Fərman Kərimzadənin qızı: "Artıq 33 ildi, amma mən hələ də özümə gələ bilmirəm"

“Atamın ölümü mənim üçün müəmma olaraq qalır” 
“Ən böyük və möhtəşəm əsərləri xoş gün yaşayan insan yaza bilməz” 



“Hardan yada düşdü Fərman Kərimzadə?” soruşsanız, “heç yaddan çıxır ki?!” cavabını verəcəyik. Fərman Kərimzadə unudulacaq, yaddan çıxacaq əsər yazmayıb. Elə bir əsər yazıb ki, Azərbaycan durduqca daim dillər əzbəri olacaq. “Qarlı aşırım”ı nəzərdə tuturuq, əlbəttə. Görkəmli yazıçının digər möhtəşəm taixi romanlarına, sanmayın ki, xələl gətiririk. Hər biri ayrıca diqqətə və rəğbətə layiqdir. 























Amma “Qarlı aşırım” da bir dənədi! Bəlkə də əsər əsasında çəkilmiş “Axırıncı aşırım” filminin yüksək sənətkarlığı, əvəzolunmaz aktyor heyətinin yer alması, ölkəmizdə, hətta onun hüdudlarından (filmin bir çox kinofestivallarda bir neçə nominasiyada mükafatlar aldığı məlumdur – red.) kənarda da məşhurlaşması, illər keçsə də hər dəfə təkrar-təkrar böyük şövqlə izlənməsidir bu əsəri də, filmi də bizə sevdirən. Etiraf edək, filmin yaradıcı heyəti, rejissordan başlamış rəssamına, bəstəkarına qədər mükəmməl olub, lakin bütün bu üstün keyfiyyətlər əsərin mayasından qaynaqlanır. Yəni – Fərman Kərimzadədən. Təsəvvür edin ki, az qala hər bir azərbaycanlı ailəsində Kərbəlayi İsmayılın - əslində Fərman Kərimzadənin dilindən çıxan sözlər zərb-məsələ çevrilib. Eləcə də digər obrazların. Bu mənada Fərman Kərimzadə hər birimizin ocağının qonağı, nəinki qonağı, hətta ev sahibi kimidir. Ocaq demiş, Novruz günlərindəyik həm də. Odlu-ocaqlı, tonqallı, atəşli Novruz günlərində. Taleyə, qismətə baxın: Fərman Kərimzadə martın 3-də anadan olub, 52 yaşında martın 17-də vəfat edib. Taleyi ilə bağlı qızına bilirsiz nə deyibmiş bir dəfə? Tələsməyin. Biləcəksiniz. 

Həmsöhbətimiz unudulmaz yazıçımız, xalqımızın sevimlisi Fərman Kərimzadənin qızı, yazıçı Yeganə xanım Kərimzadədir. Nələr danışdı bizə, nələr... O danışdıqca, Fərman Kərimzadənin cüssəli, sərt duruşu, dalğalı, bir az da qarışıq saçları gözümün önündən çəkilmirdi...       


- Yeganə xanım, bunu mütləq vurğulamalıyam ki, sizinlə həmsöhbət olmaq çox xoşdur və çoxdan gözlədiyim, arzuladığım müsahibədir. Fərman Kərimzadə Azərbaycan ədəbiyyatına azman obrazlar gətirmiş görkəmli şəxsiyyətdir. Azərbaycan tarixini həm də Fəman Kərimzadənin tarixi romanlarını oxuya-oxuya sevmişəm, qürur duymuşam, təəssüfləndiyim məqamlar da az olmayıb. Kərbəlayi İsmayıl da ki dilimizin əzbəridir. Fərman Kərimzadə bu dərəcədə bizim üçün əzizdir, dəyərlidir. Ruhu şad, məkanı cənnət olsun. 

- Çox sağ olun.  Bizi unutmadığınız üçün sizə və bütün media işçilərinə minnətdaram.
 
