkilatlarınında bu fəaliyyətdən xəbərdar olduğunu söyləyib. O, mediadan dövlətlərin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu bildirib.