Qismət Rüstəmov: "Bütün davalar da bu imkanın yaradılması ilə bağlı olmalıdır"
"Dünyanın heç yerində gənc yazıçının boynuna ölkənin taleyüklü məsələləriylə bağlı əsər yazmaq məsuliyyəti qoyulmur"
“Milli qəhrəman” kimi plakatlar dünyanın heç bir yerində ciddi ədəbiyyatçının mövzusu ola bilməz
Tanınmış şair, tərcüməçi Qismət Rüstəmov “Şərq”ə danışıb. Onunla yaradıcılıq fəaliyyəti, Azərbaycan ədəbiyyatının hazırkı durumu, çağdaş ədəbiyyatla, klassik ədəbiyyatın müqayisəsi, ADU-dakı “Yaradıcılıq Fakültəsi”nin ədəbiyyata töhfəsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Bundan başqa, şairlə xarici ədəbiyyatdan etdiyi maraqlı tərcümələr, “Ədəbiyyatımız Biləcərini o tərəfə keçə bilmir” iddiası, ölkə sərhədlərindən kənara çıxa biləcək ədəbi mətnlərin mövcud olub-olmaması mövzularını müzakirə etdik. Eyni zamanda Q.Rüstəmovla ədəbi tənqidlərin səviyyəsi, ədəbi layihələrin efirlərə daşınması, gənc şair və yazıçıların sosial şəraiti, onların müharibə mövzularına az müraciət etməsi məsələlərinə toxunduq. Həmçinin bu günlərdə paytaxt Bakıda qurulan “Kitab dayanacaqları”, kitab sərgisi, kitab evləri, əbəbiyyat adamlarının siyasətə meyl göstərməsi və başqa mövzulara diqqət çəkdik.
- Hazırda ədəbiyyatla bağlı hansı işlər görürsünüz və gələcəkdə nə kimi planlarınız var?
- İndi əsasən elmi yaradıcılıqla məşğulam, dissertasiya işimi yazıram. Amma bununla yanaşı, gələn il üçün bir şeir, bir esse kitabı hazırlamışam. Bu, həm müxtəlif illərdə yazdıqlarımdan seçmələrdir, həm də heç yerdə çap olunmayanlar. Bir də çoxdandır dünyaca məşhur müəlliflərin poeziya haqqında yazılarından ibarət, şərti adı “Poeziya sənəti” olan bir kitab hazırlayıram. Yəqin gələn ilə onu da çap etdirərəm.
- Çağdaş Azərbaycan ədəbiyyatı əvvəlki illərdə yaradılmış ədəbi nümunələrdən nəyi ilə yaxşıdır və nəyi ilə pisdir?
- Çağdaş Azərbaycan ədəbiyyatı əvvəlki illərdən fərqli olaraq dünyadan təcrid olunmuş ada deyil. O, artıq yavaş-yavaş özünü dünyanın tərkib hissəsi görməyə can atır. Və bunu edərkən, özündə olanı qiymətləndirməyə başlayıb. Artıq müasir müəlliflər ədəbiyyatı təkcə yazıb kənara çəkilməkdə görən əski metodlarla qiymətləndirmir. PR kampaniyasından tutmuş imza günlərinin formatına, xarici dillərə tərcümə strategiyalarına qədər hər şey onları düşündürür. Burda nə qədər uğurlu nəticə əldə olunur, bu artıq başqa problemdir.
- Yanılmıramsa, BSU-dakı “Yaradıcılıq Fakültəsi” ADU-da yaradıldı. Bu fakültənin ədəbiyyatımıza töhfəsi nədir, nədən ibarətdir?