- Siz sağ olun. Söhbətimiz, Novruz bayramı günlərinə xoş təsadüf etdiyindən, razısınızmı, Novruz bayramının ailənizdə necə qeyd edildiyindən başlayaq?  Novruzla və atanızla bağlı yaddaşınızda hansı isti xatirələr var? Bir az da konkretləşdirim; Fərman Kərimzadənin Novruzu necə keçərdi?

- Atamla nəinki bayramlar adi günlər belə bayram kimi idi. Novruz  atamla daha maraqlı daha da şən idi. Novruzun, əsasən də ilaxır çərşənbənin müqəddəsliyini atam mənə hiss etdirmişdi. Bibim qızı Nərgiz xanım təzə ailə qurmuşdu, mən isə onda çox kiçik idim. Bibim qızı məni öz evinə qonaq aparmışdı. Bibim qızını çox istədiyimdən onlarda olmağıma sevinirdim. Bir də gördük qapı təlaşla döyülür. Atam arxamca gəlmişdi. Mən getmək istəmirdim. Təzə gəlin olan Nərgizin yanında qalmaq mənə xoş idi. Atam isə, - bu gün elə gündü ki, bütün ailə bir yerdə olmalıdı,- dedi. Sakitcə geyinib atamın yanına düşdüm. Sən demə həmin gün ilaxır çərşənbəymiş. Yaddaşa isə əbədi bir yazı yazıldı ki, bu gün ailə nə olsa belə bir yerə yığışmalı, bir ocağın istisinə qızınmalı, bir süfrəyə əl uzatmalı və bu günün müqəddəsliyini unutmamalıdı. Bəlkə də yaddaşımın ilk Novruzu belə yarandı. Hamı kimi bizim evdə də çoxlu bayram şirniyyatları bişərdi. Dörd uşaqlı ailə idik, həm də evimiz çox qonaq-qaralı olardı. Hər qonağın payı da ayrıca olardı.

- Bəlkə sualı həm də Qərbi Azərbaycan, Vedibasar mahalındakı Novruz ənənələrini əhatə edərək cavablandıracaqsınız. Fərqli adətləri, bizim bilmədiklərimizi danısın, lütfən. Bu mənada ki, Fərman müəllim doğma Vedinin adətlərini necə yaşadırdı? 

- Bilirsiz ki, Fərman Kərimzadə əzəli yurd yerimiz Vedibasar mahalının (Qərbi Azərbaycan Vedi rayonu) Böyük Vedi kəndində dünyaya gəlib. Bizə hər öyrətdiyində də Vedi vardı. Sözlərini təsdiq etmək üçün bibim Saraya uşaq sevinci, dup-duru gözləri ilə elə baxardı ki, bibim də onu təsdiqləyərdi. O hətta meyvələrdə Vedidəki meyvələrlə oxşarlıq axtarardı. Bizə çoxlu qırmızı almalar alardı. Vedidə vaxtı ilə toy dəvətnaməsi paylamazlarmış, toya dəvət olunan adama qırmızı alma göndərilərmiş, ev sahibi də toya dəvət olunduğunu bilərmiş. Hətta bu adət zərb-məsələ çevrilibmiş. Dəvətsiz harasa gedən adama, - arxanca qırmızı alma göndərməmişəm ki, - deyirlərmiş.

- Fərman Kərimzadə martda doğulub, martda da vəfat edib. Belə qəribə tale... 

- Bəli... Bir vaxt ilaxır çərşənbə günü övladının başqa evdə qalmasına razı olmayan atam, dünyasını ilaxır çərşənbə günü dəyişdi... Biş-düş edirdik. Atam səfərdən gələcəkdi, hamımız həmin gün yenə ata ocağına yıxışacaqdıq. Təzə ailə quran bacım Sevinc də Naxçıvandan gələcəkdi. Bir sözlə bayram bayrama qarışacaqdı. Amma... Atamın xəbəri gəldi... 
(Yeganə xanım bir qədər sükut edib, sözünə davam etdi)

...Bir dəfə atam mənə Rafaelin rəsm əsərlərindən ibarət bir kitab bağışlamışdı. Orda atam yazmışdı: “Sənət vurğunu qızıma. Rafael doğulduğu ayda da dünyasını dəyişib. Yalnız dahi insanlar bu cür ölməyi bacararlar, çünki onlar öləndən sonra yenidən doğulurlar”. Atam öz taleyini də  bu kiçik hədiyyədə qızına - mənə yazmışdı. Onda mən hələ yeddinci sinifdə oxuyurdum...

