Doktor Almaniyadan "Şərq"ə danışdı: ”Koronaya qarşı vaksinin hazırlanması...” - İlginc detallar 

Rauf Əliyev: “...Ümumiyyətlə, vaksinin təsdiqlənərək istifadəyə verilməsi üçün bir ilə yaxın vaxt lazımdır”  

“Havaların isinməsi koronaya yoluxmanı azaldır, amma bu, o demək deyil ki, onu tamamilə məhv edir”

"Qriplə koronavirusun əlamətləri təxminən eynidir. Amma qrip  xəstəliyinə yoluxanlarda nəfəsalmanın çətinləşməsi heç olmur,  bəlğəmli öskürək və ishala nadir hallarda rast gəlinir. Əsas fərq də elə budur" 



Dünyanı ağuşuna alan və bəşəriyyətin baş ağrısına çevrilmiş koronavirus pandemiyasına qarşı Azərbaycanda ciddi preventiv tədbirlər həyata keçirilir. Virusun dünyada yayıldığı ilk günlərdən etibarən ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu təsis edildi. Prezident İlham Əliyev bir illik əmək haqqını bu Fonda ianə etdi.  Koronavirusun ölkə iqtisadiyyatına təsiri ilə bağlı 1 milyard manat vəsait ayrıldı. Koronavirusla mübarizə ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrıldı. Ölkə başçısı bir neçə dəfə xalqa tövsiyələrini ərz etdi. 
Heydər Əliyev Fondu virusa qarşı mübarizəyə böyük dəstək verdi. Fond yarım milyonluq yardım göstərdi. Xaricdən tibbi ləvazimatın  gətirilməsinə nail oldu. Ölkədə fəaliyyət göstərən iri özəl və dövlət müəssisələri də bu mübarizədə olduqca aktiv iştirak edirlər. Ölkədə xüsusi karantin rejimi elan edildi. Məhz bundan irəli gələrək ciddi izolyasiya və karantin tədbirləri reallaşdırılır. Polis və digər hüquq-mühafizə orqanları, həkimlərimiz  ciddi iş rejimində çalışırlar. İnsanlara olduqca mühüm məsləhətlər verirlər. İtaliya, İspaniya və Almaniya kimi inkişaf etmiş Avropa ölkələrinin bu pandemiya qarşısında aciz qalması xalqa faktlarla izah olunur. Yaşlılara, ahılara və aztəminatlı ailələrə yardımlar edilir. Əlbəttə, bütün bunlar əhalinin sağlamlığının, təhlükəsizliyinin təminatı üçündür. Əfsuslar olsun ki, bəziləri təhlükənin real olduğunu başa düşmür və məsuliyyətsiz davranmağa davam edir. Qaydalar və tövsiyələrə əməl etmirlər.



Biz də “Sherg.az” olaraq pandemiyanın Avropada, konkret olaraq Almaniyada yaratdığı vəziyyət və ümumiyyətlə, bu virusdan qorunmağın yollarını öyrənmək məqsədilə Azərbaycan Tibb Universitetinin məzunu, hazırda Almaniyanın "Helios Klinikum Niederberg” klinikasının Hekimi, Moskva Sosial Reabilitasiya Akademiyasının İdman Travması kafedrasının müdiri, müxtəlif dillərdə çap olunan 100-ə qədər elmi məqalənin müəllifi, ortopedik Xestelikler ve  idman travmalarının müalicəsi sahəsində peşəkar mütəxəsis Profesor Dr. med. Rauf Əliyevlə əlaqə saxladıq.

Onunla söhbəti təqdim edirik.   

- Koronavirus hansı hallarda yoluxur? 

- Rəsmi adı “COVİD- 19” olan koronavirus öskürmə və asqırma ilə yayılır. Virus səthlərə yapışıqdır və birbaşa üzünə öskürülmədiyi, asqırılmadığı halda yoluxma olmur. Bu virus ancaq ağciyərlərə yoluxur. İnfeksiyanın insana yoluxması halı əllərinizlə burnunuza və ağzınıza toxunmaq və kiminsə üzünüzə öskürüb, asqırması ilə mümükdür. 

- Əlamətləri nədir və onun mövsümi qripdən nə kimi fərqləri var? 

- Koronavirusun əlamətləri qızdırma, quru öskürək, bəlğəmli öskürək, yorğunluq, nəfəsalmanın çətinləşməsidir. Həmçinin, bəzən burun axması, boğaz ağrısı, ishal, bədən və baş ağrısı da ola bilər. Qriplə koronavirusun əlamətləri təxminən eynidir. Amma qrip  xəstəliyinə yoluxanlarda nəfəsalmanın çətinləşməsi heç olmur,  bəlğəmli öskürək və ishala nadir hallarda rast gəlinir. Əsas fərq də elə budur. 

- Koronavirusla bağlı Almaniyada vəziyyət necədir?

- Almaniyada hazırda  67 min korona xəstəsi var. Amma bu rəqəm hər gün artır. Dövlət ciddi karantin tədbirləri görür. Aprelin 30-na kimi orta və ali məktəblər bağlanıb.  Bir çox iş yerləri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Ancaq həyati əhəmiyyətli iş yerləri fəaliyətini davam etdirir. Bütün Tibbi Mərkəzlər, xəstəxanalar koronavirusa qarşı mübarizə aparır. Almaniyanin bəzi əyalətlərində küçəyə çıxma qadağası var. İki adamdan çox birlikdə çölə çıxa bilməzsən. Yalnız ailə üzvləri qrup halında gəzə bilər. Məclislərin, o cümlədən toyların, yasların keçirilməsi qadağandır. Bu qadağalara əməl etməyənlər cərimələnirlər.
 
