"Fərruxda toplu məzarlığın aşkarlanması təsadüfi deyil"

Aygün Həsənoğlu: "Çox yerdə belə məzarlar ortaya çıxacaq"

"Bəzi yerlərin adlarını çəkə bilmirəm. O yerlər tamamilə işğaldan qurtarılıb Azərbaycanın nəzarətinə keçəndən sonra xatırladacağam"

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması erməni vəhşiliyinin daha bir sübutudur. İnsan qalıqları Azərbaycan Ordusu hərbçilərinin qanunsuz erməni silahlı birləşmələrindən azad etdiyi Xocalı rayonunun Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlanıb.  Qalıqların Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlara məxsusluğu ehtimal edilir, amma əslində, buna heç bir şübhə yoxdur. Bununla belə Azərbaycan dövləti insan qalıqlarının eksumasiyasının aparılmasını vacib bilir. Qalıqların Azərbaycan əsgərlərinə və yaxud ermənilər tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına məxsusluğu rəsmi təsdiqləndikdə, bu, erməni vəhşiliyinin, Ermənistan dövlətinin müharibə cinayətlərinin daha bir sübutu olacaq. Hazırda faktla bağlı araşdırmalar davam edir.  

KİV-ə açıqlama verən millət vəkili Elman Məmmədov da insan qalıqlarının Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğunu bildirmişdi: “Müvafiq qurumlar tərəfindən qalıqların kimliyi üçün araşdırmalar aparılacaq. Birinci Qarabağ müharibəsi dövründən 4000-ə dək insanımızın taleyi məlum deyil. Güman edilir ki, ermənilər bu insanlar haqqında məlumat vermirsə, deməli, onları qətlə yetiriblər. İşğaldan azad olunmuş ərazilərdə artıq neçənci dəfədir ki, kütləvi məzarlıq aşkarlanır. Məzarlıqların xeyli hissəsi elə Xocalı ərazisindədir. Əhali Xocalıdan çıxan zaman Fərrux istiqamətində getməmişdi. Ancaq Fərrux kəndi istiqamətində 1992-1993-cü illərdə bir neçə dəfə hərbi əməliyyatlar olub. Fərrux kəndi istiqamətində şəhid qalıqları aşkarlana bilər. O dövrlərdə erməni daşnaqları əsir götürdükləri azərbaycanlıları qul kimi ucqar kəndlərdə işlədirdilər. Həmin şəxslər vəfat etdikdə isə onları insanlığa sığmayan şəkildə basdırırdılar”.

Xatırladaq ki, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel kəndində də erməni vandalizminin sübutu olan kütləvi məzarlıqlar müəyyən edilib. Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən olunur.

Uzun müddət Dövlət Komissiyasının İşçi qrupunun tərkibində çalışmış yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru, erməni məsələsi və Qarabağ mövzusu haqqında 80-ə qədər məqalənin və bir neçə kitabın müəllifi, hazırda qardaş Türkiyədə yaşayan Aygün Həsənoğlu “Şərq”ə komissiyanın fəaliyyəti, əsir və girovlar, itkin düşmüş sayılan şəxslər barədə ətraflı məlumatlar verdi: 

- Birinci Qarabağ müharibəsi dövründə 7 minə qədər Azərbaycan vətəndaşı itkin kimi qeydiyyata alınmışdı. İtkin, əsir və girovlarla bağlı fəaliyyətin mərkəzləşdirilməsi üçün 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu yaradıldı. İşçi qrupu fəaliyyətə başlayanda cəmi 3 nəfərdən ibarət idi və heç bir avadanlığı olmadan çox gərgin bir iş rejimində çalışırdı. Sonradan İşçi qrupu əməkdaşlarının sayı artırıldı.

- Aygün xanım, siz İşçi qrupu yaranandan orada çalışmısınız?  