- Ailə başçısı, ata kimi hansı özəl, fərqli xüsusiyyətlərə malik idi?

- Oyunlar oynayardıq. Bu oyunları atam bizə öyrədərdi. Tamaşa hazırlayardıq. Sözsüz ki, rejissorumuz atamız idi. Şəngülüm, Şüngülüm, Məngülüm tamaşasında ana keçi olmaq üzərimə düşdüyündən  (böyük övlad olduğum üçün) analıq və evin böyüyü olmağın, balaların qayğısını necə çəkməyin fəlsəfəsini uşaq dili ilə mənə izah edirdi atam. Sən demə bir övladı kimi məni gələcəyə onsuz günlərə hazırlayırmış. O yalnız ata deyildi. Evə girəndə qarşısına sevinclə, sevgi ilə qaçdığımız insan idi. Dost idi, yol yoldaşı idi, evə işıq saçan insan idi. Qayğımıza qalardı, birimiz xəstələnəndə bizdən betər hala düşərdi. O evdə olmayanda anam da xəstələnərdi. Atam xəstələnəndə mən də eyni halı yaşayardım. Bu sözsüz ki, genetik kod idi. Atam bizim sevincimiz idi...

- Hamımıza tanış olan fotoda Fərman Kərimzadə ciddi, ötkəm təsir bağışlayır. Reallıqda da elə idimi? Bəzən düşünürəm ki, biz oxucular yazıçını obrazlarına bənzədirik. Komediya müəllifləri, bizə elə gəlir ki, üzügülər, zarafatcl insanlardır, dramatik, faciə məzmunlu əsərlərin müəllifi isə bizə acıqlı, qaraqabaq, əsəbi görünür... 

-  Xaraktercə atam ciddi insan idi. Böyüklə böyük, uşaqla uşaq, məsəlində olduğu kimi biri idi. Uşaqları çox sevərdi. Söhbətləri, dostlarla danışıqlarını evdə qonşu otaqdan da olsa eşidərdik. Son günə qədər bir övladı olaraq ondan nə şit bir zarafat, nə də yersiz söz eşitmədim. Hər sözü danışmaz, hər yeməyi yeməzdi. Amma bibilərim deyərdi ki, atam uşaq vaxtı çox söyüşcül olubmuş. Özü bu sözə astaca qımışardı. Evin sonbeşiyi olub atam. Günü həyət-bacada keçirmiş, oynamağı çox sevirmiş, ağacların üstündə oturmağı isə lap çox sevərmiş. Əkiz bibilərim Sara və Zəhra (ruhları şad olsun) onu güclə ağacdan düşürdüb çimizdirər, tez-tez də saçını qırxarlarmış. Adam söyməsin nə etsin, onu sevimli məşğuliyyətindən ayırırlarmış. Amma o qaraqabaq deyildi, bu dəqiq belədi.

-Tərcümeyi-halında Fərman Kərimzadənin orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirdiyi qeyd edilir. Niyə Beyləqan? Ailələri ora köçmüşdü, yoxsa, necə? 

