“Həyətinə çıxmasaydım, tapa bilməyəcəkdim. Həyətdəki bulaq da yerindəydi, bumbuz suyu ilə...”
“Ailəmizin arzusu olub ki, torpaqlarımız işğaldan azad olunsun, biz doğma torpaqlara, ata-baba yurdumuza qayıdaq. Əlbəttə, Xankəndiyə qayıdacağıq, əhalinin köçürülməsinə başlansın, bu dəfə həmişəlik qayıdacağıq”
Xankəndidə tariximizin daha bir parlaq səhifəsinə - “Qarabağ”- MOİK oyununa şahidlik edənlərdən biri də APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyevdir. Bəxtəvərdir, o kəslər ki, tarixin yazılmasına şahidlik edir və tarixi hadisənin bir parçasına çevrilirlər. Bu bəxtəvərliyi həmin anda hiss etmək yəqin ki, mümkün deyil. İşğaldan azad olunmuş Qarabağımızın indiyədək görüşünə gedənlərin böyük əksəriyyəti belə deyib: “bu hissləri sözlə ifadə etmək çətindir”. Nurşən bəyin üstünlüyü ondadır ki, hisslərini qələmə ala bildi. Xankəndidən qayıtdıqdan sonra “35 il sonra doğma şəhərə dönüş: Xankəndini necə gördüm?” adlı müəllif yazısı ilə çıxış etdi. 35 il əvvəl tərk etdiyi şəhərin küçələrini, təhsil aldığı 4 saylı məktəbin binasını necə axtarıb tapmasını, stadionda baş verənləri ürəyinin təpəri ilə yazdı. Doğma şəhər haqqında yazı belə də olmalıdır. İnsan və keçirdiyi hisslərin rəngində - boyasız, təmtəraqsız. Təbii, necə varsa, eləcə...
Həmin tarixi hadisədən 6 gün keçir. 6 gündə Nurşən bəy özünü necə hiss edir, doğma şəhərdən yenə paytaxta, yenə də məcburi qayıtmaq (bu, məcburiyyət sırf işlə bağlı olsa da) bəs necə hissdir? Bunu soruşduq, Nurşən bəydən. Müəllif yazısının sətirləri ilə “addımlayaraq”:
- “O günü çox yaxşı xatırlayıram. 1988-ci il idi, 14 yaşım vardı, 7-ci sinifdə oxuyurdum, heç nədən xəbərsiz Xankəndi (o vaxt Stepanakert) şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 4-cü saat idman dərsindəydim. Məndən iki yaş balaca, ikinci növbədə dərsə gələn qardaşım məni idman zalından çölə çağırıb dedi ki, avtobusdan düşüb dərsə gələndə şəhərin baş meydanında mitinq keçirildiyini görüb. Avtobus dayanacağı meydanın yanında idi, biz orda avtobusdan düşüb, meydandan keçib, məktəbə gələrdik. O da ikinci növbə dərsə gələndə meydanı vəhşiləşmiş, ağzı köpüklənmiş adamlarla dolu görmüşdü. Qardaşımdan xəbəri alanda ilk olaraq ayın tarixini yadıma saldım - 13 fevral. O vaxtın dili ilə desək, Böyük Oktyabr Sosial İnqilabının qeyd olunduğu 7 Noyabr deyil, Dünya Zəhmətkeşlərinin Həmrəylik bayramı olan 1 May deyil, onda bu adamlar niyə meydana toplaşıblar? 7 Noyabr, 1 Mayda həmin meydanda keçirilən nümayişdə, paradda mən də məktəbimizin heyətilə bir neçə dəfə iştirak etmişdim. Amma bu gün o günlərdən heç biri deyildi. Mənim üçün Qarabağ məsələsi belə başladı - qardaşımın gətirdiyi xəbərlə...”
Həmin 14 yaşlı uşaq 35 il əvvəl bu şəhəri Stepanakert kimi qoyub çıxmağa məcbur olmuşdu. İndi isə əsl adını daşıyan şəhərə - Xankəndiyə qayıtmışdı. Necə gördü doğma şəhərini?
