Səməd Seyidov: "Nə qədər ki, söz sahibi olacağıq, nöqtənin üstündən nida işarəsi qoya biləcəyik"
"İstər Amerika, istər Fransa, istərsə də Rusiya və başqa ölkələr olsun, heç kim bizə heç nə edə bilməyəcək"
Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri , psixologiya elmləri doktoru, professor Səməd Seyidov “Şərq”in suallarını cavablandırıb. Onunla Prezident İlham Əliyevin Soçidə “Valday” platformasında səsləndirdiyi bəyanat, aidiyyəti beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması, Minsk Qrupunun fəaliyyətsizliyi, Ermənistandakı gərgin daxili vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan səbəblər, girovların qaytarılması, Azərbaycanda baş tutan iqtidar-müxalifət dialoqu, sosial şəbəkələrdə aparılan söyüş kampaniyası, Azərbaycanda psixologiya sahəsindəki mövcud problemlər və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq.
Söhbəti təqdim edirik.
- Prezident İlham Əliyev Soçidə “Valday” platformasında səsləndirdiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə işğalçı Ermənistana, onun havadarlarına və ümumən dünyaya hansı mesajları verdi?
- Cənab Prezident o bəyanatı verərkən biz Strasburqda idik. Avropa Şurasının Parlament Assambleyasında fəaliyyətimizi təşkil etmişdik. Sessiya gedirdi. Tam səmimi deyirəm ki, o bəyanat yalnız Rusiya, Azərbaycan və ətraf ölkələrdə yox, o cümlədən Avropada da böyük əks-səda yaratdı. Və bizim də işimizə xeyli köməyi dəydi. Ermənilər və ya ermənipərəst qüvvələr həmişə çalışırlar ki, Dağlıq Qarabağla bağlı “fəaliyyətlərini” Avropa Şurasında öz xeyirlərinə dəyişsinlər. Ancaq buna nail ola bilmirlər. Elə bu dəfə də arzuları ürəklərində qaldı. Çünki Azərbaycan Prezidentinin Soçidə səsləndirdiyi beynəlxalq qanuna uyğun, beynəlxalq davranış prinsiplərinə tam riayət edən bəyanatı Avropa Şurasında AŞ deputatları tərəfindən də müsbət qarşılandı. Cənab Prezidentin bəyanatında vacib bir məsələ var. O məsələ də ondan ibarətdir ki, işğalçı və onun havadarları beynəlxalq qanunları pozmağa çalışırlar. Amma anlamırlar ki, beynəlxalq qanun əsas alətdir və onunla dünyada yaşanan problemləri, münaqişələri həll etmək mümkündür. Beynəlxalq qanundan kənara çıxmaq heç kim üçün mümkün deyil və buna əməl edilməməsi böyük fəlakətlərə gətirib çıxara bilər. Baxın, Ermənistanın baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” demişdir. Cənab Prezident isə nöqtənin üzərindən xətt çəkərək onun üstündən faktiki bu bəyanatı ifşa edən nida işarəsi qoydu. Nida işarəsi də beynəlxalq qanuna uyğun və beynəlxalq davranış prinsiplərinə adekvat bir bəyanat kimi qiymətləndirilir. Ona görə də ölkə başçısının bu çıxışını yüksək qiymətləndirirəm.
- Cənab Prezidentin məlum bəyanatından sonra Ermənistan daxilindəki gərginlik daha da şiddətlənib. Konkret olaraq Ermənistanın «Hayeli.am» saytı yazıb ki, Azərbaycan Prezidentinin bu bəyanatı Paşinyan hökumətinə sərt bir şillə idi. Bundan başqa sayt diqqətə çatdırır ki, Paşinyan məlum bəyanatını Xankəndində məhdud bir çərçivədə, Azərbaycan Prezidenti isə dünya ölkələrinin gözlərini diqqətlə zilləyib baxdığı beynəlxalq bir platformada səsləndirdi...
