Azər Turan: "Bir yeniyetmə durub deyə bilər ki, mən atamdan daha güclüyəm"
Amma bu o demək deyil ki, o, doğrudan da atasından böyükdür və ya güclüdür
Tanınmış tənqidçi, publisist, Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Şərq”in suallarını cavablandırıb. Onunla Azərbaycan ədəbiyyatının hazırkı durumu, rəhbəri olduğu qəzetdə ədəbiyyat adına gerçəkləşən mühüm layihələr, “Ədəbiyyat qəzeti”nin gənclərin tribunasına çevrilməsi, ədəbiyyatın maarifçilik missiyası, dünya arenasına çıxacaq ədəbi-bədii əsərlər, şəhid və qəhrəmanlarımız haqqında yazılmış mətnlər, Azərbaycan xalqının başına gətirilən tarixi faciələrlə bağlı yetərli ədəbi mətnlərin yazılmaması, ölkədə kitaba olan maraq və kitabxanaların azlığına dair mövcud narazılıqlar ətrafında maraqlı müzakirə apardıq. Söhbəti təqdim edirik.
- Nə qədər bayağı səslənsə də, reallıq odur ki, bəzən “Ədəbiyyatımız Biləcərini o tərəfə keçə bilmir” kimi iddialara rast gəlirik. Bu düşüncə ilə razısınızmı və ümumən, ədəbiyyatımızın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycanda yeni yaranan ədəbiyyat, müstəqillik dövrümüzün ədəbiyyatı, yəni çağdaş ədəbiyyat elə çağdaş dünya ədəbiyyatı səviyyəsindədir. Bunu etiraf etmək lazımdır. Bədbinliyə əsas yoxdur. Bizdə yazılan əsərlər ya dünyaya çıxmaq ərəfəsindədir, ya da artıq dünya ədəbiyyatı faktına çevrilmiş səviyyədədir.
- “Ədəbiyyat qəzeti”nin Azərbaycan ədəbiyyatına nə kimi dəstəyi, töhfəsi var?
- Bu gün “Ədəbiyyat qəzeti” Azərbaycan ədəbiyyatının simasını bütün aydınlığı ilə göstərən mətbu orqandır. Biz öz töhfəmizi əsl ədəbiyyata qapı açmaqla veririk... Mətbu orqanın başlıca işi də elə budur.
- Gəncləri çap edirsinizmi və daha çox hansı gənclərə üstünlük verilir?
- Prioritet, əsasən, gənclərdir. Çünki ədəbiyyatın sabahını biz də, siz də - hamı onlardan umur, gözləyir. Bizdə çap olunan istənilən istedadlı gənc Parisdə çap olunan istedadlı bir fransız yazıçıdan, şairdən heç də zəif yazmır. Bunu etiraf etmək və gənclərimizin potensialını, gücünü düzgün dəyərləndirmək lazımdır.
- Bəs gənclərimiz bu qədər yaxşı, sanballı mətnlər ortaya qoyurlarsa, niyə heç dünyanı demirəm, MDB məkanında tanınan gənc şair və yazıçımız yoxdur?
- Bu, MDB məkanının öz problemidir. Məgər indi biz Rusiyadakı, Pribaltikadakı, Parisdəki gənclərin yazdığı mətnlərin hamısından xəbərdarıq? Bu gün Nobel, yaxud Buker mükafatı alan yazıçıların bir qismi yalnız o yazıçı həmin mükafata layiq görüləndən sonra dünya oxucusunun diqqətini cəlb edir. Söhbət poeziyamızdan gedirsə, poeziyamızın ləngərini dünya ədəbiyyatından ayıran bir ictimai-siyasi səbəb olub. Sovetlər dönəmində Azərbaycan dünyadan təcrid olunub. Amma Azərbaycanda sovet hakimiyyəti qurulana qədər bizdə yaranan ədəbiyyat birbaşa Avropa ədəbiyyatı idi. Poeziyadan söhbət gedirsə, məsələn, kim etiraz edər ki, Məhəmməd Hadinin “Əlvahi-intibah” əsərindən eşidilən fəryad Avropa incəsənətinin doğurduğu modernist fəryadla həmahəng deyildi. Sadəcə, bizim ədəbiyyatda sosrealizm epoxasının yaratdığı 70 illik fasilə yarandı ki, bu da öz növbəsində ciddi estetik uçurum yaratdı. Günah bizdə deyil ki, poeziyamızda Prevert olmadı. Amma unutmayaq ki, Prevertin yaradıcılığından bir çox mənalarda üstün və ya onunla bərabər şəkildə addımlaya bilən Rəsul Rza faktorumuz var. Onun “Rənglər”i var.
