Nəsib bəy Yusifbəyliyə abidə qoyulmalıdır
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin anım günüdür.
Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri və Cümhuriyyət hökumətinin ikinci baş naziri olub. Gəncədə doğulan Nəsib bəy ali təhsilini Odessa Universitetində hüquq sahəsində alıb.
1905-ci il inqilabından sonra o, siyasi fəaliyyətə başlayıb və "Difai" adlı gizli milli təşkilatın üzvü olub. 1918-ci ildə AXC qurulduqdan sonra Yusifbəyli, əvvəlcə təhsil naziri, daha sonra isə baş nazir vəzifəsini icra edib. Onun rəhbərliyi altında AXC bir sıra iqtisadi və təhsil islahatlarını həyata keçirib.
Bu böyük şəxsiyyətin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında "Sherg.az"a müsahibə verən araşdırmaçı-jurnalist Dilqəm Əhməd deyib ki , Nəsib bəy Azərbaycan istiqlalçılığının simvol şəxsiyyətlərindəndir:
- Nəsib bəy Yusifbəylinin Azərbaycan Cümhuriyyətinin qurulmasındakı rolu nə olub?
- Nəsib bəy Azərbaycan tarixində ilk siyasi partiyalardan birini qurmuş bir şəxs kimi, eləcə də Cümhuriyyətin yaradılmasındakı iştirakçılığı və ikinci Baş nazir olması etibarilə olduqca yüksək bir dəyərə malik şəxsiyyətimizdir. Ona görə də Rusiya Azərbaycanı 1020 - ci ilin aprelində işğal etdikdən sonra ilk aradan götürdükləri xadim də o oldu. Nəsib bəy 1881-ci ildə Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olub, burada türk tələbələrin “Həmyerlilər” təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən iğtişaşlardan sonra Bağçasaraya gəlib, burada İsmayıl bəy Qaspıralı ilə tanış olub. Həyat yoldaşı Şəfiqə xanımla da burada rastlaşıb, 1906-cı ildə evləniblər. Bir çox xadimlərimiz kimi Nəsib bəyin də açıq siyasi fəaliyyəti 1917-ci il inqilabı ilə başlayıb. Həmin il o, ”Türk ədəmi-mərkəziyyət partiyası”nı yaradıb. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı. Daha sonra bu partiya Müsavatla birləşib və Nəsib bəy Rəsulzadə ilə birgə addımlayıb. Nağı bəy Şeyxzamanlı bir xatirəsində yazır ki, Nəsib bəy tez-tez Bakıya gedərək Əmin bəy ilə görüşür, hər iki mərkəzin fəaliyyətləri haqqında bir-birinə məlumat verirdilər. Nəsib bəy Azərbaycan istiqlalçılığının simvol şəxsiyyətlərindəndir. Hüsaməddin Tuqaç xatirələrində yazır ki, Osmanlıya birləşmək məsələsinə Nəsib bəy açıq qarşı çıxıb, deyib ki, Osmanlı bizim böyük qardaşımızdır, amma Bakı İstanbuldan idarə edilə bilməz. Ona görə də istiqlalçı Nəsib bəyi sevməyənlər, hətta onu öldürmək istəyənlər çox idi. Məsələn, 4 iyun 1919-cu ildə Nəsib bəyə Budaqov familiyalı bir erməni sui-qəsd cəhdi də həyata keçirmək istəyib. Cümhuriyyətin bir yaşı münasibətilə xalqa müraciət etmək də Nəsib bəyin qisməti olub. 29 iyul 1919-cu ildə Şuşada Azərbaycan ordusunun hərbi paradını qəbul etmək şərəfi də ona məxsus olub. Həmin vaxt Xankəndiyə də gediblər. Bu baxımdan Nəsib bəy şəxsiyyəti tariximiz üçün olduqca qiymətlidir.
- Nəsib bəyin həyatı və ictimai-siyasi fəaliyyətini araşdıranda hansı hissləri keçirdiniz?
- Məni ən çox duyğulandıran Nəsib bəylə Şəfiqə xanımın məktublaşmalarındakı fikirlər olub. Məktubunun birində yazır ki, “həyat məni, bəlkə də, layiq olmadığım mövqeyə yüksəldib. İndi Azərbaycan Cümhuriyyətinin Baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt saymıram”. Bilirsiniz, bu nə deməkdir? Nəsib bəy kimi insanlar Baş nazirliyə xoşbəxtlik, firavanlıq, maddiyyat kimi baxmayıblar. Əgər biz Nağı bəy Şeyxzamanlının xatirələrinə inansaq, Baş nazir olanda atasından borç da istəyib. Həsən bəy Ağayev də əmək haqqını işçilərinə verirdi. Bu baxımdan onların Cümhuriyyətdəki təmsilçilikləri Azərbaycan dövləti və milləti naminə idi. Nəsib bəyin bir yaş münasibətilə xalqa müraciəti də tariximizin qızıl səhifələrindən hesab edilə bilər. Orada Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan bəhs edilir, qurulan dövlətin heç bir fərq qoyulmadan hər kəsin vətəni olduğu bildirilir.
- Yusifbəylinin ölümü ilə bağlı fərqli fərziyyələr var. Sizin bu barədə düşüncələriniz nələrdir?
