"Həyat yoldaşıma görə narahatam"

Olena Zelenski: "Övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm"

"Artıq bütün digər ukraynalılar kimi yaşayırıq.  Hamımızın bir arzusu var; sülh"

   Ukrayna prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Olena Zelenski Rusiya işğalının başladığı gündən yaşananları, keçirdiyi hissləri “Vogue” dərgisinə anladıb. Birinci xanım “bütün ukraynalılar necə yaşayırsa, biz də o cür yaşayırıq artıq. Hamımızın bir arzusu var; sülh. Mən hər bir ana və həyat yoldaşı kimi təbii ki, həyat yoldaşıma görə narahatam və övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm”, deyib. “NTV.com.tr” Olena Zelenskinin müsahibəsindən müəyyən hissələri təqdim edib. 

- İşğalın ilk gününü anlada bilərsiniz, nələri dəqiq xatırlayırsınız? 

- Başlanğıcı çox yaxşı xatırlayıram. Normal bir iş günü və axşam idi. Uşaqlar məktəbdən qayıtmışdı, ev işləri, növbəti dərs gününə hazırlıq... Gərgin idik. Hər yerdə mümkün işğal haqqında çox danışılırdı. Amma son anadək bunun baş verəcəyinə inanmaq imkansızdı. XXI əsrdə işğal?!. Modern dünyada?!. Saat 4 ilə 5 arası bir səsə oyandım. Partlayış olduğunu anladım. Nələr baş verəcəyini isə anlamadım. Həyat yoldaşım yataqda deyildi. Amma yataqdan qalxanda onu ayaq üstə, artıq geyimli gördüm və “başladı”, dedi. Dediyi təkcə bu oldu. 

- Oğlunuz 9, qızınız 17 yaşındadır. Baş verənlər haqqında onlara nə dediniz?  

- Onlara əlavə nəsə başa salmağa ehtiyac yoxdu. Ukraynadakı bütün uşaqlar kimi onlar da hər şeyi özləri görürlər. Əlbəttə, olanlar uşaqların görməsi gərəkən hadisələr deyil, amma uşaqlar, ümumiyyətlə, çox dürüst və səmimidirlər. Onlardan nəyisə gizlətmək mümkün deyil. Buna görə də ən düzgün strategiya həqiqəti söyləməkdir. Qızım və oğlumla baş verənlər barədə danışdıq. Onların suallarına cavab verməyə çalışdım. Bu gün də uşaqlarımla çox danışıram, çünki nəyin acı, kədər gətirdiyini söyləmək, səssiz qalmaqdan, özünə qapanmaqdan yaxşıdır və insana kömək edir. 

- Şəxsi və bir vətəndaş olaraq duyğularınızı tərif edə bilərsiniz? 

- Müharibə hər kəsi, xalqı birləşdirdi. Və bu, şübhəsiz, bizə hücum edənlərin ölümcül xətası oldu. Hamımız öncə ukraynalıyıq, bundan sonrası isə əhəmiyyətsizdir. Bizi bölməyə, parçalamağa, daxildə savaşı körükləməyə çalışdılar, amma bacarmadılar. Ukraynalılarla belə davranmaq mümkün deyil. Birimiz işgəncə gördükdə və ya öldürüldükdə hər birimiz bunu hiss edirik. Vətəndaşlıq hissinin yaranması və ya yüksəlməsi üçün təbliğata ehtiyacımız yoxdur. 

- Mənəvi baxımdan necə dirəniş göstərə bilirsiniz? Bu müddət ərzində müraciət etdiyiniz hansısa dostunuz, dəstək aldığınız bir mənbə varmı? Müharibənin ilk həftələrində və indi həyat yoldaşınızla nə qədər təmasdasınız? 

- Başlanğıcda duyğularla hərəkət etməyə zamanım yox idi. Uşaqlarımla maraqlanmalıydım, onların hansı hisslər keçirdiyini bilməliydim. Onların qarşısında özünə güvənən, enerjili, gülümsəyən bir ana olmalıydım. Uşaqlara zirzəmiyə enməli olduğumuzu və buna görə işıqları yandıra bilməyəcəyimizi söylədim. “Atamızı nə vaxt görəcəyik” sualına da inandırıcı bir şəkildə “yaxın zamanda” cavabını verdim. İlk günlər həyat yoldaşımla birlikdə ola biləcəyimi düşünürdüm. Amma Prezident ofisi hərbi mərkəz halına döndü, artıq mənim və övladlarımızın orada qalması mümkün deyildi.  Təhlükəsiz bir yerə köçməliydik. Bizə bu əmr edildi. O zamandan bəri Vladimirlə yalnız telefonla danışıram. 

- Hazırda yaşayışınız necədi?

- Artıq bütün digər ukraynalılar kimi yaşayırıq.  Hamımızın bir arzusu var; sülh. Mən hər bir ana və həyat yoldaşı kimi təbii ki, həyat yoldaşıma görə narahatam və övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm. 

- Sizə ümid verən nədir? 

- Ailəm. Hər bir ukraynalı kimi. Və millətim. Orduya və bir-birilərinə yardım etmək inanılmaz şəkildə birləşən insanlarımız. Hər kəs əlindən gələni edir. Zəfərə yaxınlaşmağa can atırlar. Ukraynalılar belədir. Ona görə də ümidliyik. Zəfərə inanırıq.   

Hazırladı: Məlahət Rzayeva