Ermənistan noyabrın 15dən etibarən Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirib. Aramsız döyüşlər həmin gün gecə saatlarında dayanıb. Ötən şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, "Qaragöl" istiqamətində "cəmləşən" erməni hərbçilərini mühasirəyə alıb, sonradan isə Rusiyanın xahişi ilə onları geri qaytarılıb. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsi ilə bağlı mübahisələr davam edir. Ümumiyyətlə, Azərbaycan bağlı operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə real vəziyyəti çatdırıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəngi, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatları – hamısında narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Lakin ölkəmiz aylardır ki, sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir. Ermənistan isə bu çağırışlara konkret reaksiya vermir.
Əksinə Ermənistanın xarici ölkə və təşkilatlara müraciətlərində qorxaqlıq, acizlik, yaltaqlıq və şantaj əlamətləri var. Ermənistan TŞ-nın katibi Armen Qriqoryan, Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlama yayır. Ermənistanın münasibətinə fikir bildirən rusiyalı jurnalist Maksim Şevçenko hesab edir ki, Ermənistan Rusiyanı şantaj etməkdə davam edərsə, Qarabağın əvəzinə Zəngəzurun statusunu müzakirə etməli olacaq.
Vəziyyəti şərh edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli mövcud durumla bağlı “Sherg.az”ın suallarını cavablandırıb.
-Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atır. Lakin reallıq fərqlidir, Ermənistandan müsbət cavab görmürük, proses ləngidilir. Səbəb nədir?
- Sərhədlərin demarkasiya və delimitasiya məsələsi Azərbaycanın maraqlarına tam cavab verir. Ölkəmiz həmişə inadkarlıqla deyir ki, Azərbaycan – Ermənistanm arasında bu prosesi həyata keçirmək lazımdır. Söz xatirinə olsa belə, Rusiya da mövzunu gündəmə gətirir. Amma Rusiyanın sözügedən məsələdə ciddi maraqları var, lakin nə olduğu açıqlanmır. Müxtəlif informasiyaları analiz edəndə anlayarıq ki, Rusiyanın marağı demakrasiya və delimitasiya məsələsindən istifadə edərək Azərbaycana müəyyən mənada təyqiz göstərməkdir. Eyni zamanda Ermənistanla Azərbaycan sərhədinə rus hərbçilərini yerləşdirməkdir. Amma Azərbaycan tərəfi buna razılıq vermir. Rusiya deyir ki, demarkasiya və delimitasiya prosesində qarşılıqlı güzəşt edilməlidir. Lakin güzəştin mahiyyəti ictimaiyyətə açıqlanmır. Yəqin ki, Azərbaycan rəhbərliyi Rusiyanın məqsədi və istəyini bilir. Güzəştlərdə ərazi mübadiləsindən söhbət gedirsə, bunu açıq şəkildə bildirməlidir. Qazaxın kəndlərini nəzərdə tuturlarsa, onu da söyləməlidirlər.
Ümumiyyətlə, Azərbaycanın marağı sərhədləri tam müəyyənləşdirməkdir. Rəsmi İrəvan isə ölkəmizin ərazi bütövlüyünü tanımamaqla prosesi uzatmağa çalışır. Bəhanə ortalığa atır. Guya, sərhədboyu Azərbaycan və Ermənistan hərbi birləşmələri geri çəkilməlidir, sonra demarkasiya və delimitasiya məsələsi həyata keçirilməlidir. Bu absurddur. Xəritəyə uyğun olaraq sərhəd müəyyənləşəcək. Geri çəkilməyə nə ehtiyac var? Məlum təkılif, mübahisə yaratmaqdan ötrüdür. Azərbaycan tərəfi sərhədləri müəyyənləşdirməyin Ermənistanla aralarında həll edəcəyi məsələ olduğunu söyləyir. Başqa ölkələrin iştirakına ehtiyac yoxdur. Ölkələrin marağı “bulanıq suda balıq tutmağa” çalışmaq kimidir. Erməni terrorçusu Mirzoyanın Azərbaycan hərbçilərinin dayandığı posta əl qumbarası atmasını bir dəfə dilə gətirmirlər. Niyə? Erməni silahlı birləşmələrinin Xankəndi və ətraf ərazilərdən çıxarılması nəzərdə tutulur, nə üçün bu barədə danışmırlar?”.
-Ermənistan Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlama yayıb. Belə çıxır ki, rəsmi İrəvan Rusiyanı şantaj edir?