- Nəsib bəyin şəhid edilməsi ilə bağlı bu qədər fərziyyələrin olması bu cinayətin gizli və planlı şəkildə həyata keçirildiyini göstərir. Burada sifarişçi və icraçıları ayırmaq gərəkdir. İcra edənlər ermənilər, hansısa silahlı dəstələr ola bilər. Amma fikrimcə, bu cinayət Azərbaycan İnqilab Komitəsi tərəfindən həyata keçirilib. Nəsib bəy kimi nüfuzlu bir adamın Gəncəyə getməsinin, orada mübarizəni davam etdirməsinin qarşısı alınıb. Bu işin içərisində Qarxunlu Əşrəf bəyin olacağı ehtimalını da birbaşa rədd etmək olmaz. Çünki mühacirətdə Rəsulzadə Xəlil bəy Xasməhəmmədova qarşı bir yazısında “Qarxunlu Əşrəfin xəncərini sizə xatırladıram” deyib. Yəni bu ifadədən açıq-aydın görünür ki, Əşrəf nəsə xəyanət edib. Düşünürəm ki, burada Nəsib bəyin qətli nəzərdə tutula bilər. Rəsulzadənin və digərlərinin bu mövzudakı ehtimallarını təkrarlamaq istəmirəm. Amma digər bir cümhuriyyət deputatının da yazısında bir cümlə var ki, diqqətdən kənarda qalıb. Zəngəzur deputatı Məhəmmədsadıq Aran yazır ki, Nəsib bəy Qarabağın Cavanşir qəzasının Yevlax körpüsünün yaxınlığındakı Cinli bölgəsində azərbaycanlı əşqiyalar tərəfindən öldürülüb. Yəni, bu ehtimal da var. Amma fikrimcə, Nəsib bəy Azərbaycanı işğal edən bolşevik Rusiyasının sifarişi ilə qətlə yetirilib.
-Sizcə, Azərbaycan xalqı Nəsib bəy Yusifbəylinin xatirəsini yaşadırmı?
-Xalqımız, şübhəsiz ki, Cümhuriyyəti, onun xadimlərini çox sevir. İldən-ilə də bu münasibət yüksələn xətlə gedir. 28 May ərəfəsində sosial mediada da bunu açıq şəkildə görürük. Cümhuriyyət mövzulu kitablara rəğbət var. Amma topluma dəyərlərimizi təbliğ etməriksə, xalqın xatirəsində yaşamaz. Məsələn, Bakıda İstiqlal küçəsi var. 33 ildir müstəqilik, amma o küçədə hələ də bolşeviklərin xatirə lövhələri var. Halbuki o küçə başdan-ayağa Cümhuriyyət dövrünü əks etdirən abidələrlə zəngin olmalıdır. İlk parlamentimiz də o küçədədir. Orada qoyulan İstiqlal abidəsinin forması da doğru deyil. Nəsib bəyə aid o küçədə nələrsə edilməlidir. Xalqın yaddaşında yaşaması üçün onun geniş bioqrafiyası yazılmalıdır. Məsələn, Əlimərdan bəylə bağlı əsər ərsəyə gətirilib. Türkiyədə Mustafa Kamal və silahdaşlarının təbliğatının necə aparıldığını görürük. Bu baxımdan, təəssüf ki, siz Bakının mərkəzində “Nəsib bəy kimdir?” deyə sorğu keçirsəniz, çox ağrılı vəziyyətlə qarşılaşarsınız.
- Məhəmməd Əmin Rəsulzadə Nəsib bəy Yusifbəyli haqqında bir yazısında Azərbaycançılığın ilk nümayəndələrindən olan Nəsib bəyin adını əbədiləşdirmək, Bakı ilə Gəncədə ona bir abidə qoymaq lazımdır demişdi. Əfsus ki, bu abidələr bu gün də qoyula bilməyib. Sizin bununla bağlı düşüncələriniz nələrdir?
- Təəssüf ki, Cümhuriyyət xadimlərinin xatirələrinin əbədiləşdirilməsində, demək olar ki, indiyədək heç bir addım atılmayıb. Kiçik təşəbbüslər istisna olmaqla böyük şəxsiyyətlərimizlə bağlı heç bir şey edilməyib. Nəsib bəy bizim Baş nazirimiz olub. İlk şəhid olan dövlət xadimimizdir. Həmçinin maarif və etiqad naziri olub. İlk dövlətimizin qurulmasında saysız-hesabsız xidməti olub. Rəsulzadə Nəsib bəyə verdiyi qiymət qədər digər bir şəxs haqqında o ifadələri işlətməyib. Nəsib bəy istiqlalımız uğrunda canını verib. Belə bir şəxsiyyətin adına layiq nə Gəncədə, nə də Bakıda bir abidə yoxdur. Əlimərdan bəy Topçubaşı Parisdə ölkəmizin mövcudluq sənədini almış şəxsdir. Fətəli xan şəhid Baş nazirimizidir. Amma təəssüf ki, onlarla bağlı da heç bir addım atılmayıb. Məhəmməd Əmin Rəsulzadənin heykəli hələ də emalatxanadadır. Təəssüf ki, böyük bir biganəlik var, ümid edirik ki, bu vəziyyət tezliklə öz həllini tapar.