- Xeyr. Məni 2002-ci ilin dekabrında İşçi qrupun tərkibində çalışmağa dəvət etdilər.  2007-ci ilin dekabrına - öz ərizəmlə işdən ayrılana qədər bu İşçi qrupun tərkibində işlədim. Bu müddətdə əsir, girov və itkin problemi ilə bərabər İşçi qrupunun fəaliyyəti ilə də yaxından tanış olmuşam. Mən işə başlayandan İşçi qrupunun fəaliyyətinin yüksəldiyi, yeni avadanlıqlarda təchiz edildiyi dövrlər idi. Verdiyim təklif və layihələr Dövlət Komissiyasının fəaliyyətinin xalq arasında tanınması ilə bərabər, eyni zamanda mətbuatla əlaqələrinin yaradılmasına və Qarabağ həqiqətlərinin yayılması istiqamətində böyük işlər görülməsinə təkan verdi. 2003-cü ildə təqdim etdiyim layihənin sadəcə bir parçası olan “Erməni terroru” albomu 9 dildə dünyaya yayılaraq ciddi müzakirələrə səbəb oldu. Eyni zamanda şəxsən mənim təkliflərimlə nəşr olunan digər təbliğat vasitələri həm Azərbaycanda, həm dünyada erməni cinayətlərinin tanıdılmasında rol oynadı. Lakin təəssüf ki, layihələrimin qarşısı alındı. O qədər bezdirdilər ki, öz ərizəmlə, öz istəyimlə İşçi qrupunu tərk etdim. Amma orada hələ də mənim layihəmə sahiblənmək istəyən şəxslər var. Məsələn, 2008-ci ildə ingiliscə nəşr etdirdiyim “Erməni əsirliyində” kitabımın adını dəyişib 3 nəfərlik müəllif qrupu əcaib şəkildə nəşr etdirib. Təsəvvür edin ki, İşçi qrupu rəhbərinin dərkənarı olan səhifələrin surətini çıxarıb kitab şəklinə salıblar. Heç cür başa düşə bilmirəm ki, buna necə icazə verilib. Mənim kitablarımı komissiya nəşr etmədiyi üçün öz vəsaitimlə nəşr etdirdim. Təkcə “Erməni sindromu” kitabım internetdə 25 min dəfədən artıq oxunub, mənə heç bir müəlliflik haqqı ödənməsə də. Hazırladığım heç bir materialda bu cür səhvlərə yol verməmişəm. Hətta “Erməni terroru” fotoalbomunu da redaktə adı ilə bərbad hala salmışdılar. Bu halı ilə də səs gətirib, təbliğatda böyük rol oynayıb. 

- İşçi qrup hansı meyarlarla işləyirdi? 

- Dövlət Komissiyasında müharibəni sanki hər gün yaşayırdıq. Bütün faktlar diqqətlə araşdırılırdı. Hər bir itkin üçün sənədlər toplusu hazırlanır, faktlar həm də kompüterdəki bazaya əlavə edilirdi. Məsələn, mən işləyən dövrdə Xocalı cinayət işini araşdırmağa başladıq. 97 cildlik Xocalı cinayət işini oxuyan az insanlardan biriyəm. İş prosesi belədir ki, İşçi qrup itkin və ya əsir düşdüyü bildirilən şəxsləri qeydiyyata alır və onların sonrakı taleyini araşdırmağa başlayırdı. Həmin şəxs əgər hərbçidirsə, olduğu hərbi hissə, əsgər yoldaşları müəyyənləşdirilərək onlardan məlumat alınır, olduğu hərbi hissənin yeri və itkin düşdüyü yer, itkin və əsir düşməsinə şahid olan şəxslər müəyyənləşdirilərək onlardan məlumatlar toplanırdı. Eyni zamanda yaşayış yeri, ailəsi müəyyənləşdirilib onlardan da bildikləri məlumatlar yazılı şəkildə alınırdı. Mən işlədiyim dövrdə itkinlərin özünəməxsus xüsusiyyətləri də qeydə alınırdı. Məsələn, üzündə, bədənində hər hansı əlamət, yaxud birinin soğan yeməməsi, başqa birisinin gözünü çox qırpmasından tutmuş hər məqam diqqətlə öyrənilirdi. Bunlar qeydə alınaraq itkinlərin məlumat bazasına əlavə edilir, beynəlxalq təşkilatlara məlumat göndərilərkən və ya itkinlə bağlı yeni fakt üzə çıxarkən yenidən açılaraq təhlil edilirdi. Bundan başqa hər gün müraciət edən əsir-girov, itkin düşmüş hesab edilən şəxsin ailə üzvləri İşçi qrupunda qəbul edilir, onlara yaxınlarının axtarışı ilə bağlı məlumatlar verilir, problemlərinin həllinə çalışılırdı. Əsir və girov düşmüş şəxslərin söylədikləri yazıya alınmaqdan başqa, həm də video-kameraya çəkilərək arxivə əlavə edilir, bu faktlardan arayışlarda və digər sənədlərdə istifadə edilirdi.

- Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəqiq sayı bilinirdi?  