- “...Şəhərin girişinə çatırıq. Yol polisi postu 35 il əvvəlki kimi yerindədir, binası dəyişib amma. Şəhərin girişindəki dairədə açar heykəlini də götürüblər. Yol polisi postu olan yerə işğaldan əvvəl “Şirin yanı” deyirdilər. Deyəsən, əvvəl orda şir heykəli qoyulubmuş, sonra götürülüb, ona görə yerin adı elə qalıbmış. Amma mən o heykəli görməmişdim, məndən əvvəl olmuşdu bunlar. Şəhərə giririk. Sağ tərəfdə təpənin üstündə ermənilərin üstündə əsim-əsim əsdiyi, göz yaşları ilə yuduğu məşhur “Biz və Bizim dağlar”, onların “papik-mamik” adlandırdığı iyrənc abidə yerindədir... 35 il əvvəl məcburən tərk elədiyimiz binamıza az qalıb. Dəqiq yadımdadır, şəhərə doğru gedəndə yolun solundakı beşmərtəbələr. Qarşısından keçdik. Düşüb getmək imkanım olmasa da, binamızı tanıdım. Xankəndidəki evimizlə bağlı yaddaşımda qalan ən işıqlı xatirə yay vaxtı səyyar kinostudiyanın həyətimizdə binamızın ağ divarında (kino pərdəsi kimi) bizə mültfilm göstərməsidir. Şəhərin baş küçəsi ilə irəliləyirik, qarşısından keçdiyimiz tanış binalar arasında keçmiş SSRİ-nin 60 illiyi adında keçmiş Stepanakert Pedaqoji İnstitutunun binası da var. Amma binanın sir-sifəti dəyişib. Avtobusdan düşəndə elə bildim yuxu görürəm, 14 yaşım var, 4 nömrəli marşrut avtobusundan düşüb, meydandan keçib, məktəbə gedirəm. İnanılmaz və möhtəşəm hisslərdir. Çox təsirləndim. “Obkom”un binası heç dəyişməyib, eyni 35 il əvvəlki kimidir, ya da mənə elə gəldi. Ətrafındakı binalar isə dəyişib, yeniləri tikilib. Baxıram, seyr edirəm, 35 il əvvələ gedirəm, 35 ildə yaşadıqlarımızı düşünürəm...
35 il əvvəl təhsilinin yarımçıq qaldığı məktəb binasını tapmaq da çətin olub, Nurşən bəyə:
- “Sevimli məktəbimizə, şəhər stadionuna düşən pilləkənlərin başındayam. Sağ-sol çox dəyişib, ağaclar qırılıb, yerində binalar tikilib. Sağ tərəfdəki park yerindədir. Dərsimiz boş olanda parkda gəzər, dondurma yeyər, attraksionlara minərdik. Sevərdik buranı... Pilləkənlə düşüb stadiona çatanda oyunun başlamasına hələ xeyli vaxt qaldığından məktəbimizə getməkdən başqa nə gələ bilərdi ağlıma? Üzü yuxarı məktəbimizə tərəf qalxanda buraların da çox dəyişdiyini gördüm. Yeni binalar tikilib, ətraf dəyişib, relyef fərqlidir, əvvəlki yollar yoxdur. Bir anlıq çaş-baş qaldım. Əslində, məktəbimizə çatmış olmalıydım, amma məktəb yoxdur, tapa bilmirəm. Xankəndi sakinləri, məktəbimizin müəllimləri, şagirdləri məktəbin yanından “obkom”un binasına, meydana qalxan yolu yəqin xatırlayır. O yolda dayanmışam, məktəbin yerləşməli olduğu tərəfə baxıram, amma yoxdur. Başqa yeni tikililər var, məktəb görünmür. Necə ola bilər? Bəlkə söküblər, bəlkə səhv gəlmişəm. Açığı, məktəbi tapa bilməməyimə görə bir az da təlaşlanmışam. Ətrafa baxıram, yaddaşımı qurdalayıram, 35 il əvvəl gördüklərimi gözümün önünə gətirirəm. Məktəb binasının, həyətinin, həyətindəki bulağın, məktəbin futbol və voleybol meydançalarının yerini yadıma salmağa çalışıram. Dayandığım yerlə hər şey düz