Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın yerli mediaya geniş müsahibəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirən etirafları sensasiya sayıla bilər.
"Sherg.az"ın bu dəfəki həmsöhbəti keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov olub.
O, Paşinyanın fikirləri ilə bağlı Suallarımızı cavablandırıb:
-Paşinyan İlham Əliyevin 44 günlük müharibəyə qədər bütün prinsiplərini danışıqlarda iştirak edən tərəflərə qəbul etdirməklə, siyasi qələbəsini təmin etdiyini söyləyib. Onun bu fikrini necə qiymətləndirirsiz ?
-Əlbəttə İlham Əliyev hakimiyyətə gəldiyi gündən ağıllı və uzaqgörən addımlar atıb. Amma Paşinyanın bunu etiraf etməsinin səbəbi məğlubiyyəti öz üzərindən atmaqdır. Hazırda erməni ictimaiyyəti məğlubiyyətin əsas səbəbkarı olaraq Paşinyanı günahlandırır. Paşinyan isə 2005-2006-cı illərdən müharibəyə qədərki Prezident İlham Əliyevin fəalliyyətinə toxunmaqla məğlubiyyətin səbəbinin o olmadığını və həmin dövrə qədər çox şeyin həll olunduğu fikrini formalaşdırmağa çalışır.
-Paşinyan bildirib ki, mənim ən böyük səhvim hakimiyyətə gələndən sonra xalqa işğalın dayandırılması və torpaqların qaytarılmasından başqa variant olmadığını deməmək olub. Sizcə onun sözləri nəyə hesablanıb ?
-Paşinyan hakimiyyətə gəldiyi gündən özündən öncəki rəhbərlər kimi sülhə qarşı mənfi addımlar atır. Hətta bəzi məqamlarda onlardan daha çox düşmənçilik mövqey nümayiş etdirir. Paşinyanın etiraflarının yeganə səbəbi Azərbaycanın onu buna məcbur buraxmasıdır. Yəni qəti şəkildə səmimi fikirləri deyil. Onun sözləri siyasi varlığını uzatmaq üçün atılan addımlardır.
-Nikol Paşinyan sələflərindən fərqlənirmi ?
-Onun öncəki sələflərindən heç bir fərqi yoxdur. Bəzən Paşinyanın demokrat olduğu fikirləri ilə rastlaşırıq. Amma o demokrat deyil. Məsələn Azərbaycan Prezidenti daim ermənilərin hansı şərtlər daxilində Qarabağa qayıda biləcəkləri ilə bağlı açıqlamalar verir. Bunun üçün reinteqrasiya planı hazırlanıb. Prezident İlham Əliyevin proseslə bağlı atdığı addımlar insanlıq mövqeyini nümayiş etdirir. Paşinyan və ya onun komandasından isə belə tərzdə bəyanatlar görmək mümkün deyil.
-Sülh müqaviləsi barədə gözləntiləriniz nələrdir ?
-Bəzi məsələlər varki onlar öz həllini tapdıqdan sonra sülh müqaviləsidə imzalanacaqdır. Amma ilk öncə onu anlamalıyıq ki, sülh müqaviləsinin imzalanması heçdə hər şeyi həll etməyəcək. Ermənistan tərəfinin təklifi ilə bu sülh sazişi çərçivə sazişi olmalıdır. Çərçivə sazişi isə daha çox bəyanata bənzər bir sənəddir. Prinsiplərin həyata keçirilməsi sonrakı dövrdə baş tuta bilər.