- Araşdırmalar nəticəsində 7 mindən artıq itkinin sayı dəqiqləşdirilərkən 4 mindən də aşağı endirildi.  Onlardan 872 nəfərinin ermənilər tərəfindən əsir və girov götürülməsi barədə məlumatlar var. Qalanlarının isə taleyi haqqında heç bir məlumat yoxdur. 500-dən artıq Azərbaycan vətəndaşı əsirlikdə vəhşicəsinə qətlə yetirilib. Bu məlumatlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının araşdırmalar əsasında əldə etdiyi rəsmi məlumatlardır. Hətta müharibə dövründə Ermənistanın işğal altında saxladıqları ərazidə və Ermənistanda əsirlərimizi həm hərbi hissələrdə, həm həbsxanalarda, həm də şəxsi evlərdə saxladıqları barədə məlumatlar vardı. Hətta ermənilər onların bir qismini pula və benzinə, yaxud itkin düşmüş erməni yaxınları ilə  dəyişmək üçün ailələri ilə danışdırıblar da. Bəzi girovlardan ailələrinə beynəlxalq təşkilatlar, yaxud jurnalistlər vasitəsilə məktub da göndərilib. Bunlar barədə həm “Erməni sindromu” kitabımda, həm də 300-dən artıq əsir-girovun erməni əsirliyindəki xatirələrini topladığım və 2008-ci ildə ingiliscə nəşr etdirdiyim “Erməni əsirliyində” kitabımda əks etdirmişəm. Bu məlumatlar şahid ifadələri ilə birlikdə beynəlxalq təşkilatlara təqdim edilib. İtkinlərin taleyinin müəyyənləşdirilməsi, əsir və girovların geri alınması üçün Azərbaycan dövləti mümkün olan hər işi görüb və mən bunun şahidiyəm. Dövlət Komissiyasının sədri, əvvəl milli təhlükəsizlik naziri olub, indi isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəridir. Sədrin kim olmasından asılı olmayaraq, həmişə əsir, girov və itkinlərin taleyinə həssaslıqla yanaşılıb.  
Təəssüflə deməliyəm ki, əsir və itkin problemini pul qazanmaq vasitəsinə çevirmək istəyən şərəfsizlər də olur. Dəfələrlə itkinlərin ailələrindən bu məqsədlə pul alanlar olub. Hətta bir neçə il əvvəl Daşqın Gülməmmədov adlı fırıldaqçı sosial şəbəkədə məni axtarıb tapmışdı, əsir, girov taleyinə həssaslığımdan istifadə edərək yalan məlumatlarla 2 əsirimizi tapdığını bildirərək onu geri gətirmək adıyla məndən pul istəmişdi, hətta 200 dollar da almışdı. Yalanları ortaya çıxanda da məni qorxutmaq istədi. Gördü bu təsir eləmir, qaçıb gizləndi, səhifəsini bağladı. Elə həmin vaxtda da başqasının şikayəti ilə həbs edildi. Belə şərəfsizlər müharibə vaxtında da olub, sonralar da olublar. Nə qədər alçaq olasan ki, insanların dərdlərindən də pul qazanmaq istəyəsən. Hakim olsaydım, onlara güllələnmə cəzası verərdim.

- Aygün xanım, Fərrux kəndində hərbçilərimizin qazıntı işləri zamanı insan qalıqlarının aşkarlanmasından xəbərdarsınız. Ermənilərin “bu qalıqlar ermənilərə aiddir” deyərək növbəti saxtakarlığa can atmaq istədiklərini də bilirsiniz. Bu haqda nə deyə bilərsiniz? 

- Fərrux kəndindəki toplu insan məzarının aşkarlanması heç də təsadüfi deyil. Çox yerdə belə məzarlar ortaya çıxacaq. Ağdamda 300 nəfərin birdəfəyə qətlə yetirilməsi hələ 90-cı illərin sonunda ermənilərin özlərinin mübahisəsi zamanı etiraf edilmişdi. Ümumiyyətlə, bu ərazilər diqqətlə araşdırılmalıdır. Bəzi yerlərin adlarını çəkə bilmirəm. O yerlər tamamilə işğaldan qurtarılıb Azərbaycanın nəzarətinə keçəndən sonra xatırladacağam. İllərlə itkin kimi yolunu gözlədiyimiz bir çox insanın öldürülərək hansısa quyulara atılması, toplu və ya fərdi şəkildə torpağa basdırılması mümkündür. Qaradağlı kəndində də belə olmuşdu. Onların bir qisminin cəsədini ermənilər torpaqdan çıxararaq pul qarşılığında geri vermişdilər. Ermənilərin iddialarına gəlincə, onların sərsəm iddiaları tarixdə heç bir zaman sübut edilməyib. Təbii ki, indi də belədir. Toplu məzar Azərbaycanın nəzarətində olan ərazidən tapılmayıb ki. 30 ilə yaxın müddətdə həmin ərazilər erməni separatçılarının nəzarətində olub. Nəhayət, antropoloji quruluş var. Ermənilərin ayaq və baş şəkilləri bizdən fərqlidir. Başlarının və burunlarının şəkli məlumdur. Ermənilərin iddiaları “sonsuzdur”. Onlar Tanrının da “erməni” olduğunu iddia edən xəstə təxəyyüllü toplumdur. Qalıqların kimə məxsusluğunu elmin, texnologiyanın hazırkı yüksək dövründə çox rahat müəyyənləşdirmək və sübut etmək mümkündür. Qalıqların tarixini arxeoloqlar da, rahatca müəyyənləşdirə bilər. Bu, mübahisə doğuracaq mövzu deyil. Faktdır, fakt kimi də araşdırılmalıdır.