TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirildi - YENİLƏNİB

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.

Sherg.az xəbər verir ki, iclasın açılışında Azərbaycan Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxış edərək bildirib ki, TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir.

O qeyd edib ki, gündəlikdə yer alan məsələlər informasiya təhlükəsizliyinin gücləndirilməsi, dezinformasiya ilə mübarizənin koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli icrası baxımından yeni imkanlar yaradır.

TDT Baş katibinin müavini Ömer Kocaman çıxışında müasir informasiya mühitinin təhlükəsizlik, idarəetmə və dövlətlərarası koordinasiya baxımından yeni yanaşmalar tələb etdiyini vurğulayıb.

Bildirilib ki, təşkilat çərçivəsində media qurumları arasında dialoqun gücləndirilməsi, məlumat axınının sistemli şəkildə təşkili və rəqəmsal transformasiya dövründə innovativ media alətlərinin tətbiqi TDT-nin gələcək fəaliyyət istiqamətləri arasında mühüm yer tutur.

O əlavə edib ki, qarşılıqlı fəaliyyət yalnız informasiya mübadiləsi ilə məhdudlaşmamalı, həm də ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması istiqamətlərini əhatə etməlidir.

İclasda TDT-nin 2025-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və sənəd 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib.

Həmçinin, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər də iclasda müzakirə olunub.

***

Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

Sherg.az xəbər verir ki, iclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə olunacaq və sənədin 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi nəzərdə tutulur.

Bununla yanaşı, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.