- Azərbaycan türklərinin 1948-ci ildə doğma torpaqlarından deportasiyası zamanı babamgil də sürgün edilib, o zaman atamın 11 yaşı varmış. 4, ya da 5-ci sinifdə oxuyarmış yəqin. Ailələri o zamankı Jdanov,  indiki Beyləqan rayonunun Şahsevən kəndində məskunlaşıblar. Atam da orta məktəbi orda bitirib. Babam Ismayıl Şeyx Əli oğlu Vedidə uzun illər milis rəisi işləyib. Təmiz insan olduğu üçün babamı ət tədarükünün müdiri qoymuşdular, bibim Sara xanımı isə kolxozun partkomu seçmişdilər. Bibim danışırdı ki, işdən evə dönəndə babam deyərmiş, ayaqqabınızı darvazadan çöldə çırpıb evə keçin, kolxozun bir dəni belə bu evə yalnışlıqla girməsin. Çox təmiz insanlar olublar, halallıqla övlad böyüdüblər. Babam rəhmətə gedəndə mənim üç yaşım vardı, amma onun nurani simasını, sonuncu dəfə yeni doğulan qardaşıma ad qoymağını unutmamışam. Beyləqan atamın ikinci vətəni idi və o torpağı çox sevirdi. Hətta Jdanov adının dəyişilməsi üçün çox çalışmışdı. Atamın ölümündən bir gün sonra Jdanov öz qədim adına-Beyləqana qovuşdu.

-Sizcə atanız niyə məhz tarixi roman janrına üstünlük vermişdi? 

-  Tarix atamın canında qanında idi. Özü 37 ci ildə tarixin qanlı dövründə doğulmuşdu. Deportasiya yaşamışdı. Ata-anası inqilab, daşnaklarla savaşlar görmüşdü. Yəni bu insan həyatında rahat gün görməmişdi. Bəlkə də onun ən rahat günü ağacın üstündə oturduğu günlər imiş. Belə bir həyat yaşayan insan sözsüz ki, yazıçı olacaqdı. Ən böyük və möhtəşəm əsərləri xoş gün yaşayan insan yaza bilməz. Atamın ilk geniş həcimli əsəri "Qarlı aşırım" dır. Ona qədər o "Oğuz qəbri" və "Qırmızı tabor" povestlərini yazmışdı və bu povestlər "Ulduz" jurnalında çap edilmişdi. Adlarını çəkdiyim hər üç povest atamın ailəsinin, el -obasının yaşadıqları idi. Mən "Qarlı aşrım" əsərini öz şəcərə kitabımız hesab edirəm. Onun ardınca atam səkkiz il dayanmadan çalışırdı, sənədlər, kitabxanalar, dünyanın çox yerindən gətirilən səlnamələr oxuyurdu, gecəsi gündüzü yox idi. Daima qayğılı görünürdü. Və... "Xudafərin körpüsü" yarandı. Onun ardıycan 24 günə yazdığı "Çaldıran döyüşü" doğuldu. Ardıycan "Təbriz namusu" və sonuncu "Qoca qartalın ölümü"...  Bu əsərlər elə-belə, yox yerdən yaranmadı, o əsərlərin yaranması üçün atam illərini tarixi öyrənməyə sərf etdi.  ...Bir dəfə anam xəstəxanada yatırdı. Yanında qalırdım anamın. Təsadüfən vestibüldə gənc həkimlərlə təcrübə keçən həkimin tələbələrinə söylədiyi sözü eşitdim: “ - Fərman Kərimzadənin əsərində Hürrün qəbrinin açılmasından və cəsədin sanki indi torpağa tapşırıldığından, hətta qanın belə rəngini dəyişmədiyindən söhbət gedir, gəlin indi bunun elmi izahını tapaq... Gözlərim doldu o anda. Hətta tibb universitetində belə onun əsərləri nümunə göstərilirdi. Bu yazıçının dahiliyi deyildimi?!.  Nə yaxşı ki, atam bu əsərləri xalqımız üçün yazıb, yadigar qoyub. Bu əsərləri bəlkə başqaları da yazardı, amma o Fərman Kərimzadə kimi yazmazdı. Bu gün mən bir övlad kimi yox, oxucu kimi, bu xalqın bir ovladı kimi onun əsərlərinə münasibətimi bildirirəm. Axı atam bizim atamız olmaqdan daha çox öz xalqının övladı olduğunu əsərləri ilə çoxdan sübut edib.