- Paşinyanın məqsədləri başqa idi. Dağlıq Qarabağa gedib bəyanatlar vermək, Dağlıq Qarabağ İcması qarşısında hansısa hərəkətlər etmək onun acizliyini göstərir. Bundan başqa erməni baş nazir bu sayaq davranışları və açıqlamaları ilə diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Paşinyanın qabiliyyəti kifayət etməsə də, o başa düşür ki, cənab Prezident demişkən, heç Ermənistanın özü Dağlıq Qarabağı tanımır. Bu nöqteyi-nəzərdən Paşinyanın bu bəyanatının məqsədi yalnız və yalnız diqqəti daxili problemlərdən yayındırmaq, məsuliyyətdən qaçmaq və aranı qarışdırmaqdır. O, populist siyasətçidir. Amma cənab Prezidentin bəyanatı tamamilə reallığa söykənir. Birincisi, ölkə başçısının fikirləri beynəlxalq qanunun aliliyinə dəlalət edir. İkincisi, tarixi həqiqətləri üzə çıxarır. Üçüncüsü, bu bəyanat yalnız Azərbaycan və Ermənistan auditoriyasına yox, dünyaya ünvanlanmış bir mesajdır. Bu bəyanatların çəkiləri müxtəlifdir, formaları ayrıdır. Bu bəyanatları səsləndirən şəxslərin də səviyyələri fərqlidir. Ona görə də populist siyasətçi və düşüncələri heç bir reallığı əks etdirmək iqtidarında olmayan Paşinyanla, Azərbaycanı dünya siyasətinin ən yüksək zirvələrinə qaldıran Prezident İlham Əliyevi müqayisə etmək düzgün deyil.
- Ölkə başçısı Rusiya telekanllarına müsahibəsində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) münaqişənin həllinə dair qətnamələrinin icra olunmamasına diqqət çəkdi. Və bildirdi ki, aidiyyəti təşkilatlar digər ölkələrlə bağlı hər hansı bir münaqişə, hadisə baş verəndə dərhal qərar verirlər və o qərarın icrasına nail olurlar. BMT Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair 4 qətnamə qəbul edib, amma düşmən ölkədən bu qətnamələrin icrası tələb olunmur. Səbəb nədir?
- Təəssüflər olsun ki, bu, Azərbaycanın deyil, beynəlxalq təşkilatlatların bugünkü durumudur. O cümlədən də BMT-nin vəziyyətidir. BMT dünyada ən zirvədə olan təşkilatlardan biridir. Hətta bu təşkilat belə ikili standartlardan yan keçə bilmir. Bu, böyük təəssüf doğurur. Həmçinin çalışdığımız Avropa Şurası, Avropa Parlamenti və ATƏT-də görürük ki, onların hamısı eyni yanaşma ilə səciyyələnir. O da beynəlxalq qanunu kənara qoymaq cəhdləridir. Beynəlxalq qanunu kənara qoyaraq dünyanı tamamilə başqa bir səmtə - müharibə və xaos istiqamətinə sürükləmək niyyətində olan qüvvələr mövcuddur. Onlar müharibələrdən, iqtisadi tənəzzüllərdən, faciələrdən, böyük problemlərdən, insanların axınından, dövlətləri məhv etməkdən, dövlətlərə qarşı çıxmaqdan xeyir güdən və bundan gəlir əldə edən qüvvələrdir. Elə bilirsiniz ki, Azərbaycan onların diqqət nəzərində deyil?! Əlbəttə, Azərbaycan onların diqqəti mərkəzindədir. Ona görə ki, birincisi, Azərbaycan bu gün müstəqil siyasət yürüdür. İkincisi, ölkəmiz iqtisadi, siyasi və regionda olan güclü mövqeyi cəhətdən qüdrətli bir dövlətə çevrilib. Və güclü dövlət də o qüvvələrə sərf etmir. Görürsünüzmü, cənab Prezident də qeyd etdi ki, beynəlxalq təşkilatlar bir anın içərisində qətnamələri həyata keçirirlər, amma Dağlıq Qarabağla bağlı qətnamələr illərdir, kağız üzərində qalır. Ona görə də biz ədalət çərçivəsində mübarizə aparırıq. Əfsuslar olsun ki, dünyada nahaq və ədalətsiz yanaşma bəzi qüvvələrə gəlir gətirən, onların maraqlarını ödəyən alətə çevrilib. Ona görə də bunlar beynəlxalq qanunu pozmaq istəyirlər. Bu qüvvələr insan haqlarını bir alət kimi istifadə edib, dövlətləri dağıdırlar. Demokratiya adı altında dövlətlərdə xaos yaratmağa çalışırlar. Bizə qarşı da ikili yanaşma bundan irəli gəlir. Görürlər ki, hansısa bir dövlət normal şəkildə inkişaf edir, haqlarını müdafiə edir, milləti haqqında düşünür, dərhal onlar beynəlxalq hüququ kənara qoyurlar. Və demokratiyadan istifadə edib, xaosun yaradılmasına cəhdlər göstərirlər. Biz buna qarşı çıxırıq. Biz buna qarşı çıxdığımız üçün də həmin qüvvələr də bizə qarşı çıxırlar. İkili standartlar da bundan qaynaqlanır.