- Bəzən gənc şair və yazıçılar iddia edirlər ki, onlar daha çox fərdlər üçün yazırlar. Yəni hesab edirlər ki, ədəbiyyat, klassik media, teatrlar artıq maarifçilik missiyalarını başa vurublar. Doğrudanmı belədir?
- Hər bir yazıçının öz missiyası var. Hər bir sənət adamının öz prinsipləri mövcuddur və o da öz yaradıcılığında həmin prinsipləri tətbiq edir. Biz uzun müddət “Sənət sənət üçündür” prinsipindən ayrılmışdıq. Nəhayət, Azərbaycanda həmin prinsipin işlək olduğu zaman gəlib yetişdi. Bəlkə hətta bu prinsip də artıq işləkliyini, aktuallığını itirmiş durumdadır. Mehmet Akifin sevdiyim bir sözünü xatırlatmaq istəyirəm. Deyirdi ki, dünya yola düşərkən yol üstündə yatılmaz. XX əsrin əvvəllərində maarifçiliyə ciddi ehtiyac vardı. Əli bəy Hüseynzadə həm rəssam, həm şair, yazıçı, həm filosof, həm də publisist kimi maarifçilik işi ilə məşğul olurdu. Artıq bu gün həmin tendensiyaya ehtiyac yoxdur. Çünki bütün sahələr üzrə ixtisaslaşmış kifayət qədər kadrlarımız var. Azərbaycanın öz maarifçilik dəsti-xətti var və bu işlə müəyyən institutlar məşğul olur. Söhbət Azərbaycan ədəbiyyatının dünyaya çıxmasından gedirsə, ədəbiyyatımızı dünya ədəbiyyatı ilə baş-başa, iç-içə buraxmaq, onu siyasətdən və başqa amillərdən arındırmaq lazımdır. Bu mənada ədəbiyyatın estetika tərəfi daha önəmli olmalıdır. Və bizim üçün də əhəmiyyətli olan elə ədəbiyyatın həmin tərəfidir.
- “Ədəbiyyat qəzeti”ndə “Müzakirə saatları” təşkil edirsiniz. Ola bilərmi ki, sizin o müzakirələrinizi telekanallardan biri canlı yayımlasın? Bu məsələni televiziyalar qarşısında bir təklif və ya təşəbbüs kimi qaldırmaq olarmı?
- Müraciət etsələr, biz də razılıq verərik. “Müzakirə saatları”nda biz çağdaş ədəbiyyatın demək olar ki, bütün aktual məsələlərini müzakirə etmişik. Təkcə ədəbiyyatda deyil, cəmiyyətdə də etibarlı söz sahibi olan alimlərin iştirakı ilə maraqlı fikir mübadiləsi aparmışıq. Telekanallarda “Ədəbiyyat qəzeti”ni oxuyan səlahiyyətlilər də var. Hətta onların bəziləri bizim daimi müəlliflərimizdi. Müzakirə saatlarımızın toplusunu - “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” adlı kitab da buraxmışıq. Bu gün Azərbaycan Yazıçılar Birliyində həmin kitabın təqdimat mərasimi keçiriləcək. Televiziyalar maraqlansalar, “Müzakirə saatları”nı qəzetlə paralel, televiziya formatında da davam etdirərik.
- Son zamanlar şair və yazıçıların sosial şəraitlərinin ağır olması və bu iqtisadi çətinliyin onların yaxşı ədəbi mətnlər yaratmasına mane olmasından yazılır, danışılır. Sizin münasibətiniz necədi?