- Yeganə xanım, “Axırıncı aşırım” filmi hər dəfə nümayiş olunanda atam deyir ki, o vaxt - yəni sovet illərində Abbasqulu bəy Şadlinskiyə orda – yəqin ki, bir vaxtlar yaşadığı və ya partiya işində çalışdığı rayonun ərazisində abidə qoyulubmuş, amma ermənilər etiraz edirmiş ki, istəmirik Abbasqulu bəyin abidəsi olsun. O, ermənilərə divan tutub. Bir neçə dəfə abidəni vurub sındırıblar, nəhayət istəklərinə nail olublar. Erməni rəhbərlər də “xalq” onu sevmir”, deyib, abidə məsələsi beləcə bağlanıb. Bu haqda nəsə bilirsiniz? Atanız bu barədə nəsə danışmışdı?  

- Abbasqulu bəyin heykəli barədə heç nə bilmirəm. 
- “Feyk” xəbərdi, yəqin. (Yeganə xanım güldü M.R.)

- Abidə barədə bilməsəm də, məzarını görmüşəm. Abbasqulu bəyin, atamın dayısı Xəlilin (“Axırıncı aşırım” filmindəi Xəlil obrazı Fərman Kərimzadənin doğma dayısının prototipidir – M.R.) və Talıbovun qəbirləri Vedidə idi. Ermənilər o qəbirlərin düz yanında zavod tikmişdilər. O vaxtlar atam tez-tez baş çəkərdi ora. Məni də özü ilə aparmışdı  qəbirləri ziyarət etmişdik. Hadisələrdən bir az əvvəl qəbirlərin üstünü pis hala salmışdı ermənilər. Mazut tökmüşdülər qəbirlərə. Düşmən Abbasqulu bəyin qəbrindən belə çəkinirdi. Amma öz düşmənliyindən də qalmırdı vandallar. Ona görə, abidə məsələsi o qədər də “feyk”ə oxşamır. Edərlər, edərlər...  Onlardan nə desən gözləmək olar.

- Fərman Kərimzadə həm də milli-azadlıq mübarizəsinin, Meydan hərəkatının aparıcı simalarından olub. Bilirəm, sizi üçün ağır olacaq, 1989-cu ili xatırlamaq.  Ağır, həm də məsuliyyətli illər idi. 52 yaşında vəfat etdi, Fərman müəllim. Ürəyi dözmədi? Təbii ki, məsələ təkcə 1980-ci illərin sonu deyil. Qələmə aldıqlarından da bilinir ki, Fərman Kərimzadə millət dərdi çəkən, milli təəssübkeş olub. Hər şey üst-üstə gəlir, yığılır, bir gün də ürək dözmür daha...

- Atam milli azadlıq hərakatında iştirak edirdi bəli, bu gün adı çəkilməsə də o meydanda atam da vardı. Sonra köçürülmə başladıqda dayanmadı. Bölgələrdə olurdu, hətta Azrərbaycandakı erməni kəndləri ilə ordakı kəndlərin köçürülməsinə də nail oldu bu Tərtərdəki Bəyimsarov kəndidi. Vedi camaatının dağılmaması üçün belə bir addımı atmışdı. Çünki zamanında özləri pərən-pərən düşmüşdülər. Qırx il sonra əmisi övladlarını tapmışdı atam. Yenə belə bir taleyin yaşanmaması üçün evləri kənd-kənd dəyişmək üçün əlindən gələni də gəlməyəni də etdi. Böyük bir heyətlə Moskvaya Kremlə getdi. Orda ona "usatıy pisatel" ləqəbi də vermişdilər. Yəni bığlı yazıçı. Və o bığlı yazıçı heç olmasa az itkilərlə, köçürülmənin dağınıq olmaması üçün nə lazımdı etdi. Hətta ozamankı dövlət rəhbəri belə bu işi şəxsən ona tapşırmışdı. Tapşırmasa belə atam onsuz da bu işdən dönən deyildi. Zamanında Abbasqulu bəyin etdiklərini atam 1988- ci ildə etdi. Nəinki Vedi digər bölgələrin də camaatının yerləşdirilməsində böyük işlər gördü. Tərtərdə Bəyimsarov kəndində bir beş uşaqlı qadına qarşı olan hörmətsizliyə dözmədi. Həmin qadın mənimlə görüşməyə də gəlmişdi. Günlərlə dağlarda körpələri ilə yol gəlib, axır ki, Bəyimsarova çatan qadına gecələməyə yer verməmişdilər. Bunu bilən atam dözməmişdi. Sağlam insan idi. Xəstəlik bilməzdi. Fəaliyyətini ermənilərin o zamankı havadarları qəbul edə bilmirdi. Təkcə bu deyil... Atamı eyni zamanda onu təqib edən “KQB” də aradan götürə bilərdi. Bu sözü deməyə səbəblərim var. Mənim atamı sovet rejimi, erməni düşmənçiliyi, o zamankı dövlət rəhbərliyinin laqeydliyi yıxdı...