- ATƏT-in Minsk Qrupu ilə bağlı da Azərbaycanın ictimai və siyasi həyatında ikili yanaşma mövcuddur. Bir tərəf bu qurumu dişsiz bir çarxa bənzədərək ləğv olunmasını təklif edir, digər tərəf isə Minsk Qrupuna daxil olan ölkələrin dəyişdirilməsi iddiası ilə çıxış edir. Sizcə, Minsk Qrupu ilə bağlı hansı addımlar atılmalıdır?
- Amerika, Rusiya və Fransadan sonra bəzən Almaniyanın da adı çəkilir. Amma deyim ki, Almaniyanın bəzi deputatları Avropa Şurasında Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyirlər. Söhbət hansısa ölkənin, başqa bir ölkə ilə dəyişdirilməsindən getmir. Söhbət ondan gedir ki, hər hansı bir ölkə başa düşsün, nəzərə alsın ki, Azərbaycan öz maraqlarını başqa ölkənin maraqlarına heç vaxt qurban verməyəcək. Bu da cənab Prezidentin apardığı birbaşa siyasətdir. Öz maraqları haqqında düşünən və özündə güc tapıb bu maraqları müdafiə edən ölkələrə qarşı kimsə çıxış edə bilər. Amma bunun nəticəsi olmayacaq.
- Həmsədr ölkələrdən biri də Fransadır. Bu ölkənin inzibati məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə bir neçə «Dostluq xartiyası »nı ləğv edib. Bundan hansı nəticəyə gəlmək olar?
- Bəli, Fransanın bir neçə şəhəri qondarma rejimlə “Dostluq xartiyası”nı ləğv etdi. Halbuki, Fransa erməni lobbisinin ən güclü olduğu bir məkandır. Belə olan halda Fransa həmin xartiyaları niyə ləğv etdi? Çünki Azərbaycan gücləndi. Bu nöqteyi-nəzərdən düşünmək ki, gəlin, Fransanı dəyişdirək, onun yerinə başqa bir ölkə seçilsin, bu, doğru yanaşma deyil. Əksinə, bizə qarşı işləyən qüvvələr görməlidir, başa düşməlidir və dərk etməlidirlər ki, söhbət yalınız Minsk Qrupundan getmir, söhbət Azərbaycanın möhkəmlənməsindən gedir. Respublikamızın öz milli maraqlarını müdafiə etmək iqtidarında, əzmində olmasından gedir. Beynəlxalq səviyyədə söz sahibinə çevrilməsindən gedir. Nə qədər ki, beynəlxalq səviyyədə söz sahibi olacağıq, nə qədər ki, öz milli maraqlarımızı müdafiə etmək iqtidarında olacağıq, nə qədər ki, müstəqil olacağıq - bu sözün altından xüsusi xətt çəkirəm, bir o qədər sözümüzü deyə biləcəyik. Nöqtənin üstündən nida işarəsi qoya biləcəyik. Necə ki, cənab Prezident bunu etdi. İstər Amerika, istər Fransa, istərsə də Rusiya və başqa ölkələr olsun, heç kim bizə heç nə edə bilməyəcək. Digər tərəfdən Minsk Qrupunun həmsədrləri yalnız bu ölkələri - Amerika, Fransa və Rusiyanı təmsil edir. Amma bilirik ki, Minsk Qrupunun tərkibində çoxsaylı ölkələr yer alır. Bizim bir yolumuz var: bu da düzgün və beynəlxalq qanun çərçivəsində davranış təşkil etməkdir. İndiki məqamda Azərbaycan güclüdür. Ölkəmiz bütün dünyanı düzgün, ədalətli, obyektiv davranışa dəvət edir.
- Dağlıq Qarabağ probleminin həllinə dair çoxsaylı görüşlər və müzakirələr aparılıb, bu gün də aparılır. Məsələnin həllinə dair Azərbaycan cəmiyyətində ikili münasibət var. Kimi iddia edir ki, artıq müharibədən başqa yol qalmayıb, kimi isə münaqişənin dinc yolla həllinə ümid edir. Siz nə düşünürsünüz?
