Əkrəm Həsənov: "Pul kütləsi çoxalır və belə olan halda sahibkarlar da qiyməti bahalaşdırır"
"Sosial evləri bir neçə evi olan zənginlər alıb kirayə verirlər. Bu problem Azərbaycanda gəlirlərin qeyri-bərabər səviyyədə bölünməsindən irəli gəlir"
Tanınmış iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Şərq”in suallarını cavablandırıb.
Onunla dünya bazarında neftin qiyməti, manatın məzənnəsi, ətin bahalaşmasına səbəb olan amillər, meyvə-tərəvəzin ucuzlaşmaması, kredit faizlərinin yüksək olması məsələləri ətrafında maraqlı fikir mübadiləsi apardıq. Bundan başqa, ekspertlə sosial evlərlə bağlı narazılıqlar, ərzaq məhsullarının keyfiyyətsizliyi, bazarlarda mənşəyi məlum olmayan ət və ət məhsullarının satılması məsələlərini müzakirə etdik.
- Aparıcı ölkələr arasındakı siyasi gərginliyi nəzərə alsaq, dünya bazarında neftin qiyməti ilə bağlı hansı proqnoz verilir?
- “Qara qızıl”ın qiymətinə dair qısamüddətli proqnoz vermək qeyri-mümkündür. Çünki burada geosiyasi maraqlar, iqtisadi amillərdən daha çox rol oynayır. Burada bir sıra dövlətlərin - ABŞ, Rusiya, Çin, Türkiyə, İran , Səudiyyə Ərəbistanı və Venesuelanın siyasi maraqları dayanır. Dünyanın siyasi səhnəsində böyük oyunlar gedir. Bu oyunlar ən çox Səudiyyə Ərəbistanı, İran və Venesuelada oynanılır. Bunlar dünyada böyük neft ehtiyatlarına malik ölkələrdir. Siyasi maraqlar, proseslər hər gün dəyişir. Bu mənada neftin qiymətinə dair qısamüddətli proqnoz vermək çətindir. Ən azı orta müddətli, yəni bir neçə il üçün proqnoz vermək mümkündür. Bir neçə il sonra neftin qiymətinin ucuzlaşma ehtimalı daha çoxdur. Birincisi, ona görə ki, qısa müddət ərzində İran və Venesuela ətrafındakı gərginlik səngiyəcək. Bu ölkələr də öz neftini bazara çıxara biləcəklər. ABŞ da öz neftini çıxarmağa davam edir. Üstəgəl, alternativ neft mənbələri də inkişaf edir. Yəni gələcəkdə neft bazarında təklif artacaq. Təklif artdıqda isə rəqabət yaranır və qiymət ucuzlaşır. Bu mənada neftin qiymətinin ucuzlaşma ehtimalı daha çoxdur. Amma bu qiymət dəyişikliyi siyasi amillərdən asılıdır. İlin sonuna qədər dünyada bir çox siyasi gərginliklər baş verə bilər. İran və Venesuela məsələləri ətrafındakı gərginlik şiddətlənə bilər. Bu halda neftin qiyməti bahalaşacaq.
- Azərbaycan manatının taleyi ilə bağlı nə düşünürsünüz, məzənnə dəyişə bilərmi?
- Manatın məzənnəsi birbaşa neftin qiymətindən asılıdır. Amma son iki ildə Azərbaycanda neftin qiymətinin sabit qalması fonunda kifayət qədər valyuta ehtiyatı toplanıb. Ona görə də qısamüddətli problemlər həmin valyuta ehtiyatları hesabına həll oluna bilər. Neftin qiyməti kəskin düşərsə belə, valyuta ehtiyatlarımız hesabına məzənnə qorunub saxlanılacaq. Hesab edirəm ki, ən azı yaxın 6 ay üçün manatın məzənnəsi ilə bağlı heç bir problem yoxdur.
- Ət də bahalaşıb. Səbəb nədir?
- Ətin bahalaşması daha çox maaşların artırılması ilə bağlıdır. Pul kütləsi çoxalır və belə olan halda sahibkarlar da qiyməti bahalaşdırır. Əməkhaqqı artanda, məhsulların da qiyməti bahalaşır.
- Bu il meyvə-tərəvəzin qiyməti ucuzlaşmadı...
- Çünki əmək haqları və pensiyanın artımı bazara təsir göstərir. Görünür, həm də bu il meyvə-tərəvəz bol olmayıb. Əgər bol olsaydı, qiymətlərə təsir göstərərdi. Həm meyvə-tərəvəzin bol olması, həm də əmək haqlarının artırılması bazarda bahalaşmaya gətirib çıxarıb.
- Bank kreditlərinin faizi ilə bağlı da müəyyən narazılıqlar var. Kredit faizləri 20-35 arasında dəyişir. Sizcə, kredit faizləri niyə azaldılmır?