- Ürək çatışmazlığından vəfat etdi?
(Yeganə xanım, susdu. Düşündüm ki, ata itkisini xatırlamağın ağırlığıdır onu susduran. Demə başqa səbəb də varmış)

- İnsult dedilər... Amma mən buna inanmadım.
(Gözləmədiyim cavab idi...)

- Necə yəni? Bəs sizcə?..

- Bu barədə hələ danışmaq istəmirəm. Bircə bunu deyəcəm ki, atamın ölümü hələ də mənim üçün müəmma olaraq qalır. 
(İsrar etməyin yeri deyildi artıq)

- Atanızın vəfatından sonra sizin üçün, ailəniz üçün çətin olub, bu, birmənalıdır. Atanız vəfat edəndə bacı-qardaşınız neçə yaşındaydı, peşə sahibiydilərmi? 

- Biz, övladların ata-anayla, bütöv bir ailə içində böyüdüyü ailə idik. Atamla anam evlənəndə atamın iyirmi bir anamın on doqquz yaşı olub. İkisi də tələbə imiş. Məndən əvvəl iki bacım dünyasını dəyişmişdi. İlk övladları üç yaşında qızılcadan, ikinci isə on səkkiz günlük olub, vəfat edəndə. Məndən sonra isə bacım Sevinc, qardaşım Əziz və sonbeşik - adını mən qoyduğum (atam bu şərəfə məni layiq bilmişdi ki, kiçiyin adını mən qoyum) Aybəniz doğulub. Həyatımızın çətin günləri də olub, amma biz sevgi ilə böyümüşük. Sevgidən doğulmuşuq. Hamımız ali təhsil almışıq. Atam dünyasını dəyişəndə kiçik bacım BDU nun tələbəsi idi. Mən və bacım Sevinc ailə qurmuşduq. Qardaşım BDU-nun tarix fakültəsini bitirmişdi. Bizə yalnız atasız çətin idi. O bizə hər şey vermişdi. Özü isə yox idi. Bir anda həyat tar-mar olmuşdu. Artıq otuz üç ildi, amma mən hələ də özümə gələ bilmirəm. Uzun illər depresiyada oldum. Anam, yazıq anam, yaşadığı günü belə özünə çox görürdü. Onun yoxluğu həyatımıza çox təsir etdi. Hansını deyim. Bunu danışmaq çox çətindir...

- Siz də yazıçınız, əlbətt ki, atanızın təsiri olub bunda. Özünüzün bəyəndiyiniz əsəriniz, hekayəniz hansıdır? 