- Çox güclü, çevik və Ali Baş Komandanın bütün tapşırıqlarını yerinə yetirmək iqtidarında olan ordumuz mütləq olmalıdır. Ordumuz getdikcə güclənməlidir. Nə qədər çox güclənəcəksə, bu, bir o qədər yaxşıdır. Ancaq bununla yanaşı münaqişənin həllinə dair diplomatik fəaliyyəti də qətiyyən dayandırmaq olmaz. Bu istiqamətdə diplomatik fəaliyyəti mütləq davam etdirməliyik. Baxın, cənab Prezidentin Soçidəki çıxışı ilə Azərbaycana qarşı təşkil olunmuş xeyli məkirli planların aradan qaldırılmasına nail olduq. Biz həm də bunun şahidi olduq. Bir də söhbətimizin əvvəlinə qayıdıram. Avropa Şurasının bugünlərdə keçirilən son sessiyasında Azərbaycana qarşı bir neçə məkirli plan düşünmüşdülər. Biz məhz cənab Prezidentin bəyanatının fəlsəfəsindən istifadə edərək həmin planların qarşısını aldıq. Və bu proses o qədər də gözə görünmür, ancaq bu, diplomatik yoldur. Bununla Azərbaycan xalqının maraqlarını hansısa bir formada təmin edirik. Ona görə də hər iki istiqamət nəzərdə tutulmalıdır. Güclü ordu indiki zamanədə Azərbaycan üçün ən vacib, ən əhəmiyyətli məsələlərdən biridir. Amma bununla yanaşı güclü diplomatiyanın da həyata keçirilməsi zəruridir.
- Girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun dəyişdirilməsi ilə bağlı ümidverici xəbərlər alırıq. Bu proses baş tuta bilərmi?
- Birincisi, girovları saxlayan qondarma rejim və onun havadarı olan Ermənistan öz xalqına böyük problemlər yaratmaqdadırlar. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını nəinki bəyənmir, artıq onlara təzyiqlər göstərməyə başlayıblar. İşğalçı ölkəyə bildirirlər ki, siz, nəinki qeyri-qanuni, hətta faktiki terrorçu fəaliyyəti ilə məşğul olmağa başlamısınız. Sivil vətəndaşları qeyri-qanuni halda saxlayırsınız. Onlar barəsində qeyri-qanuni hakimiyyət qondarma şəkildə ömürlük və ya uzunmüddətli həbslə bağlı qərar çıxarır. Hər ötən gün Ermənistan siyasi sahədə uduzur. Bu mənada mən girovların qaytarılacağına, nəinki ümidliyəm, hətta əminəm. Birincisi, mütləq Ermənistan xalqı qalxıb, bu populist rejimə “yox” deyəcək. Bunun geci–tezi var. Ona görə ki, bu ölkəni, bu xalqı daha amansız fəlakətlər gözləyir. Populist addımlarla uğurlu siyasət həyata keçirmək mümkün deyil.
İkincisi isə girovluqda olan vətəndaşlarımız mütləq azad olunacaqlar. Bu, hansı formada olacaq, bilmirəm. Ancaq azad olunacaqlar. Ya “hamının hamıya dəyişdirilməsi” prosesi ilə azad olunacaqlar, ya da beynəlxalq təzyiq vasitəsilə. Ermənistan və onun havadarlıq etdiyi qondarma rejim girovları qanunsuz şəkildə saxlamaqla özünü biabır edib. Onlar bunu nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşıdır.
- Səməd müəllim, bir az daxili siyasətimizdən söhbət açaq. Ötənlərdə paytaxt Bakıda iqtidar-müxalifət dialoqu baş tutdu. Bu iki düşərgə arasındakı müzakirələrin imitasiya xarakterli olduğunu deyənlərlə yanaşı, əhəmiyyətli olduğunu vurğulayanlar da az olmadı. Dialoqu siz necə qiymətləndirirsiniz və bu, hansı zərurətdən irəli gəldi?
- Mövqeyim ondan ibarətdir ki, dialoq, konstruktiv yanaşma, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma ən gözəl məsələdir. Bu, demokratiya prinsiplərinə uyğun olan davranış qaydalarıdır. Lakin dialoq, qarşılıqlı anlaşma heç zaman təhqir, söyüşlə müşayiət olunmamalıdır. Konstruktiv və sağlam tənqid çox gözəldir, ancaq süni, əvvəlcədən düşünülmüş, provokativ, içərisində böhtan, təhqir daşıyan düşüncələr qəbulolunmazdır. Bu baxımdan gec və ya tez o mövqedə olan insanlar başa düşəcəklər ki, yalnız millətin seçdiyi, özü üçün müəyyən etdiyi və cənab Prezident tərəfindən həyata keçirilən siyasət iqtidarın siyasəti deyil, bu, xalqın siyasətidir. Xalqın siyasəti ilə hesablaşmaq lazımdır. Hansısa bir sözünüz, tənqidi yanaşmanız varsa, onu da demokratik qaydaların prinsipləri əsasında həyata keçirmək gərəkir. Mitinqə icazə verilir, gedin aksiyanızı edin. Sözünüz varsa, hansısa bir piket təşkil edib, bildirin. Ancaq bütün bunları konstruktiv şəkildə etmək lazımdır. Onsuz da onlar bunu anlayacaqlar. Başa düşəcəklər ki, demokratik cəmiyyətdə dialoq və qarşılıqlı anlaşma mütləqdir.