- İstəməzdim ki, bu məsələni bizim indiki söhbətimizin kontekstinə qarışdıraq. Yazıçının sosial təminatı, məncə, artıq ədəbiyyat faktoru deyil. Bunu yaradıcılıq müstəvisinə gətirmək düzgün deyil. Möhtərəm cənab prezident AYB-yə vəsait ayırır. O vəsaitdən “Ədəbiyyat qəzeti”nə də verilir. Və biz o vəsaiti işçilərin sosial qayğılarının həllinə deyil, kitabların nəşrinə yönəldirik. Bunu başqası necə başa düşürsə, onun öz işidir. Məişət məsələlərinin, sosial məsələlərin ədəbiyyat kontekstində müzakirə olunmasını qəbul edə bilmirəm.
- İddialara görə, bizdə milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər yazılmır. Bu fikirlərlə razısınızmı?
- Qarabağın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın ədəbiyyatlaşmış obrazı Fransa cəmiyyətində nə qədər maraq doğura bilər? Onların qəhrəmanları bizim üçün nə qədər maraqlıdırsa, bizim də qəhrəmanlarımız onlara o qədər maraqlıdır. Milli qəhrəmanların təbliği bizim öz gənclərimiz üçün, onların vətənpərvərlik ruhunun daim diri qalması üçün lazımdır. Dağlıq Qarabağ problemini isə ümumdünya ədəbiyyatının faktına çevirəcək yazıçının, romanın yolunu hamı kimi mən də həsrətlə gözləyirəm.
- 31 mart soyqırımı, 20 yanvar hadisələri və Xocalı faciəsi ilə bağlı effektiv mətnlər yazılıbmı?
- Bu sualı yuxarıda cavablandırdım....
- Gənc şair və yazıçılarda özümüzünküləri, öz klassiklərimizi bəyənməmək hissi, eqosu var...
- Belə hallar epizodikdir...
- Məsələn, gənc yazarlar bütün günü “Mən Mirzə Cəlildən, Sabirdən, Səməd Vurğundan böyüyəm” iddiası ilə çıxış edirlər...
- Bir yeniyetmə durub deyə bilər ki, mən atamdan daha güclüyəm. Amma bu o demək deyil ki, o, doğrudan da atasından böyükdür və ya güclüdür. Səhv etmək gəncliyin halal haqqıdır. Ancaq bir şərtlə ki, səhvlərində ifrata varmasınlar.
- Ədəbi tənqidimizlə bağlı da durumun ürəkaçan olmadığı bildirilir. Qeyd olunur ki, guya, tənqidçilərimiz nepotizmə yol verirlər. Doğru yanaşmadırmı?
- Bu gün Azərbaycanın bütün ədəbi tənqid elitası “Ədəbiyyat qəzeti”ndədir. Vaqif Yusifli, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Cavanşir Yusifli, Elnarə Akimova, Mətanət Vahid... Və dediyiniz nepotizm “Ədəbiyyat qəzeti”ndə heç bir tənqidçinin yazdığında müşahidə olunmur və oluna da bilməz. Söhbət həqiqi ədəbi tənqiddən gedirsə, nepotizm heç bir halda yoxdur. Məsələn, yazıçı hekayə yazıb qəzetə göndərir. Hekayə bəyənilir, çap olunur. Və tənqidçilər onun barəsində ciddi tənqidi yazılar yazır. Sadəcə, tənqidçilərimiz də mükəmməl ədəbi mətnlərin sorağındadır. O qədər. ..
- Kitabla bağlı da belə pessimist düşüncə, stereotip formalaşıb ki, Azərbaycanda yaxşı kitab yoxdur, ona görə də oxucu azdır və ya yoxdur...
- Azərbaycanda yaxşı kitab var və yaxşı kitabın yetərincə oxucusu da var.
- Bildirilir ki, kitab evləri, kitab satış mərkəzləri, kitabxanalarla bağlı da vəziyyət ürəkaçan deyil. Məxsusi olaraq, regionlarda bu sahədə durum daha dözülməzdir. Necə qiymətləndirirsiniz?
- Mənim rayonlara çıxmaq imkanım azdır. Öz doğulduğum rayona gedib-gəlirəm. Orada əvvəldən mövcud olan kitabxanalar yerində qalır, bağlanmayıb və oxucular da var. Bu gün Axundov adına Azərbaycan Milli Kitabxanasına gedin, görəcəksiniz ki, oxucular elə əvvəlki coşqu ilə gəlir Milli Kitabxanamıza.