gəlir, amma məktəb yoxdur. Ümidim tamam üzülüb. Geri qayıtmaq istəyəndə aradan balaca pilləkənləri gördüm. Həmin pilləkənlərlə düşdüm və... Məktəbin qarşısına çıxdım. Demə, elə bayaqdan məktəbin yanında o tərəf-bu tərəfə gedib onu axtarırmışam. Tanımamışdım, çox dəyişib. Əvvəlki məktəb binasından əsər-əlamət yoxdur. Üzlüyü, dam örtüyü yenilənib, idman zalı, yeməkxana, emalatxana olan hissələri sökülüb, əsas giriş qapısının yeri dəyişdirilib. Çətin tanıdım, belə təsəvvür eləmirdim, elə bil başqa bina ilə üz-üzə dayanmışam. Həyətinə çıxmasaydım, tapa bilməyəcəkdim. Həyətdəki bulaq da yerindəydi, bumbuz suyu ilə... Quruluşunda dəyişiklik ediblər. Çox sevirdim məktəbimizi, çox doğma idi. Orada qısa müddətdə - 2 il yarım oxusam da, buraxdığı iz bir ömürlükdür. 5-ci sinifdə bu məktəbə ilk gəlişim, məktəbli günlərim, müəllimlərim, sinif yoldaşlarım... Çox şey bölüşə bilərəm məktəbimizlə bağlı, amma qalsın. Bəlkə nə vaxtsa...”
Nəhayət, həmin tarixi anlara şahidlik edəcək stadion:
- 35 il sonra Xankəndi şəhər stadionunda tarixi oyun olacaq. Bayaqdan deməyi unutmuşam, əslində, Xankəndiyə elə buna görə gəlmişəm. Çox adam gəlib bura. Zəfərin memarı - Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Zəfəri bizə yaşadan şəhidlərin ailələri, övladları, qazilər, tanınmış-tanınmamış adamlar... Çox adam var. Xankəndinin “Qarabağ” komandasının və “Neftçi”nin oyunçusu olmuş Samir Ələkbərov da burdadır. 37 il əvvəl - 1986-cı ildə “Qarabağ”ın heyətində onun oyununu stadionda izləmişdim. Ələkbərov oyunçularının, demək olar ki, hamısı erməni olan bu komandada tək azərbaycanlı idi. Buna görə ona xüsusi azarkeşlik edərdik”.
Bura qədər. Bundan sonra hazırda yenə də paytaxtda olan Nurşən bəyin hazırda hansı hisslər keçirdiyini öyrənək.
- Nurşən bəy, həmin gün stadionda baş verənlərlə bağlı çox məlumatlar, videolar paylaşıldı. Sizin nəzərinizlə baxsaq necə idi?
- Hamı sevinirdi, bir-birini təbrik edirdi, qucaqlaşırdılar. Şeir deyən kim, mahnı oxuyan kim... Əsl bayram ab-havasındaydıq. Hamı səmimi idi, hamının sevinci ürəkdən gəlirdi. Mənə isə elə gəlir ki, hamıdan çox sevinən mənəm. Yanıla da bilərəm, amma səmimi olaraq belə hesab edirəm. Çünki ən böyük arzularımdan biri uşaqlığımın şəhərinə dönmək, onu görmək olub. Həmin oyunda hesabın necə olacağı da vacib deyildi. Əsas oyunun keçirildiyi məkandır. Əsas Xankəndinin Azərbaycana qayıtmasıdır, bizim Xankəndiyə qayıtmağımızdır. Yazıda qeyd etmişəm ki, Xankəndinin Azərbaycan şəhəri olmasına heç vaxt imkan verilməmişdi. Canlı şahidəm. Sovet vaxtı bu şəhərin küçələrində Azərbaycan dilində bir yazıya belə rast gəlmək mümkün deyildi, ancaq rus və erməni dillərində... Xankəndi hüquqi baxımdan Azərbaycan şəhəri idi, faktiki olaraq isə yox. Ermənilər də bu faktikini hüquqiyə çevirmək istədilər, sonda Dəmir yumruğu yedilər. Bax, indi Xankəndi əsl Azərbaycan şəhəridir – həm faktiki, həm də hüquqi. Xan babamızın kəndi artıq onun övladlarına əmanətdir.