- Söyüş məsələsinə toxundunuz. Doğrudan da son zamanlar bəzi siyasiləşmiş qruplar “Facebook”un Azərbaycan seqmentində sosial mediadan söyüş platforması kimi istifadə edirlər. Buna münasibətiniz necədi?
- Bir tərəfdə mədəniyyət, ümumi bilik səviyyəsi və peşəkarlıq, digər tərəfdə isə söyüş, təhqir dayanır. Bunlar bir-birinə uyğun gəlmir. Peşəkar, səviyyəli, cəmiyyətdə özünə hörmət qazanan insan heç zaman o yolun yolçusu olmur, ola da bilməz. Söyüş və təhqirlə özlərinə diqqət çəkənlər bilməlidirlər ki, bu, müvəqqəti xarakter daşıyır. Çünki sonda məlum olacaq ki, onların yaratdığı ajiotaj özlərinə qarşı istifadə oluncaq. Ona görə cəmiyyətdə hansısa bir mövqeyə sahib olmaq üçün yalnız peşəkar, mədəni və öz milli adət-ənənələrinə hörmət edən insan olmalısan.
- Səməd müəllim, siz uğurlu siyasətçi olmağınızla yanaşı yanaşı, həm də psixologiya sahəsində çox görkəmli alimsiniz. Və mən sizin kitablarınızı oxumuşam. Bakalavr və magistratura təhsilim sizin Azərbaycan Dillər Universitetinə rəhbərlik etdiyiniz dönəmə təsadüf edib. Və bizə universitetdə ixtisasımızla yanaşı bir neçə semestr ərzində psixologiya da tədris olunurdu, həm də çox ali səviyyədə tədris olunurdu. Və mən elə bilirəm ki, bu, olduqca vacib idi. Amma hazırda əksər ali və orta məktəbdə psixologiya dərslərinə ögey, yad yanaşma var. Məhz bunun nəticəsində bu gün xırda məişət qayğılarının məngənəsinə düşən bəzi gənclər çıxış yolunu intiharda görürlər. Sizcə, ölkədə psixologiya elmini dirçəltmək üçün, onun mühüm əhəmiyyətini diqqətə çatdırmaq üçün daha hansı addımlar atılmalıdır?
- Bu məsələni qaldırdığınıza görə, sizə təşəkkür edirəm. Fikirlərinizlə tam razıyam. İnsan və cəmiyyəti varsa, psixologiya və psixoloji gərginliklər də mövcuddur. Son zamanlar ümumi gərginlik var. Dünyada və cəmiyyətdə gedən proseslər ona gətirib çıxarıb ki, ümumi gərginlik artıb. Təbiidir ki, bu da psixoloji problemlər yaradır. Çox sevinirəm ki, bir müddət öncə, bu məsələ parlamentdə də gündəmə gəldi. Biz "Psixoloji xidmət haqqında" qanunu təsdiq etdik. Mən də onun tərəfdarı idim. O qanunun qəbul olunmasında və həyata keçirilməsində mənim də rolum olub. Bu bir. İkincisi, Azərbaycanda bir neçə yerdə yüksək səviyyədə fəaliyyət göstərən psixoloji fakültələr açıldı, açılır. Bundan başqa yəqin, məlumatınız olmamış deyil, mən də bir Siyasi Psixologiya Mərkəzi yaratdım. O mərkəzin yaradılmasının ana xəttini siaysi psixologiya təşkil edir. Çünki cəmiyyətdə gedən proseslərin hamısı siyasətlə bağlıdır. Hər şey siyasətdir. Münasibətlər də siyasətdir. Rəhbəri olduğum mərkəzdəki öncül gəncləri AŞ PA-ya təcrübə keçməyə aparırıq. Elə dünən Avropa Şurasından qayıtmışıq və 5 nəfər Azərbaycan gənci orada yüksək səviyyədə təcrübə keçdi. Psixoloji mərkəzlər nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Yalnız bir şərtlə ki, o mərkəzlərdə çalışanlar peşəkar və ya professional olsunlar. Bəzən müşahidə edirik ki, o qədər də yüksək peşəkar olmayan insanlar da bu sahəyə gəlirlər. Amma bu da keçəcək. Düzdü, peşəkar səviyyənin formalaşması zaman tələb edir. İnşallah, həmin məsələ də həllini tapacaq.