"Meymun çiçəyi"nə daha çox aktiv həyat tərzi yaşayanlar yoluxur


Vüqar Cavadzadə: "İnsanları təşviş və qorxuya salmağa  ehtiyac yoxdur. Sadəcə olaraq belə infeksiyalar yerində lokallaşdırılmalıdır"

"Hələlik Azərbaycanda bu xəstəliyə rast gəlinməsə də ölkəmizə çatmaq təhlükəsi var. Trans-sərhəd zonalarında təhlükəli şəxslər nəzarətə götürülməlidir"


"Covid-19" pandemiyasının bitməyi ilə bağlı həvəsimiz qursağımızda qaldı. Dünya yeni bir pandemiya təhlükəsi ilə üz-üzədir. 
Sürətlə yayılmağa başlayan “Meymun çiçəyi" xəstəliyi ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib.
Daha sonra İspaniyada 23 nəfərdə “Meymun çiçəyi” xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada 15 şübhəli hadisənin araşdırıldığı qeyd edilib.
Böyük Britaniyada da iki yeni “Meymun çiçəyi” xəstəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib.
Tarixin ən qorxunc bəlası hesab olunan Çiçək xəstəliyinə bənzəyən bu virusa yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Virus bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.
Tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə “Şərq”ə açıqlamasında Böyük Britaniya, Portuqaliya və İspaniyaya yayılan "Meymun çiçəyi”nin  ilk dəfə 1958-ci ildə xəstə meymunlarda aşkarlandığını qeyd edib.  Onun sözlərinə görə, infeksiyanın mənbəyi meymunlar olsa da insanlar arasında da bu virusa yoluxma faktları geniş yayılıb: 

“Xəstəlik heyvandan insana əsasən, havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Meymun çiçəyinin əlamətləri insanın yoluxmasından iki həftə sonra özünü göstərir.
Xəstəliyin əlamətləri temperatur, əzələ sümük, baş ağrıları ilə özünü göstərir. Əsas əlaməti isə bədəndəki səpkilərdir. Səpki tədricən inkişaf edib, irinləyir. İrinləmə dövründə isə xəstənin vəziyyəti nisbətən ağırlaşır və yüksək qızdırma, toksiki şok baş verir, xəstə özünü çox narahat hiss edir.  Sağalandan sonra isə səpki  yerində çapıqlar qalır. Digər virus xəstəlikləri kimi  “Meymun çiçəyi”nin müalicəsində də anti- viral dərmanlardan istifadə edilmir. Ümumi patogenetik və simptomatik  müalicələr aparılır. Profilaktikası üçün də vaksinasiya və ümumi profilaktik tədbirlər məsləhət görülür.  Virusun profilaktikası üçün xüsusi  peyvənd yoxdu, amma təbii  Çiçək xəstəliyinin peyvəndi bu virusun  müalicəsində istifadə olunur. Sadəcə, xəstəliyin mənşəyi məlum olmadığı üçün peyvənd bu xəstəliyin qarşısının alınmasında 85 faiz rol oynasa da tam effekt vermir. 

- Deməli, vaxtı ilə təbii çiçək peyvəndinə varşı vaksinasiya olunmuş şəxslər “Meymun çiçəyi”nə qarşı immunitet qazanmış hesab olunur?

- Bəli, amma sonuncu çiçək xəstəliyi 1980-ci ildə aşkarlanıb və o gündən sonra  dünyada bu xəstəliyə rast gəlinməyib.  “Meymun çiçəyi”ndən fərqli olaraq  pandemik infeksiya hesab olunan təbii çiçəyin tarixdə iki dəfə pandemiyası olub. 1980-ci illərə qədər təbii çiçək infeksiyası daimi idi və zaman-zaman güclənərək aqressiv forma alırdı. XX əsrdə təbii çiçəyə qarşı qlobal vaksinasiya kampaniyasının nəticəsində dünyada bu xəstəliyin tamamilə kökü kəsildi.  Hətta təbii çiçək rəsmi olaraq insan tərəfindən kökü kəsilmiş yeganə xəstəlik sayılır.
Kökü kəsiləndən sonra da  tədricən təbii çiçəyə qarşı vaksinasiya prosesi dayandırılıb. 20 il əvvəl Çiçək peyvəndi olunan şəxslərin qanında antitellər nə dərəcə qoruyuculuq qabiliyyətində olduğunu  demək çətindir. Amma ümumilikdə həmin şəxslər “Meymun çiçəyi”nə qarşı da  peyvəndli hesab olunur. Yoluxsalar belə yüngül keçirəcəklər. 

- Bu xəstəlik də pandemiya səviyyəsinə  yüksəlib  bütün ölkələri təhdid altına ala bilər?

- “Meymun çiçəyi” pandemik infeksiya deyil və heç vaxt da yoluxma səviyyəsi pandemiya həddinə qalxmayıb. Tarixin müxtəlif dövrlərində  tək-tək rast gəlinən bu  xəstəliyə daha çox endemik bölgələrdə təsadüf edilib.  Əsasən də Afrika ölkələrində yayılıb. 
 Avropada bu xəstəliyin yayılması elm və texnikanın infeksiyanın yayılmasında oynadığı rolla bağlıdır. İnsanların qarşılıqlı miqrasiyası, turistik səfərlər belə infeksiyaların dünyaya yayılmasına səbəb olur. Hələlik Azərbaycanda bu xəstəliyə rast gəlinməsə də ölkəmizə çatmaq təhlükəsi var. Trans-sərhəd zonalarında təhlükəli şəxslər nəzarətə götürülməlidir.

- Bu virus öldürücüdür?

- "Meymun çiçəyi"ndə ölüm faizi 1-10 faiz arasında dəyişir. Ədəbiyyat məlumatlarına görə, bu xəstəliyə tutulan hər 100 nəfərdən təxminən 10-u ölə bilər. Amma ümumilikdə “Meymun çiçəyi”ni bu qədər şişirdib insanları  təşviş və qorxuya salmağa  ehtiyac yoxdur. Sadəcə olaraq belə infeksiyalar yerində lokallaşdırılmalıdır. 

- Daha çox hansı təbəqə risk kateqoriyasındadır?

- Bütün yaş kateqoriyaları “Meymun çiçəyi” virusuna qarşı həssas hesab olunur. Amma  daha çox cəmiyyətdə aktiv həyat tərzi keçirən, kütləvi məkanlarda daha çox insanla ünsiyyətdə  olan,  vaxtının çoxu səyahətlərdə keçən  kontingent  daha çox risk daşıyır.