"Çalışmaq lazımdır ki, münaqişənin iştirakçıları artmasın. Çünki münaqişənin genişlənməsi müsbət heç nə vəd etmir"
Yaxın Şərqdə gərginliyin artması və ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçməsi regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Hərbi əməliyyatların mümkün müddəti, Hörmüz boğazı ətrafında yaranan vəziyyət, eləcə də münaqişənin regional müharibəyə çevrilmə ehtimalı geniş müzakirə olunur. Mövcud prosesləri və perspektivləri Sherg.az-a şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov intensiv əməliyyatların mümkün davametmə müddəti, ABŞ-İsrail münasibətləri və ərəb ölkələrinin vahid hərbi qüvvə yaratmaq ideyasının real olub-olmaması barədə fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik:
- İntensiv hərbi əməliyyatların nə qədər davam edəcəyini gözləyirsiniz?
-İntensiv hərbi əməliyyatlar təxminən 2-3 həftə davam edə bilər. Lakin bu əməliyyatların dayandırılması heç də sülhün əldə olunması demək deyil.
-İsrailin baş naziri Benjamin Netanyahu ilə ABŞ-nin prezidenti Donald Tramp arasında iddia edilən gərginliyin ABŞ-İsrail müttəfiqliyinə mənfi təsir göstərə biləcəyi barədə fikirlər var. Sizcə, bu mümkündürmü?
-Xeyir, bunun ciddi təsiri olacağını düşünmürəm. Belə məsələlərə görə ABŞ ilə İsrail arasındakı müttəfiqliyin sarsılacağını hesab etmirəm.
-ABŞ-nin Hörmüz boğazına 5 min nəfərlik xüsusi qüvvə göndərəcəyi ilə bağlı iddialar var. Bu qüvvələrin gəlişindən sonra boğazın Amerikanın nəzarətinə keçməsi ehtimalı varmı?
-Bunu əvvəlcədən söyləmək çətindir. Lakin Hörmüz boğazına tam nəzarət etmək üçün 5 minlik canlı qüvvə kifayət deyil. Burada hərbi gəmilər, hava qüvvələri və digər hərbi imkanlar olmalıdır. Eyni zamanda boğazdan keçidi məhdudlaşdıra biləcək raket və digər qurğuların da zərərsizləşdirilməsi lazımdır. Sözügedən canlı qüvvə əsasən adaları nəzarətə götürə bilər ki, bu da mühüm əhəmiyyət daşıyır. Amma belə bir əməliyyatın baş tutub-tutmayacağını indidən demək çətindir.
-Müharibənin gedişatı ilə bağlı nə düşünürsünüz? Baş verənlərin regional münaqişəyə çevrilmə riski varmı?
-Ətraf ölkələr - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan, Pakistan və digərləri hərbi münaqişəyə qoşulmaq həvəsi nümayiş etdirmirlər. Savaşa qoşulan tərəflərin sayı hələlik məhduddur. Bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran dayanır. Çalışmaq lazımdır ki, münaqişənin iştirakçıları artmasın. Çünki münaqişənin genişlənməsi müsbət heç nə vəd etmir.
-Ərəb Dövlətləri Liqası İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr fonunda ümumərəb silahlı qüvvələrinin yaradılması ideyasını müzakirə edir. Bu ideyanın reallaşması mümkündürmü?
-Belə bir deyim var: “Ərəb ölkələri razılaşıblar ki, heç vaxt razılaşa bilməyəcəklər”. Ona görə də bəyanatlardan çox real addımlara baxmaq lazımdır. İndiyədək bu istiqamətdə edilən cəhdlər ciddi nəticə verməyib. Ona görə də yaxın perspektivdə belə bir qüvvənin formalaşacağı inandırıcı görünmür.