- Əgər mən bu gün yazıramsa bu əlbəttə ki, atamın damarımda axan qanıdı. Hər yeni nəsə yazıb bitirəndə atama sağ ol deyirəm. Ədəbiyyata gəlişim on beş yaşımda yazdığım "Qarakollu kəndinin əhvalatları" hekayələr toplusu olsa da, ən çox sevdiyim hekayəm "Uşaqlığımın son yayı" hekayəsidir. Bir də İranda çap olunan "Şah" romanımdır. Mən əsasən kinosenarilər yazıram. Artıq neçə illərdir ki, senarilərim əsasında film və seriallar çəkilir və tv-lərdə nümayiş olunur. Əlbəttə ki, yazdığım hər sətirə atamın təsiri olub. Özü də deyirdi sən məndən iki şey oğurlamısan, dil və obrazın ağırlığını, şəxsiyyət yaratmağı. Bu həqiqətdir. Həyatda necə ki, özünü-sözünü bilməyən adamları bəyənmədiyim qədər obrazlarımda da bu xarakteri bəyənmirəm.
- Sizcə atanız yaradıcılığınıza necə qiymət verərdi? Ümumiyyətlə, nəsə hiss edirdimi, yəni, sizin bədii yaradıcılığa meylli olmağınızı nəzərdə tuturam. 
-Atam mənim ilk hekayələrimi oxuyanda gözləri dolmuşdu, “sən də “xəstələndin”, - demişdi... Necə qiymət verərdi bilmirəm, hər halda “2” almamaq üçün çox çalışıram. Atamdan mənə qalan bir yaddaş var. O deyirdi, yazdığının yaxşı olduğunu bilmək istəyirsənsə onu üç dəfə ard-arda oxu, əgər üçüncüdə də darıxmadan oxuya bilirsənsə, deməli, onu oxuyacaqlar.

-Belə başa düşdüm ki, bacı, qardaşlarınızdan təkcə siz atanızın məsləyini davam etdirirsiniz.

- Ailədə atamın davamçısı mənəm hələlik. Qardaşımın oğlu - ikinci Fərman Kərimzadə də arada hekayələr yazırdı. Məktəb proqramı ağır olduğu üçün o hələ deyəsən dayanıb. Məncə davam edəcək. Əgər belə olarsa, mən bibisi olaraq çox sevinərəm desəm, az olar. Çox xoşbəxt olaram.

- Əvvəldə də qeyd etdim ki, Fərman Kərimzadə bizim üçün çox dəyərlidir. Xalq yazıçısı adı verilməyib ona, amma əsl xalq yazıçısıdır! Yenə də 85 illik yubileyi ilə bağlı hansı gözləntiləriniz vardı? 
 
- Atam xalq yazıçısı olmasa da, onu həqiqətən də xalq çox sevir. Bu sevgini hər an hiss edirəm. Televiziyalar, qəzet və jurnallar haqqında material hazırladılar. Unutmadılar. Buna görə də hər kəsə ailəmiz adından minnətdarlığımı bildirirəm. Bir övlad kimi isə atamın kitablarının çapı üçün müəyyən işlər görməkdən heç vaxt usanmadım. "Qanun" nəşriyyatı atamın əsərlərini çap edir. Hətta çap olunmayan bəzi işlərini belə çapa hazırlayırıq. Buna görə dəyərlimiz Şahbaz bəyə də (“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu – M.R.) minnətdarlığımı bildirirəm. Uşaqları da unutmamışıq, onlar üçün də Fərman Kərimzadənin əsərlərinin uşaq variantını (qısaldılmış formada) da hazırlamışıq.

- Nə gözəl, bu lap əla oldu. Uşaqlar üçün olan  variantı da “Qanun” nəşr edəcək?

- “Qanun” tam variantı çap edir, "Altun" nəşriyyat isə uşaqlar üçün olanı çap edəcək. 

- Yeganə xanım, hazırda nə üzərində işləyirsiniz, hansı planlarınız var. 

-Atam haqqında (həyat və yaradıcılığı) bədii film senarisi üzərində çalışıram. Çox istərdim ki, bu filmin çəklişinə görə mənə şərait yaradılsın. Axı atamı məndən yaxşı heç kim tanıya bilməz. Lazım gəlsə buna görə hətta dövlət rəhbərimizə də müraciət etməyə çalışacam. Filmdə atamın müəmmalı ölümünə də yer vermişəm. Bu mövzu orda mütləq olacaq. 

Söhbətləşdi: Məlahət Rzayeva