- Doğma şəhərdən ayrılmaq çox çətin olmalıdır, şübhəsiz. Necə qayıtdınız Bakıya, gözünüz arxada qaldı, eləmi?
- Tək indi deyil ki! 35 ildir gözümüz arxadaydı... Mənim üçün, bizim üçün Xankəndi həmişə doğma olub. Qoyub gəldiyimiz yerləri düşünürdük. Ora qayıtmaq istəyirdik. Boya-başa çatdığım Şuşanın Malıbəyli kəndi, kəndimizin qonşuluğundakı, mənim təhsil aldığım Xankəndidə arzularımız qalmışdı. Adam, əlbəttə ordan doymur. Doymaq mümkün deyil.
- Nurşən bəy, valideynləriniz həyatdadırlarmı? Bunu ona görə soruşuram, istərdim bilim, Xankəndiyə ailənizlə birgə qayıda biləcəksinizmi?
- Valideynlərimin hər ikisi sağdır. Yaşlaşıblar, səhhətlərində problem var. Hətta səhhətləri imkan verməyib, Şuşanı gedib görsünlər. Ailəmizin arzusu olub ki, torpaqlarımız işğaldan azad olunsun, biz doğma torpaqlara, ata-baba yurdumuza qayıdaq. Əlbəttə, Xankəndiyə qayıdacağıq, əhalinin köçürülməsinə başlansın, bu dəfə həmişəlik qayıdacağıq.
- Təəssüratlarınızda maraqlı bir detal da var. Yazırsınız ki, 37 il əvvəl Xankəndi stadionunda “Stepanakert”in “Qarabağ” komandası ilə Bakının “Neftçi” komandasının oyununu izləmisiniz. “Qarabağ”ın yeganə azərbaycanlı oyunçusu Samir Ələkbərovun adını da qeyd edirsiniz. Yəni həmin oyunda hansı komandaya azarkeşlik edirdiniz, “Neftçi”yə, yoxsa “Qarabağ”a?
- Tam səmimi deyirəm, həmin oyunda “Neftçi”yə azarkeşlik etmişəm. Niyə? Çünki futbola baxmağa başladığım vaxtdan, uşaq yaşlarımdan “Neftçi”nin azarkeşi idim. Çünki “Neftçi” o zamanlar SSRİ çempionatında yuxarı liqada olan yeganə Azərbaycan komandası idi. Biz hamımız da əlbəttə ki, “Neftçi”yə azarkeşlik edirdik. Amma Xankəndinin “Qarabağ” komandası digər komandalarla oynayanda “Qarabağ”ı dəstəkləyirdik. O vaxt belə söz-söhbət də yox idi. Biz ayrı-seçkilik etmirdik, ermənilərə münasibətdə. Düşmən münasibəti yox idi ermənilərə qarşı. Biz eyni şəhərdə, bir yerdə yaşayırdıq. Nə biləydik onlar bizə qarşı bu cür iyrənc planlar qururlar, qəsd hazırlayırlar... Samir Ələkbərov da “Qarabağ”dakı yeganə azərbaycanlı, buna görə ona azarkeşlik edirdik, ona daha artıq simpatiyamız vardı.
- Xankəndiyə qayıtmaq, orada işləmək barədə nə düşünürsünüz?
- Planlarla bağlı dəqiq bir söz deyə bilmərəm. Hazırda Xankəndidə tikinti, quruculuq işləri gedir, əhalinin köçürülməsinə hazırlıq işləri aparılır. Biz də səbirsizliklə ora qayıdacağımız günü gözləyirik. Hər şey planladı. Dövlətimiz bu işləri plana uyğun aparır. Müəyyən hazırlıq başa çatmalıdır ki, əhalinin köçürülməsinə başlansın. Yəqin ki, əhali hissə-hissə köçürüləcək. Bizim üçün də bu, ən böyük arzumuza çatmaq olacaq.