“Oktyabrda sülh sazişi imzalanacaq” -Mehman Əliyevdən şok proqnoz

ABŞ xüsusi canfəşanlıq göstərir, tərəfləri buna səsləyir və tələsdirir

Mehman Əliyev: “Sazişə Almatıda imza atılacaq, çünki danışıqlar Almatı bəyannaməsinə əsasən aparılır və həmin saziş əsas götürülür”


  Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması regiona daha çox sülh gətirəcək. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Mirzoyan kommunikasiyaların bərpasının Ermənistanla yanaşı, digər region ölkələrinin iqtisadiyyatını dəstəkləyəcəyini əlavə edib: “Əgər bir ay intensiv işləsək, bu prosesi tamamlaya və Azərbaycanla vacib razılaşmanı imzalaya bilərik”. Ermənistan mediasının yazdığına görə, Azərbaycanın eksklavı olan kəndlərin – Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması da gündəmdədir. Bildirilib ki, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq. “Hraparak” yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir. Qeyd edək ki, Prezident İlham Əliyevin Kanadanın yeni səfiri Kevin Hamiltonu qəbul edərkən Ermənistanla sülh danışıqlarından söz açıb. Dövlət başçısı vurğulayıb ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görünür. Həmçinin Prezident qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Lakin ölkə rəhbəri Ermənistan konstitusiyasının dəyişməsinin zərurətini növbəti dəfə gündəmə gətirib. 
Azərbaycan-Ermənistan arasında sülh müzakirələri ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran "Turan" İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev deyib ki, tərəflər tezliklə sülh sazişinin imzalanmasında maraqlıdır. Onun sözlərinə görə, gedişat prosesin tezliklə yekunlaşacağını deməyə əsas verir.

 - Mehman müəllim, Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqlarını necə şərh edərdiniz? Bakının konstitusiya tələbi sülhü yubada bilərmi? 
 - Həm Azərbaycandan, həm də Ermənistan tərəfindən verilən açıqlamalar, bəyanatlar onu göstərir ki, tərəflər sülh sazişinin imzalanmasını istəyirlər. Son günlər ABŞ də xüsusi canfəşanlıq göstərir, tərəfləri sülhə səsləyir. Vaşinqton mövqeyini daha aydın formada göstərmək üçün Azərbaycan və Ermənistanı NATO-nun Zirvə görüşünə dəvət edib. Düşünmürəm ki, İrəvan sülh sazişinin imzalanmasını yubatsın, çünki bu, ilk növbədə onların özünə ziyandır. Amma Bakı çərçivə sənədində mütləq Ermənistan rəhbərliyi qarşısında öhdəlik qoymalıdır ki, İrəvan hökuməti konstitusiyadakı ərazi iddialarını aradan qaldırsın. Ermənistan Baş naziri Nikol Paşinyan və digər rəsmilər özləri də etiraf edirlər ki, onların qanunverici aktları dəyişməlidir. Onlar da həmin müddəaların sülhə mane olduğunu düşünürlər. Ermənistanda baş verən etirazlar özünü doğrultmadı, aksiyalara qoşulanların sayı az oldu. Əslində, bununla erməni toplumu göstərdi ki, onlar da müharibənin yox, sülhün əldə olunmasını arzulayırlar. Həmçinin keçmiş siyasi hakimiyyətləri qəbul etmədiklərini göstərmiş oldular. Paşinyan sülhdə maraqlıdır. Daha doğrusu, Azərbaycanın atdığı düşünülmüş addımlar, siyasi-hərbi  gedişlər İrəvan hökumətinə sülhdən başqa çıxış yolu qoymur. Erməni cəmiyyəti də sülhlə razılaşır və Bakının tələblərini qəbul etməyə vadar olurlar. Ancaq referendum təyin etmək, onu keçirmək üçün də müəyyən vaxt lazımdır. Əsas odur ki, İrəvan öz üzərinə konkret öhdəliklər götürsün. 

