“Cavan vaxtı turnikdə necə və neçə dəfə dartınırdımsa, bu gün də eynisidir. Piyada çox gəzirəm, cavanlıqda olduğu kimi. Heç yorulmuram”
40 ildir mediada çalışan, jurnalistlik fəaliyyətini davam etdirən şəxsin yaşlı olmsı ehtimalı daha çoxdur. Lap tutalım, bu şəxs ən gənc yaşlarından jurnalistliyə başlasa belə, azı 60 yaşı olmalıdır. 60 isə ömrün ahıllığa yol alan yaşıdır. Elçin müəlliminsə (Elçin Məmmədli) 65 yaşı tamam olur. Amma özünü yaşlı hesab etmir. Əksinə, sanki 65 deyil də, 30-40 yaşındakı kimi hiss edir. Buna ruhən cavan olmaq deyilir. Özü də belə dedi. Həmkarımızın yubiley yaşı ilə bağlı qısa da olsa fikirlərini öyrənmək istədik. Görək nə dedi.
- 1983-cü ildən mətbuatdayam. “Azərbaycan gəncləri” qəzetində ştatdankənar müxbir işləmişəm. Jurnalist fəaliyyətim belə başlayıb. 1990-cı illərdə müstəqil qəzetlər nəşr olunmağa başladı. Fərqli vaxtlarda, müxtəlif qəzetlərdə işlədim; “Boz qurd”, “Müxalifət”, “Millət”, “Ədalət”, “Hürriyyət”...
- Amma “Təzadlar”da qərar tutdunuz sonunda.
- Bəli. 28 ildir “Təzadlar” qəzetində işləyirəm. Deyə bilərəm ki, jurnalist kimi özümü məhz bu qəzetdə daha çox realizə edə bildim və davam edirəm.
- 65 yaşın fərqi nədədir, əvvəlki illərdən?
- İnanın, mən özümü 65 yaşda hiss etmirəm. İnana bilmirəm ki, 65 yaşına çatmışam. Elə bilirəm, 30, 40 yaşındayam. Çünki əvvəlki illərdən köklü, əsaslı bir fərq hiss etmirəm. Cavan vaxtı turnikdə necə və neçə dəfə dartınırdımsa, bu gün də eynisidir. Piyada çox gəzirəm, cavanlıqda olduğu kimi. Heç yorulmuram.
- Yaxşıdı da. Gənc qalmısınız. Sağlamlığınız yerindədi...
- Elədi. İnsan ruhən özünü gənc hiss edirsə, bu, fiziki sağlamlığa da təsir edir. Bilirsiz, mən 65 yaşımı qabartmaq istəməzdim. Amma fikirləşdim ki, təntənəli yubiley keçirməyə, dostlarımı ətrafıma yığmağa imkan yoxdur, heç olmasa, dost-tanış bilsin ki, yubiley yaşımdır, təbrik etsinlər.
- Deməli, təbriklərə ehtiyacınız var.
-...65, üzərindən sakit keçiləsi yaş da deyil axı!.. Hərdən düşünürəm, xatirələrdə gənclik illərinə qayıdıram, biz nələr görmədik həyatda? Meydan hərəkatı, təlatümlər, sonra torpaq itkisi yaşadıq. Bilirsiz ki, mən Qarabağ müharibəsinin veteranıyam. 1993-cü ildə elə bilirdik bu problem tezliklə həll olunacaq, döyüşürdük, düşmənlə üz-üzə dayanırdıq. Amma olmadı. 30 il keçdi. Və mənim oğlum 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi.
- Oğlunuz hansı istiqamətdə döyüşüb?
- Kəlbəcər-Murov istiqamətində. 1 il 3 ay idi xidmət edirdi, Vətən müharibəsi başlananda əsgər kimi o da Vətənə borcunu yerinə yetirdi.
- Bu il yəqin ki, sizin üçün də əlamətdar olub.
- Çox sevinirəm, qürurlanıram ki, 2023-cü il bir çox tarixi hadisələrlə yadda qalacaq. Bu il Ulu Öndər Heydər Əliyev ili idi. 2023-cü il ömrümüzə həm də Xankəndi ili kimi yazıldı. Cənab Prezident Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. İndi Şuşada da bayram hazırlıqları gedir. Xankəndi stadionunda tarixi futbol matçına şahidlik etdik. Ərazi bütövlüyümüz bərpa olundu... “İştah diş altındadır”, deyirlər. Bu qədər qələbədən sonra arzularımız da çoxalır. Qərbi Azərbaycana qayıdış, Zəngəzur, Göyçə... niyə də olmasın? Qələbələrdən sonra ölkə, dövlət olaraq səsimiz daha ucadan gəlir. Azərbaycan dünya dövlətləri arasında nüfuza sahib ölkə, güclü dövlətdir. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Amma bir istəyim var ki, müharibə veteranlarına verilən müavinətin miqdarı artırılsın.
- Nə qədər müavinət alırsınız ki?
- 80 manat. Mən də, oğlum da. Hesab edirəm ki, müharibə veteranlarına verilən müavinətin miqdarı çox azdır. Döyüşdə kimisi şəhid olur, kimisi yaralanır, döyüşü başa çatdıra bilmir. Döyüş tapşırığını sağ qalanlar yerinə yetirir. Yəni döyüşdən sonra veteran adlandırılanlar. Şəhid-qazi-veteran – bunların 3-ü də ayrılmaz qardaşdır. Qardaşlar arasına fərq qoyulmamalıdır.
Söhbətləşdi: Məlahət Rzayeva