- "Yaradıcılıq Fakültəsi" görkəmli Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın ideyası və təşəbbüsü ilə 2007-ci ildə, təxminən, Rusiyadakı Maksim Qorki adına Ədəbiyyat İnstititunun xırda modeli kimi yaradılıb. Fakültə o vaxt BSU-da formalaşanda sənət mühitində çox ciddi rezonans doğurdu, effektiv oldu. İlk məzunlarından biri elə mən olmuşam. Sonradan Kamal müəllim ADU-ya rektor təyin olunanda, bu ideyanı yenidən diriltmək qərarına gəldi və onun bu ideyaya sonsuz sevgisi sayəsində biz bu gözəl işi yenidən başlaya bildik. Burda tədris ənənəvi formatda olmur. Tutalım, yazmaq bacarığı olan, amma təhsili olmayan, yaxud təhsili olan, amma mühitə qaynayıb-qarışmadığı üçün onun yazılmamış qaydalarını bilməyən gənclərə, bəlkə də, heç yerdə əldə etməyəcəkləri imkanlar yaradılır. Tanınmış yazıçıların, alimlərin mühazirələrini dinləyirlər, xarici dil öyrənirlər, hər həftə onların yazdıqları müzakirə olunur və bütün bunlar ödənişsizdir. Əslində bu praktika dünyada var, məsələn, dünyanın bir nömrəli universiteti olan Harvardda hər bir tələbəyə əsas ixtisasından və seçmə fənlərdən başqa, universitetin məsləhət gördüyü fənlər qrupu təklif edilir, onların içində etika, yaradıcı yazı kimi fənlər olur ki, bu da elə təxminən bizim etməyə çalışdığımız şeydir.
- Bildiyim qədəriylə məşhur əcnəbi yazıçıların əsərlərini dilimizə tərcümə edirsiniz. Feysbukda qeyd etmişdiniz ki, bəzən sizə "irad"da tuturlar ki, niyə bu mənasız işlə məşğul olursunuz. Sizcə, bu, mənasız işdir, yoxsa hansısa zərurətdən doğur?
- Mənasız iş saysam, davam etdirməzdim, elə bilirəm, bir vaxtlar bu barədə yazdığım fikri təkrarlasam, yerinə düşər. Bir dəfə dostlardan biri dodağının ucunda oynaşan sevgi-istehza qarışığı təbəssümlə dedi: "Nəyinə lazımdır bu kitabları tərcümə etmək? Elə bilirsən, xeyri olacaq?" Reallığın adama ağ bayraq qaldırdan bucaqlarından baxanda, üstəlik, öz yazılarında "tapana" qədər oxuyub-bildiklərini gizlətməklə həmkarlarına da, oxucularına da üstün gəlmək imkanı varkən, doğrudan da mənim gördüyüm iş uşaqcasına sadəlövh, infantil, faydasız bir əməkdir. Halbuki, ədəbiyyatdakı məqsədlərim həmişə başqa olub. Bu, bir az içimdəki hər şeyə cavab axtaran həvəsli uşağı sağ-salamat yetkinliyə köçürmək arzusudur. Bir az da nə vaxtsa özümə tuşlanmaq ehtimalı olsa belə, daha urbanistik, daha çağdaş metodlarla silahlanmış bir sənət mühitinin yaranmasına yardımçı olmaqdır. Yəni mən ədəbiyyatı Leylinin atası tərəfdən vuruşanların uduzduğunu görüb qarşı tərəfə keçən Məcnun kimi yaşayıram. Amma qorxuram yenə səhra qalib gəlsin...
- Nə qədər bayağı səslənsə də, reallıq odur ki, bəzən “Ədəbiyyatımız Biləcərini o tərəfə keçə bilmir” kimi iddialara rast gəlirik. Bu düşüncə niyə formalaşıb və onunla razısınızmı?
- Bunun bir-biriylə bağlı bir neçə səbəbi var. Birincisi, öz mədəniyyətinə inamsızlıq, aşağılıq kompleksi. İkincisi, bu inamsızlığı doğuran nədir? Tutalım, Azərbaycan mədəniyyətini, Azərbaycan kitabını təmsil etmək qabiliyyəti olanlar qıraqda qalır, bizi xaricdə elə müəlliflərlə, elə kitablarla təmsil edirlər ki, təkcə başqalarının gözündə rüsvay olmuruq, elə birinci öz gözümüzdən düşürük.
- Ədəbiyyat sahəsində niyə heç dünyanı demirəm, MDB məkanında tanınan gənc şair və yazıçımız yoxdur və ya varsa kimdir, kimlərdir?