 - Nikol Paşinyan 2026-cı ilin dekabrın sonunadək "yeni konstitusiya" layihəsinin hazırlanması barədə təlimat verib. Baş nazir hansı məqsədlə müddəti uzadır və "yeni konstitusiya"dan danışır? 
 - Paşinyan bilir ki, konstitusiyada sırf həmin müddəaların çıxarılması birmənalı qarşılanmayacaq və müəyyən qədər narazılığa səbəb olacaq. Ona görə "yeni konstitusiya" məsələsini gündəmə gətirir. Əks halda Paşinyana qarşı çıxan müxalif düşərgə və onların dəstəkçiləri bundan istifadə edərək vəziyyəti gərginləşdirə bilərlər. Onsuz da təzə konstitusiyanın yazılması sözügedən iddiaların oradan çıxarılması deməkdir. Müddətin 2026-cı ilədək uzadılması isə qarşıda baş verə biləcək ciddi proseslərlə bağlıdır. 

 - Hansı prosesləri nəzərdə tutursuz? 
 - Sülhün çərçivə sənədinə imza atılandan sonra Azərbaycan və Ermənistan arasında çox maraqlı gedişlər mümkün olacaq. Cənubi Qafqazda yeni bir formatın - "Qafqaz Evi"nin formalaşması ehtimalı yüksəkdir. Vaxtı ilə Məhəmməd Əmin Rəsulzadə də bu ideyanın tərəfdarı kimi çıxış edib, hətta reallaşması üçün çalışıb. Gürcüstanda da bu ideya qəbul olunub. Ermənistanda da sağlam qüvvələr tərəfindən dəstəklənir. Sülhdən sonra bu proseslər başlayacaq və həm Azərbaycan, həm də Türkiyə üçün əməkdaşlığa start verən Ermənistan üçün yeni konstitusiyanın qəbulu daha asanlaşacaq. 

 - Regionda marağı olan kənar qüvvələr var. Sizcə, Ermənistanı himayə edən Qərb ölkələri, o cümlədən Rusiya "Qafqaz Evi"nin reallaşmasına maneçilik törətməzmi? 
 - 44 günlük müharibədə və ondan sonrakı proseslərdə, atdığımız mühüm addımlarda bizə heç kim mane olmayıb, daha doğrusu, mane ola bilməyib. Azərbaycan istədiyinə nail olub və digərlərinə də bunu qəbul etdirib. Düzdür, Fransa Ermənistana açıq dəstək ifadə edir, zaman-zaman silah-sursat verir, Bakıya təzyiq göstərir, ittiham edir və s. Amma bunun arxasında real addımlar olmayıb. Ermənilərin fransızlara olan ümidləri tamamilə puç oldu. Çünki Paris etiraf etdi ki, İrəvana yardım etmək istəsələr də, əllərindən heç nə gəlmir. Rusiya da Ermənistandan üz döndərib. ABŞ tərəfləri sülhə çağırır. Bu gün Ermənistanın müttəfiqi yoxdur. Bundan sonra da belə olacaq. Dünyada yeni nizamlama, formatlama gedir. Burada Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Zəngəzur dəhlizinin önəmi çox böyükdür. Regionumuz nəqliyyat mərkəzi kimi ABŞ və Avropa üçün olduqca cəlbedici, əlverişlidir. Eyni zamanda Rusiya və Çin üçün də önəmlidir, çünki burada transmilli korporasiyaların maraqları var. Hamının maraqları bu məsələdə üst-üstə düşür. Müharibənin nəticələri də bu səbəbdən müsbət yekunlaşdı. Hələ 2016-cı ildə yazmışdı ki, ABŞ, Avropa və Rusiya üçün Cənubi Qafqaz regionunun nəqliyyat-logistika mərkəzinə çevrilməsi çox önəmlidir və ona görə də münaqişənin Azərbaycanın lehinə bitməsinə etiraz etmirlər. Zəngəzur dəhlizi açılacaq və bunun qarşısını heç kim ala bilməyəcək. 

