TDT çərçivəsində Jurnalistlər Birliyi yaradılacaq

"Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) ayrılmaz hissəsidir".

Sherg.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibinin müavini Ömer Kocaman noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edərək qeyd edib ki, Azərbaycanın ayrıca ailəsi yoxdur, “bizim ailəmiz Türk dünyasıdır”.

“Hazırda qlobal və regional səviyyədə baş verən dəyişikliklər, yeni çağırışlar bu əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.müasir dövrdə informasiya təkcə məlumat ötürmək funksiyasını daşımır, həmçinin cəmiyyətlərin inkişafına, dövlətlərin qlobal imicinə və sosial rifaha təsir edən vacib strateji resursa çevrilib. Bu səbəbdən türk dövlətlərinin media sahəsində əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir”, o bildirib.

Ö.Kocaman vurğulayıb ki, TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur:

“Rəqəmsal texnologiyaların inkişafı məlumat mübadiləsinin sürətini və təhlükəsizliyini artıraraq yeni imkanlar açır. Bu çərçivədə TDT-nin media işçi qrupları tərəfindən ortaq standartların müəyyənləşdirilməsi, media proseslərinin əlaqələndirilməsi və jurnalistikanın inkişafına dəstək məqsədilə işlər davam etdirilir”.

O qeyd edib ki, Türkiyə 2016-cı ildən etibarən media əməkdaşlığı sahəsində mühüm təşəbbüslərə rəhbərlik edir və türk dövlətləri arasında vahid keyfiyyət standartlarının formalaşdırılması istiqamətində işlər davam edir.