- Bilirsinizmi, bunun səbəbi müəllifdən, müəllif talantından çox, sənaye ilə bağlıdır. Bütün dünyada kitab sənayesi ayrı mexanizmlərlə işləyir, biz o mərhələyə, əfsus ki, çatmamışıq. Təsəvvür edin, bizdə özünə ən bərkgedən, ən müasir nəşriyyatın nümayəndəsi müəllifə deyir ki, kitabını reklam elə. Demək, müəllif həm kitabı yazmalıdır, həm çap etdirməlidir, həm reklam etməlidir, həm pul tapıb tərcümə etməlidir və s. Bu həlqəni uzatmaq olar. Amma inkişaf etmiş ölkələrdə müəllif kitabını nəşriyyata təqdim edəndən sonra bu sıradakı hər bir mərhələ ilə ayrı adam məşğul olur. Hər şey təşkil edilir, müəllifə xəbər verilir ki, gəl kitabını imzala, yaxud bir paneldə çıxış et, filan qəzetə müsahibə ver. Yoxsa bütün uzaq və yaxın qonşularımız dahidir, bizdə heç nə yoxdur, əsassız fikirdir.
- Bəzən gənc şair və yazıçılar iddia edirlər ki, onlar daha çox fərdlər üçün yazırlar. Yəni hesab edirlər ki, ədəbiyyat, klassik media, teatrlar artıq maarifçilik missiyalarını başa vurublar. Doğrudanmı belədir?
- Maarifçilik öz ömrünü başa vurmayıb, sadəcə öz formasını və məzmununu dəyişib. Tutalım, 150 il qabaq maarifçilik deyəndə ən sadə mənada əhalinin oxuyub-yazmaq qabiliyyətinin artırılması nəzərdə tutulurdusa, bu gün qərb dünyasında “digital literacy” təbliğ və tədris edilir. Yəni artıq dünyanın gələcəyi gözünü açıb smartfon, tablet, planşet görmüş gənc nəsildir. İndinin maarifçiliyi də, tutalım, “virtual dünyada bilgini necə əldə etmək lazımdır?” tipindədir. O ki qaldı yalnız fərdlər üçün yazmağa, başqalarını bilmirəm, mənim düsturum belədir: müəllif ehtimal edilən ideal oxucu üçün yazmalıdır, oxucusu çox olarsa, lap yaxşı.
- Baxın, bəy, telekanallarda az qala bütün günü cəmi 60 saz havası, elə o kəmiyyətdə də şeir bilənlər “at oynadır”. Eynilə də müğənnilər, meyxana deyənlər... Ola bilərmi ki, ədəbiyyatla bağlı, ədəbi-bədii məsələlərin teleməkanlarda müzakirəsinə dair hansısa bir layihə təklif edəsiniz. O layihə əsasında aparılan ədəbi müzakirələr çayxanalarda deyil, məhz efirlərdə aparılsın. Bu da həm ədəbiyyat adına, həm də cəmiyyət adına müsbət impuls vermiş olar...
- Bizim Sahilə İbrahimova ilə birgə “Çətir, eynək və s” adlı bir verilişimiz vardı, Yutub üzərindən yayımlanırdı, TEAS Press-in dəstəyi ilə çəkilirdi. Sonradan nəşriyyat müqaviləni uzatmadı, indi biz axtarışdayıq, ideyanı yaşatmaq istəyirik. Bir neçə televiziyaya müraciət etmişik, amma müxtəlif bəhanələr gətirirlər, yaxın durmaq istəmirlər. Bizim isə nə aşıq, nə də meyxanaçı deyən olmaq fikrimiz var.
- Son zamanlar şair və yazıçıların sosial şəraitlərinin ağır olması və bu iqtisadi çətinliyin onların yaxşı ədəbi mətnlər yaratmasına mane olmasından yazılır, danışılır. Sizin münasibətiniz necədir?
- Bu barədə məşhur ingilis yazıçısı Tim Parksın “Pulun yaxşı yazmağa xeyri varmı?” adlı essesini tərcümə etmişəm. Düşünürəm ki, yaradıcı prosesi tam mənada maddi məsələlərlə bağlamaq düzgün olmasa da, müasir dünyada maddi təminat əhəmiyyətli faktordur. Mətn yazılarkən mənəviyyat ola bilər, ancaq çap olunandan sonra həm də əmtəədir və bunun adekvat qarşılığı olmalıdır ki, müəllif həyatını qura bilsin. Təxminən 15 il bizim sənət mühitində axmaq bir formul icad edilmişdi: özünə başqa qazanc yeri tap, qıraqdan da bala-bala əsərlərini yaz. Bu formul reallıqla nə qədər səsləşirmiş görünsə də, ədəbiyyatı, incəsənəti həmişə başqa sahələrin yedəyində gördüyü üçün, mənim gözümdə çox mədəniyyətsiz formuldur. Ədəbiyyat adamı elə ədəbiyyatla yaşamalıdır, bütün davalar da bu imkanın yaradılmasıyla bağlı olmalıdır.
