ABŞ, Avropa ölkələri erməniləri çox istədikləri üçün onların dilindən çıxış etmirlər, öz maraqlarını təmin etmək qayəsi ilə hərəkət edirlər
“Ukrayna-Rusiya müharibəsini başladanların qayəsi Rusiyanı çökdürmək, Cənubi Qafqaz və digər regionlardan sıxışdırıb çıxartmaqdır”
“Ukrayna-Rusiya müharibəsini başladanların qayəsi Rusiyanı çökdürmək, Cənubi Qafqaz və digər regionlardan sıxışdırıb çıxartmaqdır”
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanması üçün konkret şərtləri növbəti dəfə açıqlayıb. Dövlət başçısı sülh sazişinin tez bağlanması üçün İrəvanın iki şərti yerinə yetirməsinin vacib olduğunu deyib. Ölkə rəhbəri bildirib ki, həmin şərtlərdən biri Minsk qrupunun ləğv edilməsi, digəri isə Ermənistanın “İstiqlal Bəyənnaməsi” və Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılmasıdır: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq". Prezident vurğulayıb ki, Ermənistan Konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var: "O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan, doğrudan da, sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir". Prezidentin açıqlaması Ermənistanı qarışdırıb. Yerli müxalifət Baş nazir Nikol Paşinyanı tənqid edərək, onun uğursuz danışıq apardığını bildiriblər. Tənqidçilər həmçinin Prezident İlham Əliyevin sərrast addımlar atdığını da vurğulayıblar.
Sülh prosesi ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq"in suallarını cavablandıran millət vəkili Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev Almaniya rəhbəri Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında almaniyalı jurnalistin sülhlə bağlı sualına geniş, ətraflı cavab verdi. Deputatın sözlərinə görə, dövlət başçısı hətta ironiya ilə bildirdi ki, "sülh göyərçini" kimi təqdim edilən Ermənistanın bugünki rəhbəri Nikol Paşinyan 2019-cu ildə işğal etdikləri ərazimizə gələrək "Qarabağ Ermənistandır, nöqtə" demişdi. Parlamentari əlavə edib ki, indi sülhdən dəm vuran Ermənistanın başında duran şəxs həmin Paşinyandır. Separatizmi, işğalı, terrorçuluğu dəstəkləyən adamdır.
- Elman müəllim, dövlət başçısının Azərbaycanın konkret şərtlərini yenidən gündəmə gətirməsini, həm İrəvana, həm də havadarlarına mesajını necə dəyərləndirirsiniz?
- Ermənistan rəhbərliyi özünü dünya ictimaiyyətinə "sülh göyərçini" kimi sırımağa çalışır. İrəvan hökuməti iddia edir ki, 17 maddəlik sülh sənədi razılaşdırıldığı üçün müqaviləni imzalamaq olar. Ancaq cənab Prezidentimiz prosesi çox gözəl izah etdi və birmənalı vurğuladı ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldığı təqdirdə, heç bir sülhdən danışmaq olmaz. Əgər Ermənistan dayanmadan silahlanırsa, hücum xarakterli hərbi texnikaları ölkəyə daşıyırsa, ordunu təlimlərlə yeni müharibəyə hazırlayırlarsa, hansı sülhdən danışmaq olar?! Paşinyan onsuz da heç bir işə yaramayan mənasız Minsk qrupunun ləğvinə yanaşmırsa, buna nə ad verməliyik? Bəli, 17 maddədən ibarət saziş hazırdır. Amma kim qarantiya verir ki, sazişə imza atılandan sonra Ermənistan sülh müqaviləsinin şərtlərinə tam əməl edəcək. İndiki halda Ermənistan tərəfi ilk növbədə Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasına son qoymalı və işğal dövründə bizə vurduğu ziyana görə təzminat ödəməlidir. Həmçinin, Minsk qrupunun ləğvi ilə bağlı tələbi qəbul etməlidir. Bunlar reallaşmadan hər hansı sənədə qol çəkmək məntiqsizdir. 2020-ci ilin noyabrın 10-da məğlub Ermənistan üçtərəfli sənədə imza atmışdı. Ötən 5 ilə yaxın müddətdə imza atdığı bəndlərin reallaşmasına əməl etdimi? İndi ağızdolusu sülhdən danışan da həmin Ermənistandır. Etibarsız, satqın, hiyləgər Ermənistandır. İrəvan hökuməti hər yerdə iddia edir ki, guya Azərbaycan sülh üçün əlavə şərtlər irəli sürür. Dövlət başçımız açıq şəkildə bəyan etdi ki, Azərbaycanın tələbləri konkretdir və yeni deyil. Rəsmi Bakı uzun zamandır sözügedən təklifləri gündəmə gətirir və tələb edir ki, Ermənistan sülhdə səmimidirsə, əməli addımlar atmalıdır. Tezliklə sülh istəyən Ermənistan niyə Konstitusiya dəyişikliyini 2026-cı, 2027-ci ilədək uzadır?! Əvvəlcə seçkilər, sonra referendum, ardınca Konstitusiya dəyişikliyi və s. bunlar ermənilərin növbəti hiyləgərliyidir. Azərbaycanın mövqeyi məlum, bəlli və qətidir. Prezidentimiz də sözünün ağasıdır.
- Ermənistanın davamlı silahlanması da sülhə mane deyilmi? Üstəlik, şərti sərhədlərdə təxribatların artması sülhə necə "töhfə" verə bilər?