 - Bütün tərəflər Zəngəzur dəhlizinin önəmini qəbul edirsə, niyə bu məsələ yubanır? Dəhlizin işə düşməsi ilə bağlı konkret zaman, müddət vermək mümkündürmü? 
 - Hamı başa düşür və heç kim inkar etmir ki, Zəngəzur dəhlizi mühüm marşrutdur. Amma söhbət başqa məsələlərdən gedir. Rusiya-Ukrayna arasında müharibə davam etməkdədir. Rusiyanın özündə siyasi dəyişikliklər gedir, enerji münasibətlərinə yenidən baxılır, oliqarxlar çökdürülür, əmlakları müsadirə olunur. Rusiya Şərqi Asiya ilə əməkdaşlığa keçid etməkdədir. Amma bu o demək deyil ki, Moskva Qərbdən üz döndərir. Qərbin özünün müəssisələri, iqtisadi potensialı Şərqdə yerləşir. Qərbdə zavod və fabriklər yox həddindədir. Transmilli korporasiyalar öz istehsalını Hindistanda, Pakistanda, Çində, digər uzaq Şərq ölkələrində yerləşdiriblər. Avropa Qərb üçün sadəcə mal bazarı rolunu oynayır və məhsulların daşınması üçün də Zəngəzur dəhlizi önəm kəsb edir. Enerji marşrutlarının da yenidən qurulması prosesi gedir. Rusiya əvvəllər neft-qaz enerjisini Avropaya yönəltmişdisə, indi qitənin Cənub-Şərq istiqamətinə yönəldir. Bu, iqtisadiyyatın "qan damarları"dır. Hazırda hazırlıq prosesləri gedir. Bir müddət sonra iqtisadi sıçrayış baş verəndə həmin dəhlizlər hava-su kimi lazım olacaq. Yaxınlaşır, amma hələ vaxtı çatmayıb. Zəngəzurdan keçəcək 42 km.lik dəmir yolunu salmaq üçün cəmi 3 ay vaxt lazımdır. İran da dəmiryol xətlərini, limanlarını yeniləyir. Bunların hamısı hazırlıq prosesidir. Təxminən 4-5 il ərzində bu dəhlizlərə böyük ehtiyac yaranacaq. Amma Rusiya-Ukrayna müharibəsi dayanmalı, İsrail-HƏMAS savaşı bitməlidir. 

 - Bəs Azərbaycanla Ermənistan arasında sülhün çərçivə sənədi nə vaxt imzalana bilər? Qarşıdakı ik-üç ayda imzalanma ehtimalı yüksək olaraq qalırmı? 
 - Yüz faiz əminəm ki, qarşıdakı aylarda sülhün çərçivə sazişinə imza atılacaq. Bizdə sentyabrda növbədənkənar parlament seçkiləridir, sonra "Formula" yarışı keçiriləcək. COP29 tədbiri isə noyabr ayına düşür. Böyük ehtimal oktyabrda sülh sazişi imzalanacaq. Hesab edirəm ki, Nikol Paşinyan da Bakıya gələcək. 

 - Paşinyan COP29 tədbiri çərçivəsində, yoxsa ondan sonra gələcək? 
 - Paşinyanın COP29 tədbiri ilə bağlı Azərbaycana gələcəyini düşünürəm. 

 - Ermənistan tərəfi bunu təkzib etdi, konkret nəsə demədi...
 - Mən prosesi belə görürəm və o cür proqnozlaşdırıram. Paşinyanın Bakıya gəlmə, eyni zamanda oktyabrda sülhün imzalanma ehtimalı yüksəkdir. Çünki artıq hamı tərəfləri buna səsləyir və tələsdirir. 

 - Sülh sazişi harada imzalana bilər sizcə? Bunun əhəmiyyəti varmı? 
 - Əlbəttə, bu da maraqlı məqamdır. Məncə, sülh sazişi Almatıda imzalanacaq. Çünki danışıqlar Almatı bəyannaməsinə əsasən aparılır və həmin saziş əsas götürülür. Simvolik olaraq saziş Almatıda imzalana bilər. 

 - Türkiyə-Ermənistan münasibətlərini necə dəyərləndirirsiniz? 
 - Türkiyə Ermənistanla münasibətlərini Bakı ilə koordinasiyalı həyata keçirir. Təbii ki, Ankara-İrəvan arasında əlaqələr formalaşır, danışıqlar gedir. Ancaq proses sülh sazişindən sonra tamamlanacaq. Sazişdən sonra Türkiyə ilə bağlı iddialar da ortadan qalxacaq və Ankara-İrəvan münasibətləri normallaşacaq. Türkiyə və Azərbaycan öz siyasətlərini tandem şəklində həyata keçirirlər. İki proses bərabər gedir. Burada gizli nəsə yoxdur.