- İddialar var ki, bizdə milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər yazılmır. Məxsusi olaraq gənclər buna meyl etmirlər, onlar daha çox erotikadan və ya digər intim məsələlərdən yazırlar. Bu fikirlərlə razısınızmı?
- Axmaq iddiadır. Birincisi, bizdə Qarabağ müharibəsindən sonra insanların yaşadıqları sarsıntılarla bağlı Şərif Ağayarın çox yaxşı əsərləri var. İkincisi, dünyanın heç yerində gənc yazıçının boynuna ölkənin taleyüklü məsələləriylə bağlı əsər yazmaq məsuliyyəti qoyulmur. Üçüncüsü, “milli qəhrəman” kimi plakatlar dünyanın heç bir yerində ciddi ədəbiyyatçının mövzusu ola bilməz. Dördüncüsü, məncə, bizdə bu mövzularla kifayət qədər al-ver edənlər var, yəni deyilənin əksinə yazılmır yox, həddindən artıq çox yazılır.
- Gənc şair və yazıçılarda özümüzünküləri, öz klassiklərimizi bəyənməmək hissi, eqosu var...
- Fərdi problemdir. Klassiklər dünyanın hər yerində zaman-zaman polemikaya cəlb olunur, yenidən dəyərləndirilir. Hər yeni nəslin klassikayla öz polemikası olmalıdır, bu, normaldır. Klassika bir az da elə budur – hər təzə gələn özünü ona çırparaq həm özünü, həm də onu təsdiq edir. Bir dəfə mənə kitabını imzalayıb verən gənc bir şairdən soruşdum ki, kimləri oxuyursan? Qayıtdı ki, heç kimi oxumuram, təsirə düşərəm. Bayaq imzalayıb verdiyi kitabı göstərib soruşdum: biz sənin kitabını niyə oxuyaq, birdən təsirə düşdük?
- Ədəbi tənqidimizlə bağlı da durumun ürəkaçan olmadığı bildirilir. Qeyd olunur ki, guya, tənqidçilərimiz nepotizmə yol verirlər. Doğru yanaşmadırmı?
- Tənqidçilərlə bağlı problem yoxdur, bu fikir tənqid adı altında al-verlə məşğul olanlara görə yaranıb, amma elə də ciddi məsələ deyil, indi şəffaf, divarları olmayan dünyada yaşayırıq, hamı hər şeyi görür, başa düşür.
- Bildirilir ki, kitab evləri, kitab satış mərkəzləri, kitabxanalarla bağlı da vəziyyət ürəkaçan deyil. Məxsusi olaraq, regionlarda bu sahədə durum daha dözülməzdir. Son günlər isə paytaxtda “Kitab dayanacaqları” quraşdırılır, beynəlxalq kitab sərgisi keçirilir. Sizcə, bu addımlar kitaba, oxu mədəniyyətinə olan itmiş marağı geri qaytara biləcəkmi?
- Nə qədər ki, kitabın, kağızın, çap avadanlıqlarının üzərindən ƏDV götürülməyib, biz yüz il eyni şeyləri təkrar edə-edə qalacağıq. Yaxın aylarda parlamentdə də müzakirə edilən bu problem həllini tapmasa, qalan işlərdən danışmaq əbəsdir. Yaxın qonşularımız Gürcüstan, Türkiyə kitabın üzərindəki ƏDV-ni götürdü, Belarusda dövlət kitab evlərindən icarə haqqı almır. Bu məsələlər hamısı bir-biriylə zəncirvari bağlıdır, əvvəlcə ƏDV ləğv olunmalıdır, sonra kitabın qiyməti ucuzlaşmalıdır, sonra tiraj qalxmalıdır, avtomatik olaraq mədəni proses paytaxtdan bölgələrə doğru genişlənməlidir. Onda həqiqətən biləcəyik ki, nə qədər oxucu və nə qədər yaxşı kitab var...
- Şairin, yazıçının siyasiləşməsinə necə yanaşırsınız, ümumiyyətlə, gələcəkdə, deputatlığa namizədliyinizi verə bilərsinizmi?
- Yazıçının politik, yaxud apolitik olması fərdi seçimidir. Mən gələcək haqqında düşünəndə, orda yazılmağı gözləyən əsərlər görürəm.