- Bunun bir neçə səbəbi var. Mərkəzi Bankın (MB) uçot dərəcəsi 8 faizdir. MB banklara krediti 8 faizlə verir. Banklar da üstünə faiz qoyub, əhaliyə satır. Banklar o 8 faizin üstünə ən azı 3-4 faiz qoymalıdır. Buna görə Azərbaycanda 12 faizdən aşağı kredit ola bilməz. MB faiz dərəcəsini niyə aşağı salmır? Çünki MB inflyasiyanı da hesablayır. Mərkəzi Bank uçot dərəcəsini aşağı salarsa, banklar ucuz kreditlər verməlidirlər. Belə olan halda pul kütləsi arta bilər. İndiki halda da banklar ən azı 12 faizlə kredit verə bilərlər. Amma bizdə 18 faizdən aşağı kredit yoxdur. Bu artıq ölkədə məhkəmə və ya hüquq sistemi ilə bağlıdır. Bankların verdiyi kreditlərin geri qayıtmamasına dair risklər yüksəkdir. Banklar düşünürlər ki, onların verdikləri kreditlərin bir hissəsi qayıtmaya bilər. Bu da məhkəmə predmeti olacaq bir məsələdir. Bunlar da rəsmi və qeyri-rəsmi xərclərdir. Bu xərcləri bağlamaq üçün banklar faizləri yüksək qoyurlar.
- Sosial mənzillərin satış prosesinin şəffaf aparılmamasına dair fikirlər var. Bu sahədəki problemlər nədən qaynaqlanır və onu necə həll etmək olar?
- Bu, Azərbaycanda təbəqələşmənin kəskinliyi ilə bağlıdır. Normalda insanlar maddi durumlarına görə, 3 təbəqəyə bölünməlidir: zəngin, orta, kasıb. Amma bizdə çox zəngin olanlar var, bir də çox kasıb olanlar... Orta təbəqə isə azdır. Buna görə də belə mənzilləri kasıbların çoxu üçün əlçatan olmur. Həmin mənzilləri bir neçə evi olan zənginlər alıb kirayə verirlər. Bu problem Azərbaycanda gəlirlərin qeyri-bərabər səviyyədə bölünməsindən irəli gəlir. Ona görə də, sosial mənzillərlə bağlı mexanizm belə işləyir və nəticədə narazılıq yaranır. Həmin proseduru təkmilləşdirmək gərəkir. Hesab edirəm ki, sosial evlərlə bağlı şərtlər yumşalmalıdır və proses şəffaf və tam ədalətli aparılmalıdır. Qısaca deyim ki, məqsəd gənc və kasıb ailələri evlə təmin etməkdirsə, şərtlər yumşalmalı və proses şəffaf şəkildə aparılmalıdır.
- Ərzaq təhlükəsizliyinin yetərincə təmin olunmamasına dair iddialar var. Qida Təhlükəsizliyi Agentliyi hansı addımlar atmalıdır?
- Ümumən, bu sahədə son zamanlar normativ hüquqi aktlar qəbul olunub, qanunvericiliyimiz təkmilləşib. Qida Təhlükəsizliyi Agentliyi (QTA) yaranıb. Təəssüf ki, əksər qanunlar kağız üzərində qalır. Qida təhlükəsizliyi ilə bağlı Avropa ölkələrində mövcud olan qanunları dilimizə çevirməklə iş bitmir axı. Bu sahədə mütəxəssislər çalışmalıdır. Qida təhlükəsizliyinin təmin olunması ciddi işdir və bu sahədə şəffaflıq olmalıdır. Burada böyük biznes maraqları var. Sahibkarlar daha çox gəlir əldə etmək üçün ucuz, bol çeşidli, lakin keyfiyyətsiz məhsullar gətirirlər. Bu da ölkədə əhalinin gəlirlərinin aşağı olması ilə bağlıdır. İnsanlar ucuz ərzaq istəyirlər. Sahibkarlar da malın keyfiyyətini qurban verirlər. İnsanlar savadsızlığı və eyni zamanda kasıb olması həmin məhsulların satış dövriyyəsini daha da genişləndirir. Bu da sonda insanlarda ağır xəstəliklərin yaranmasına səbəb olur. QTA belə məsələlərə çox böyük diqqət ayırmalıdır.
- Mənşəyi məlum olmayan ətlərin satışı ilə bağlı dəstələr ifşa olunur. Məlumdur ki, bu adamlar illərdir, xalqımıza murdar ət yedizdiriblər...
- Bu, həmin dəstələrin əhaliyə qarşı apardığı silahsız, dinc terrordur. İnsanları zəhərləyirlər. Bu terrordu, başqa ad vermək olmur. QTA çevik, dinamik iş aparsa, belə hallar tamamilə aradan qalxa bilər. İş görməlidirlər. Təəssüf ki, vəziyyət hələ də düzəlmir və sonu da faciəvidir.