- Ermənistan Rusiyanın prosesdə iştirakına razılıq verir. Nəzərə almaq lazımdır ki, faktiki olaraq rəsmi Moskvanın təyziqi altında fikir irəli sürür. Rusiyanın generalı, Baş Qərargah rəisi gəlmişdi. Guya, özü ilə xəritələri gətirmişdi. Rusiya prezidenti Vladimir Putin kənar qüvvələrə ehtiyac olmadığını demişdi. Rusiyanın Ermənistan üzərində dominantlığı açıq-aşkardır. Ermənilər bunu gizlətmirlər. Həqiqətən, Rusiyanın prosesdə iştirakı Azərbaycanın ziyanınadır. Onsuz da Ermənistan tərəfdə rus bazaları, hərbçiləri var. Paşinyan Avropaya mesaj ötürür, guya Rusiyanın prosesdə olmasını istəmir. İkili oyun oynayır. Rusiya onu sıxışdıranda şərtlər ilə razılaşır. Bir neçə müddət öncə, erməni baş nazir bildirmişdi ki, Ermənistan ATƏT-in həmsədr ölkələrinin hərbçilərini sərhədboyu yaxud Laçın-Kəlbəcər ərazidə yerləşdirilməsini istərdi. Xüsusilə Fransa hərbçilərini nəzərdə tuturdu. Sonradan mövzu gündəmdən çıxdı, Rusiyanın rəsmi İrəvana təpki göstərdiyini başa düşdü, məsələni kənara atdı”.
-Rusiya və Errmənistan sərhədlərin demarkasiya və delimitasiyasının tezliklə həllini istəmirlər?
- Paşinyan prosesi uzatmaq istəyir ki, Ermənistanın əhalisinin ona qarşı aqressiyası azalsın. Rusiya isə öz hərbçilərinin ərazilərimizdə daimi mövcudluğunu təmin etməyə çalışır. Düyün açılmır, məsələ uzandıqca Rusiyaya möhtac olacaqlar. Belə ki, rəsmi Moskva regionda mövcudluğunu davam etdirəcək. İşlərin ləngiməsi Ermənistana və Rusiyaya “əl verir”. V.Putin və N.Paşinyan bilərəkdən sülh prosesini yubadırlar.
Son günlər sosial mediada Rusiyanın ünvanına ismarıclar göndərirlər. Deyirlər, Rusiya öhdəliyini yerinə yetirmir. Hətta 1997-ci ildə Rusiya ilə Ermənistan arasında təhlükəsizlik təminatı ilə bağlı xüsusi müqavilə imzalandığı bildirilir. Guya, KTMT üzvü olduğuna görə Ermənistana digər üzv ölkələr də kömək etməlidir. Söyləyirlər ki, sərhəddə olan gərginlik üçün Azərbaycana təzyiq göstərilməlidir. Lakin rəsmi şəkildə müraciət olunmayıb. Paşinyan Rusiya prezidenti ilə danışığında bundan söz açıb. Amma Moskva da məsələ soyuq yanaşır. Paşinyan məsələni şişirdir. Təxribat törədən, mübahisə yaradan Ermənistandır.
-Türkiyə bu döyüşlərdə də Azərbaycan dəstək ifadə etdi...
-Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki Türkiyə Azərbaycanın yanındadır, istənilən halda müharibəyə başlaya bilərik. Buna görə belə ifadələr səsləndirirlər. Rusiya Türkiyənin məsələni silahlı yollarla həll edə biləcəyini bilir.
-Rusiyalı jurnalist Maksim Şevçenko hesab edir ki, “Ermənistan Rusiyanı şantaj etməkdə davam edərsə, Qarabağın əvəzinə Zəngəzurun statusunu müzakirə etməli olacaq”. Bu halda Zəngəzurun statusu gündəmə gələ bilərmi?
- Müəyyən sərhəd zonada yerləşən torpaqların mübadiləsi ilə əlaqədar olaraq ərazi dəyişdirilməsi gündəmə gələ bilər. Bütövlükdə Zəngəzurun status məsələsi çətin gündəmə gələr. V.Putin siyasət müəllimi Anatoli Sobçakın fikrini sitat gətirmişdi: “Bir halda ki, SSR dağılır. Onda müttəfiq respublikalar hansı ərazilərlə SSR-yə daxil olmuşdularsa, həmin ərazilərlə çıxmalıdır”. Məncə, o bunu ürəkdən demir, sadəcə Azərbaycanı şirnikləşdirmək istəyir. Qərbi Zəngəzurun Azərbaycan birləşdirilməsinə Rusiyanın razılıq verəcəyi reallığa uyğun gəlmir. M.Şevçenkonun fikrinin reallaşmasını istəyərdik. Təəssüf ki, bu Kremldə qərar verən siyasətçilərin düşüncələri deyil.