- Siz özünüz də bir həkim olaraq bu işdə iştirak edirsinizmi? 

- Mən Almaniyada bir şəhər xəstəxanasında  Ortopediya və Travmatologiya Klinikasında şöbə müdiri olaraq çalışıram. Bizim xəstəxanada hazırda koronaya qarşı ciddi tədbirlər görülür.  Əvvəl bizi bu xəstəlik və ona qarşı mübarizə haqqında məlumatlandırdılar, kurslar təşkil etdilər. Klinikanın intensiv şöbəsində korona xəstələri üçün yataq sayı 50-yə artırıldı. Koronavirusa yoluxması ehtimal olunanlar qəbul şöbəsində kilinik müayinə olunurlar: onlarda bayaq dediyim simptomların olub-olmaması yoxlanılır, testlər edilir. Testinin nəticəsi pozitiv çıxanlar xəstəxanaya yerləşdirilərək müalicə olunurlar. Testin nəticəsi mənfi çıxanlar, amma korona xəstələri ilə ünsiyyətdə olanlara isə 14 gün evdə karantin şəraitində qalmaları tövsiyə edilir. Əgər onlarda xəstəliyin hansısa əlaməti hiss olunursa, yenidən bizə müraciət etmələrini məsləhət görürük. Mən də klinikanın bir həkimi olaraq koronavirusa qarşı mübarizədə fəal iştirak edirəm. 

- Ümumiyyətlə, bu virusdan necə qorunmaq olar? Azərbaycan xalqına tövsiyələriniz mühümdür….

- İmkan daxilində evdə qalmaq lazımdır.  Əgər işləyirisinizsə və evdən çıxmağa məcbursunuzsa, gərək bəzi profilaktik tədbirlərə əməl edəsiniz. Əllərin təmiz saxlanılmasına diqqət etmək lazımdır. Çöldən evə gəldikdə və ya nəyəsə toxunduqdan sonra əllər ən azı iyirmi saniyə sabunla yuyulmalıdır. Sabun və isti su olmadığı təqdirdə isə minimum 60 faizli anti-septik spirtdən istifadə etmək mümkündür.  Öskürən, ya da asqıran zaman ağız, burun tək istifadəlik salfet və ya dəsmalla bağlanmalıdır. Bunun üçün dirsəyin iç tərəfindən də istifadə etmək olar. İnsanların çox olduğu yerlərdən uzaq durmaq, əllə görüşməkdən, qucaqlaşmaqdan qaçmaq lazımdır. Çirkli əllərlə ağız, burun və gözlərə təmasa yol verilməməlidir. Otaqların, siniflərin, iş yerlərinin havası tez-tez dəyişilməlidir. İmmunitetin zəifləməsinin qarşısını almaq üçün müntəzəm və sağlam qidalanmaq lazımdır. Qidaları yeməzdən əvvəl yaxşı yumaq əsas şərtdir. Ən əsası isə Allaha dua etməkdir. 

-Karantin rejimində necə davranmaq lazımdır?

- Təmizliyə və sağlam qidalanmaya riayət etmək zəruridir. Ancaq məcburi hallarda, o cümlədən alış- veriş üçün, həkimə getmək üçün evdən çıxa bilərsiniz. Qonaq getmək olmaz. Özünüzlə yanaşı, valideynlərinizi də qorumaq, onları bilgiləndirmək vacibdir. Çünki bu xəstəlik ən çox yaşlılara yoluxur. 
 
-Virus nə vaxta kimi davam edə bilər? Havaların isinməsinin buna bir təsiri olacaqmı? 

- Bunu ancaq Allah bilir. Amma düşünürəm ki, karantin rejiminə, tövsiyə və tapşırıqlara əməl etdiyimiz halda 2-3 ay ərzində qorxulu günləri arxada qoyacayıq. Çünki ölənlərin və yoluxanların sayı kəskin azalacaq. Bunun üçün gərək dində də göstərildiyi kimi, təmiz olaq, sağlam qidalanaq. Havaların isinməsi koronaya yoluxmanı azaldır, amma bu, o demək deyil ki, bütünlüklə məhv edir. Bildiyiniz kimi, isti Ərəb və Afrika ölkələrində də bu xəstəlik  yayılıb. 

- Vaksinin tapılması üçün dünya alimləri hansı işləri görürlər? 

- Amerikada, Avropada, Tükiyədə vaksin tapılması üçün elmi araşdırmalar gedir. Hələ ki, bir antivirus tapılmayıb. Ümumiyyətlə, vaksinin təsdiqlənərək istifadəyə verilməsi üçün bir ilə yaxın vaxt lazımdır.  

- Bu virus niyə məhz Çindən başladı ? 

- Bunu dəqiq mən də  bilmirəm. Amma bir həkim kimi düşünürəm ki, bu, Çində bütün heyvan növlərini yeyilməsilə bağlı ola bilər. Üstəlik, bazarlarda gigiyena qaydalarına əməl olunmur. Ona görə də, məncə, koronavirus heyvandan insana keçə bilər. Ancaq təbii ki, məsələnin siyasi tərəfi də istisna deyil. 

Kənan Novruzov,
Ayyət Əhməd