- Ermənistan tərəfi iddia edir ki, guya öz təhlükəsizliyini təmin etmək üçün silahlanmağa, ordunu gücləndirməyə çalışır. Hətta özlərini haqlı çıxarmaq üçün bizə də irad bildirərlər ki, Azərbaycanda silah-sursat alır, ordusunu gücləndirir. Yəni İrəvana görə, heç kim onların silahlanmasına qarışmamalıdır. Amma məsələ elə deyil. Ermənistan təhlükəsizliyini təmin etmək məqsədilə silahlanmır. Əgər elə olsaydı, hücum silahları almaz, şərti sərhədləri təhlükəli silahlı qruplaşmalarla, terrorçu təşkilatlarla, quldur dəstələri ilə doldurmazdı. Üstəlik, bu gün Ermənistan ərazisində bir çox Qərb dövlətlərinin hərbçiləri, hərbi təlimatçıları var. Onlar erməni ordusunu hazırlayırlar. Nəyə hazırlayırlar? Ermənilər yenidən bəd niyyətə düşüblər. Vaxt qazanmaqla, "bəlkə də qaytardılar" xülyası ilə yaşayırlar. Sülh və sabitlik istədiyini iddia edən Ermənistan belə kritik zamanda kifayət qədər az maliyyəsini niyə hücum silahları almağa, orduya təlim keçməyə yönəldir? Bir dəstə cinayətkar qulduru, casusu "mülki missiya" adı ilə Ermənistana doldurublar. Bütün günü binoklla Azərbaycanı izləyirlər. Ermənistanın son günlərdə məqsədli şəkildə atəşkəsi pozması da Azərbaycanı təhrik etmək, təxribata çəkmək məqsədi daşıyır. Bunların heç biri təsadüfi deyil. Xəyanətkar, murdar düşmənlə son dərəcə ehtiyatlı olmaq, onların şirin sözlərinə, vədlərinə aldanmamaq lazımdır.
- Paşinyan iddia edir ki, Avropa İttifaqının "mülki missiyası"nın Bakının tələbi olan "üçüncü qüvvələrin sərhəddə olmaması" məsələsinə dəxli yoxdur. O halda "üçüncü qüvvələr" kimlərdir?
- Kifayət qədər absurd, hiyləgər yanaşmadır. Avropa İttifaqının "mülki missiyası" şərti sərhədlərdəki "üçüncü qüvvələr" deyilsə, o zaman nədir? Məqsədləri, missiyaları, gördükləri iş nədən ibarətdir? Nəyə qulluq edirlər? Hamıya bəllidir ki, Aİ missiyası aşkar casusluqla məşğul olur, erməni tərəfi üçün informasiya toplayır. Tərkibi keçmiş hərbçilərdən, kəşfiyyatçılardan, jandarmlardan, hətta terrorçulardan ibarətdir. Aİ missiyası da, şərti sərhədlərdəki digər qruplaşmalar da orada olmaması tələb edilən "üçüncü qüvvələr"dir. ABŞ özünün ən yeni müşahidə sistemlərini Ermənistan ərazisində yerləşdirib. Onlar təkcə Azərbaycanı yox, qonşu ölkələri də müşahidə edirlər. Ermənistanın ən yaxın müttəfiqi İranın bütün əraziləri də ABŞ sistemləri tərəfindən müşahidə altındadır. Ermənilərlə öpüşüb-görüşən Tehran hökumətinin rəsmiləri bundan narahat olmalı, düzgün nəticə çıxartmalıdır.
- İrəvan hökuməti ilə yanaşı, erməni kilsəsi, erməni lobbisi də son günlər fəallaşıb. Revanşistlərin yenidən meydana çıxması nəyin xəbərçisidir?
- Məsələ ondadır ki, həm Ermənistan daxilində, həm dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən rusyönlü, revanşist erməni diasporu ilə Qərb dövlətlərində yerləşən erməni lobbisi arasında müəyyən ziddiyyət, qarşıdurma var. Rusiyada Paşinyanın əleyhinə olanlar, onu devirməyə çalışanlar çoxdur. Ermənistanda da sayları, təsir imkanları kifayət qədərdir. Kremlə bağlı olan cinayətkarların, Köçəryan-Sarkisyan cütlüyünün xeyli qüvvəsi hələ qalmaqdadır. Erməni kilsəsi də onlara dəstək verir. Bunlar bir dəstədir. Digər tərəfdə isə ABŞ, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən erməni təşkilatları mövcuddur. Onların əksəriyyəti Paşinyanı dəstəkləyirlər. Məqsəd Ermənistanı Rusiyanın nəzarətindən tamamilə çıxarmaqdır.
- ABŞ və Avropa ölkələrinin Cənubi Qafqaza, xüsusən Ermənistana diqqət yönəltməsi, tələskən sülh çağırışları nəylə bağlıdır?
- Qərb ölkələrinin prosesə müdaxilə cəhdlərinin məqsədi var. Ukrayna-Rusiya müharibəsini başladanların qayəsi Rusiyanı çökdürmək, Cənubi Qafqaz və digər regionlardan sıxışdırıb çıxartmaqdır. Rusiya sərhədlərinə yerləşməklə Moskvanın bölgədə təsirini, nüfuzunu yox etmək niyyəti güdürlər. Eyni ssenarini Ermənistan üzərindən də reallaşdırmaq istəyirlər. Anlayırlar ki, regionda yerləşməyin və Rusiyaya təzyiq göstərməyin ən uyğun modeli Ermənistandır. Yəni ABŞ, Avropa ölkələri erməniləri çox istədikləri üçün onların dilindən çıxış etmirlər, öz maraqlarını təmin etmək qayəsi ilə hərəkət edirlər. Ermənilərin tarix boyu sərgilədiyi satqınçılığı, kənar güclərdən asılı olduqlarını bildikləri üçün Ermənistanı seçirlər. Ermənistan üzərindən regiona girmək mümkündür. Hər zaman olduğu kimi bu gün də xarici güclərin əlində alət olmaqdan məmnundurlar.