"28 illik həsrətimə son qoyuldu"
Məlahət Rzayeva
09:47 09.04.2021
Müsahibə
1053
Afət Telmanqızı: "Atamın məzarını çox axtardım, tapa bilmirdim"
"Bir qohuma zəng etdim, yerini nişan verdi, tapdım. Ziyarət elədim, mənəvi təskinlik, rahatlıq tapdım"
"Ömrümün sonunadək Bəkir Cabbarova borcluyam. Mənə ata məzarını ziyarət etmək imkanı yaratdı"
Bu günlərdə Azərbaycan jurnalistlərinin bir qrupu Qarabağa – Zəngilana səfər edib. Zəngilanın görüşünə gedənlər arasında müstəqil jurnalist, “LAF” internet televiziyasının yaradıcılarından biri, teleaparıcı Afət Telmanqızı da olub. Afət xanım əslən Zəngilan rayonundandı. Onun sosial şəbəkə üzərindən məzarlıqda çəkilmiş foto ilə “Ata, mən gəldim!,,” paylaşımı diqqətimizi çəkdi. Həmkarımızın doğma ata yurdunda keçirdiyi hisslər, qarşılaşdığı mənzərə haqqında öz dilindən eşitmək istədik. Aydın idi ki, çox gərgin bir səfər olub.
Övladın 28 il sonra ata ilə “görüşməsi” müqabilində dünyanın bütün digər həsrətləri sönük qalır. Afət xanımın Zəngilan – Ata həsrəti barədə danışarkən çətinlik çəkməsi tez-tez köks ötürməsindən aydın idi:
- Zəngilan işğaldan azad olunanda keçirdiyim sevinc, qürur hissləri sözlə ifadə ediləsi deyil. Zəngilana ayaq basacağımı biləndə də eyni hissləri yaşadım… Mən hər yay ora gedirdim – nənəmin, babamın yaşadığı rayona, kəndə. Tətil günlərini səbirsizliklə gözləyirdim. Nənəmin, babamın yanına can atırdım. 28 il keçirdi o xoşbəxt günlərimdən. Bilirdim ki, Zəngilan xarabalığa çevrilib, erməni vandalları viran qoyub yurdumuzu. Amma yenə də ümid edirdim ki, salamat qalmış nəsə olar, zədələnməmiş bir ev görərəm. Gördüklərimiz dəhşətin ən son həddidir. Bu barədə çox danışmaq istəmirəm. Hamımız televiziyada izləmişik o görüntüləri. Qarabağa təşkil olunan səfərlər zamanı gedənlər də görüb, fotolar paylaşılıb. Amma yenə də insanın gedib öz gözləri ilə görməsi, viran qalmış yurdların naləsini eşitməsi başqadır. Çox ağırdır, buna dözmək…
Afət Telmanqızı atasının məzarını çətinliklə tapdığını da söylədi:
- Zəngilan mənim uşaqlıq xatirələrimdi, hər şey deməkdi mənim üçün. İnsan doğma Vətənini hansı sözlərlə tərif edə bilər, hansı sözlərlə izah edə bilər?! Orda uşaqlıq xatirələrim, şən, xoşbəxt günlərimin izləri var. Çox təşəkkür edirəm Zəngilan rayon polis şöbəsinin rəisi, Zəngilanın komendantı Bəkir Cabbarova. Bəkir müəllim mənə şərait yaratdı. Təhlükəsizliyimiz təmin olundu və mən ata yurduna gedə bildim. Məzarlığı ziyarət edəcəyimi əvvəldən düşünmüşdüm. Məzarlığı ziyarət etməsəydim, bunu özümə bağışlaya bilməzdim. Yol boyu gedə-gedə düşünürdüm, görəsən, doğmaların məzarlarını ziyarət edə biləcəyəmmi? 28 il idi atamın məzarını ziyarət edə bilməmişdim. Zəngilanın işğalı ilə bizim ziyarət hüququmuzu da əlimizdən almışdılar. Orda ata ocağına getdim, gördüklərimizi lentə aldıq. Qəbiristanlığa getdik. Nənəmin, babamın qəbirləri qəbiristanlığın girişindədi. Adları yazılmışdı baş daşında, ona görə tapmaq çətin olmadı. Amma atamın məzarını çox axtardım… Tapa bilmirdim. Bir qohuma zəng etdim, yerini nişan verdi, tapdım. Ziyarət elədim, mənəvi təskinlik, rahatlıq tapdım. Sadəcə, bunu dedim: ata, mən gəldim… Qəbir dağılmış vəziyyətdədi… İndiyədək həmişə özümü günahkar sayırdım ki, atamı ziyarət edə bilmirəm. Elə bilirdim, günahkaram, atam küsüb məndən, inciyir ki, niyə onu ziyarət etmirəm. Əmimin də məzarını ziyarət etdim. Atamla doyunca danışmaq istəyirdim, olmadı. Vaxt yox idi. Öz-özümə dedim ki, bundan sonra artıq tez-tez gedəcəyəm, atamı ziyarət edəcəyəm. Qəbrin üstünü də düzəldəcəyik. Yaralarımızı sarıyacağıq. Hamımız. İşğal altında qalmış yurdlara dönənlərin hamısı. Danışa bilmirəm, yenə qəhər məni boğur…
Afət xanım özüylə Zəngilan torpağı gətirdiyini də dedi:
- “Zəngilan” deyə-deyə dünyasını dəyişmiş doğmalarım var. Onların məzarına səpəcəm bu torpağı, Vətən torpağına qovuşsun onlar da, rahatlıq tapsınlar.
Afət Telmanqızı Zəngilanın komendantı, Zəngilan rayon polis şöbəsinin rəisi Bəkir Cabbarova bir daha təşəkkür etdi:
- Bəkir müəllim, mənim 28 illik həsrətimə son qoydu. Mənə ata məzarını ziyarət etmək imkanı yaratdı. Ömrümün sonunadək ona borcluyam.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə